Eşitmə qüsurlu gənc: "Mən öz dünyamda xoşbəxtəm"
Ölkə
4 Oktyabr 2017 10:16

Eşitmə qüsurlu gənc: "Mən öz dünyamda xoşbəxtəm"


Bakı. 4 oktyabr. REPORT.AZ/ “Mən də öz dünyamda belə xoşbəxtəm. Bu da mənim həyatımdır”. Eşitmə və danışma qüsurlu, 21 yaşlı Ümid Həmidli “Report”un əməkdaşı ilə söhbətində deyir bunları.
Yazımın qəhrəmanı Azərbaycan Dövlət Pedaqoji Kollecinin IV kurs tələbəsidir. O, rəsm müəllimliyi ixtisası üzrə təhsil alır.
Ailəsinin ilk övladı olan Ümid iki yaşında antibiotik vurulandan sonra eşitmə qabiliyyətini tamamilə itirib. Valideynlərinin dediklərinə görə, o, iki yaşına kimi yaşıdları kimi bəzi sözləri səsləndirə bilirmiş. Hazırda isə onun eşitmə qüsuru 4-cü dərəcəli, yəni tamamilə yox səviyyəsindədir.
Ümid qulağındakı aparat vasitəsilə yüksək tonlu səsləri eşidə bilir
Müsahibimlə danışanda onun qulağında aparat var idi. Məlum oldu ki, həmin aparatın vasitəsilə yüksək tonlu səsləri eşidə bilir. Yəni evdə kimsə olmasa, qapı döyüləndə gedib aça bilər. Ümidin qulağı eşitməsə də, güclü hissiyyatı var. O, yaza və oxuya bilir, amma telefonda mesaj yazanda, adətən, bacısının köməyindən istifadə edir. Çünki cümlələrdə qrammatik səhvlərə yol verə bilir.
Ümid inklüziv təhsil (sağlamlıq imkanları məhdud olan uşaqlar üçün) alıb. Amma bu yaşına kimi işarələr dilini (jestika) öyrənə bilməyib. Buna baxmayaraq, jestlərdən az da olsa istifadə edə bilir. Bunu da kollecə daxil olduqdan sonra tələbə yoldaşları öyrədib. Amma müsahibim jestlə danışmağı tam səlist bilməsə də, dodaqdan oxumağı bacarır. Təbii ki, bəzi sözləri anlamaqda bir az çətinlik çəkir.
Ailənin daha iki övladı da var. Ancaq onların səhhətində hər şey qaydasındadır. Ailədə Ümidlə ən çox anası və bacısı ünsiyyətdə olur. Hətta bacısı Nuray da Ümidlə birlikdə jest dilini öyrənməyə çalışır.
Anası Aybəniz Həmidova oğlu bu xəstəliyə tutulan gündən onun eşidən qulağı, danışan dili olub. Ümid əksər yerlərə də anası ilə birgə gedir. Anası oğlunun təkbaşına da öz işlərini görə bildiyini deyib: “O, təkbaşına getdiyi yerlərdə də baş çıxara bilir”.

Hər zaman müəllimi onu uşaqlara misal çəkib...
Ümidlə danışmağa çalışdım, bacardığı qədər fikirlərini ifadə edir. Kollecdə dərslərinin çox yaxşı olduğunu çətinliklə də olsa diqqətimizə çatdırır (danışıq qabiliyyəti yaxşı olmadığından fikrini tam rahat şəkildə çatdıra bilmir). Hətta tələbə yoldaşları ilə əlaqələri də əladır. Müəllimləri də tələbələrə hər zaman Ümidi örnək göstərirlər. Orta məktəbdə bütün məllimlər də ondan razılıq edirmişlər. 15 vərəqlik şeiri əzbərləyib danışa bilirmiş. Müəllimi də onu uşaqlara hər zaman misal çəkirmiş.
Hazırda rəsm müəllimliyi üzrə təhsil aldığından gözəl əl işləri var. Uşaqlığından şəkil çəkməyə marağı var. Özü də solaxaydır. Adətən, belə insanların fitri istedada malik olduğunu deyirlər. Əl işlərinin əksəriyyəti kollecdə çərçivəyə salınmış formada saxlanılır. Əslində Ümid daha çox vizajist olmaq istəyir. Hətta bəzən anasının makiyajını özü edib. Ancaq atası qadınlarla işləməsinə qarşı çıxdığından hazırda bərbərlik kurslarına gedir. Rəssamlıqda pul olmadığından bu sahəni istəmir. Ümidin gələcək arzusu bərbər olmaq, evlənmək və özünə maşın almaqdır.
Ümid bir az qısqancdır. Kollecdə qızların çox güldüklərini deyir. Hazırda sevdiyi biri olmasa da, anası onun idealı olduğu üçün gələcəkdə sevəcəyi qızın da anası kimi hicablı olmasını istəyir.


“Ümidin dilindən ilk və son dəfə eşitdiyim “Ana topu at” sözü olub”
Anası “Ümidin dilindən ilk və son dəfə eşitdiyim “Ana topu at” sözü olub. Bundan sonra geriləmə başladı”, - deyərək acı təəssüf hissi ilə oğlunun 5-ci sinfə kimi özünün niyə belə olduğunu soruşduğunu qeyd edir. Aybəniz xanım zamanla övladını başa salaraq onu sakitləşdirə bilib. Oğlu isə zamanla özünün belə xoşbəxt və yaxşı olduğunu deyir.
Qəhrəmanımın əsas sirdaşı anasıdır. Çünki evdə kimsə onu başa düşməyəndə övladını dinləyib. Ana-bala tək oturub dərdləşəndə gənc həmsöhbətim anasının pis olmaması üçün əlindən gələni edir. Hətta ona təsəlli də verir ki, necə eşidib danışaraq həyatına davam edirsə, Ümid də bu şəkildə özünü yaxşı hiss etdiyini, bunun da onun dünyası olduğunu deyir.

Eşitmə şansı var, amma maddi imkan yoxdur

Aybəniz Həmidova övladının belə olmasını Allahın ona verdiyi sınaq kimi dəyərləndirir və heç bir narazılığının olmadığını söyləyir: “Bu günə qədər mənə bir dəfə də olsa, “of” dedizdirməyib. O mənim səssiz dünyamdır”.
Ümid iki ildən çoxdur namaz qılır. Bunu da özü istəyib. Əgər eşitmə imkanı olsa, ilk olaraq anasının onu adı ilə çağırmasını istəyir. Hətta əməliyyatla onun eşitmə şansı yüksəkdir. Ancaq ailənin maddi imkanı yaxşı olmadığından buna imkanları çatmır. 
















loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...