Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?
Digər
26 Sentyabr 2017 11:12

Zahir Əzəmət Rasim Qaracanı necə söydürdü?


 

Təxminən  10 il bundan öncə Zahir Əzəmətin mənimlə etdiyi zarafat heç yadımdan çıxmır. Hər dəfə öz hərəkətimə doyunca gülürəm və bir az da peşiman oluram.

 

Zahir Əzəmət “Alma” qəzetində işləyirdi. Qəzet geniş oxucu kütləsi qazanmışdı. Bir gün mənə zəng elədi ki, bəs Rasim Qaraca sənin haqqında ittiham dolu yazı göndərib. Redaksiya üçün maraqlıdır ki, sənin də fikirlərini öyrənək.

 

- Raim Qaraca nə deyib mənim haqqımda?

 

- Guya sən Hollandiyaya - Beynəlxalq Poeziya Festivalına getməmisən. Qaçıb  kənddə gizlənmisən, 15 gün keçəndən sonra  şəhərə gəlib qəzetlərə müsahibə vermisən.

 

Əvvəldən Rasimlə aramız yox idi. Belə ki, Rasim  turşməzə, qarayayovuşmaz adamdır. Tək gəzib dolanmağa meyillidir. Mətbuatda dəfələrlə atışmamız olub.   Hələ  Beynəlxalq  Poeziya tədbirinə qatılmağımı eşidəndə  Rasim  Qaraca yazırdı ki, Qəşəmin şeirlləri zəifdi. Ya onu yaxşı tərcümə eləyiblər, ya da  Avropa  şeiri qanmır. Mən də əlüstü ona cavab yazdım ki, Rasim Qaraca, əvvəla, şeiri yaxşı tərcümə eləyərlər, burda pis nə var?! İkinci, Avropa şeiri  yaxşı qanır,  başa düşməyən sənsən. Üçüncüsü də, sən  “ya, ya da  bağlayıcısını işlətməklə Cəfər Cabbarlının “Almaz” əsərindəki mamaçanı xatırlatdın mənə. Deyim bir də eşit. Qıy çıxardırlar ki, Almazın əri olmaya-olmaya uşağı olub. Aləm dəyib bir-birinə.  Guya uşağı da kəndin mamaçası tutub. Bu vaxt Almaz haqlı olaraq  mamaçaya deyir ki, de görüm, uşaq oğlandı, ya qız”. Mamaça bilmir nə desin. Əlacsız qalan mamaça nə desə yaxşıdır? Ya oğlandı, ya da qız.

 

Bu xatirəni qatlayıb qoyaq bir tərəfə. Zahir telefonun o başında məni gözləyir.  Dedim Zahir, yaz. Rasim Qaraca haqqında ən kəskin fikrlərimi dedim. Şeir oğurluğundan tutmuş at oğurluğuna qədər ürəyimdə nə vardı hamısını  yazdırdım Zahirə. Rasim haqqında bir xatirəni də  yazdırdım. “Ədalət” qəzetində 4 səhifəlik  “Pərvanə” buraxılışını apardığım vaxtlardı. Qarlı bir gün idi. Avtobusla nəşriyyata gedirdim. Birdən Rasimi dayanacaqda gördüm. O, avtobusun şüşəsindən əllərini silkələyərək məndən nəsə soruşurdu. Əl hərəkətləri nəsə bir rəqəm soruşmağa  uyğun gəldiyi üçün mən də sağ əlimi  geniş açıb, ona beş barmağımın hamısını göstərdim. Yəni beş. O da əlini ürəyinin başına qoyub  mənə  “sağ ol” işarəsi verib getdi.

 

Sabah Rasim Qaraca yazacaqdı ki, Rəsul Rzanın “Lenin” poeması müəllifin beş cildliyinə salınıb.

Sən demə,  Rasim mənə bu sualı verirmiş ki, Rəsul Rzanın “Lenin “ poeması şairin hansı cildindəndir?  Mən də  “beş” demişəm. Halbuki beşinci cilddə belə bir əsər yox idi. Demək istəyirəm ki, Rasim faktlara belə səhlənkar  yanaşan adamdı.

 

Zahirə bu xatirəni də danışandan sonra xudahafizləşdim. Amma ürəyim soyumadı. Hollandiyada  çəkdirdiyim şəkilləri, lentləri, orda çıxan kitablarımı götürüb getdim “Alma” qəzetinə -  Zahir Əzəmətin yanına.

Burda da başladım od püskürməyə. Gördüm, Zahir gülümsünür. Dedim, nəyə gülürsən?

 

- Bu gün  ayın neçəsidir, Qəşəm?

 

- Aprelin biri.

 

- Bu gün sənin ad günün olmaqla bərabər, həm gülüş günü, həm də aldatma günüdür. Səninlə  bir balaca  zarafat elədik.

 

Qolum boşaldı. Sənədlər əlimdən yerə düşdü.

 

Aprelin 1-i  doğum günüm olduğu üçün, onun gülüş günü və ən başlıcası, aldatma günü olduğu həmişə  yadımdan çıxır.

Tanınmış  yazıçımız Aqil Abbas da aprelin 1-də anadan olub. Zahir ona da bir sorğu göndərib. Guya Aqil Abbasın yaxın bir dostu (özü də hacı) deyib ki, Aqil Abbasın ədəbiyyata dəxli yoxdur.

Aqil Abbas da ona  dişinin dibindən çıxanı deyib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 oktyabr

Astroloji proqnoz - 17 oktyabr

17 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...