Azərbaycanlı traktorçunun oğlu Dağıstana rəhbər gəlir - Səbuhi Məmmədli yazır...
Digər
4 Oktyabr 2017 15:12

Azərbaycanlı traktorçunun oğlu Dağıstana rəhbər gəlir - Səbuhi Məmmədli yazır...


 

69 ildən sonra 68 yaşlı Azərbaycan kökənli şəxsi Dağıstana rəhbər vəzifəyə gətirirlər. Daha doğrusu, Rusiya prezidenti Vladimir Putin bu barədə qərar verdi dünən. Vladimir Vasilyev adlı keçmiş polis generalını Dağıstan Respublikasına başçı vəzifəsinə təyin etdi.

Sonuncu dəfə Dağıstanın azərbaycanlı rəhbəri Əziz Əliyev olmuşdu. 1945-ci ildən 1948-ə qədər. Ötən 69 il ərzində Dağıstana 3 xalqın nümayəndəsi rəhbərlik edib əslində. Ya avarlar, ya darginlər, ya da kumıklar. Budur, Ramazan Abdulatipovun istefasından sonra hamının Dağıstan rəhbərliyinə ləzgi Sergey Məlikovun və ya dargin Maqomedsalam Maqomedovun gətiriləcəyini düşündüyü halda, Putin bütün proqnozları alt-üst etdi: “Dağıstana Vladimir Vasilyev rəhbərlik edəcək”.

 

Hə, dərbəndli azərbaycanlı Əbdüləli Hüseynovun oğlu Vladimir.

 

Vladimir və Vasilyev adları sizlərdə çaşqınlıq yaratmasın.  Bu məqama qayıdacağıq. Hələliksə 70 il əvvələ dönək...

 

***

 

25 yaşlı Əbdüləli müharibədən təzə qayıtmışdı. Elə vətəndaşı olduğu ölkə də müharibənin ağrı-acısını təzə-təzə unudurdu. SSRİ dağılmış ərazilərini bərpa etmək niyyətindəydi, təbii. Amma 30 milyon insan itirən bu dövlətdə müharibənin dağıtdığı əraziləri bərpa etmək üçün işçi qüvvəsi çatışmırdı. Ona görə də müharibənin ziyan vurmadığı bölgələrdən, ziyan görən şəhərlərə kütləvi insanlar köçürməyə başladılar. İşçi və ən əsası, mütəxəssis çatmadığından əyalətlərdən belə fəhlələrə ehtiyac vardı.

 

Əbdüləli də bu çağırışa səs vermişdi. Ata-anasıyla sağollaşıb, üz tutmuşdu Moskva vilayətinə, daha doğrusu Klinsk şəhərinə. Bu şəhərdə traktorçu işləyirdi.  

 

...Günlərin bir günü  elə həmin şəhərdən olan Nadejda İvanovna Vasilyevayla tanış olur. 19 yaşlı bu qız da ilk baxışdan vurulur bizim bu Əbdülə. İlk tanışlıqdan 6 ay sonra gənclər evlənmək qərarına gəlirlər. Bir il sonra isə ailədə ilk övlad dünyaya gəlir. Adını Alik qoyurlar.

 

Alik 1 yaşına çatanda isə Əbdüləli vətəninə, Dərbəndə qayıtmaq fikrinə düşür. Nadya da etiraz etmir. “Moskva-Bakı” qatarı onları düz Dərbəndədək gətirir. Amma…

 

...Hə, əsil mərəkə də bundan sonra başlayır. Mühafizəkar Hüseynovlar ailəsi bu “kafir qızını” qəbul etmək istəmir. Hətta evə belə buraxmırlar. Əbdüləli ailəsiylə bir müddət qohumlarıgildə qalır. Amma ata-anası burada da onlara göz verib, işıq vermir. “Bu qızı təcili boşa, başı bağlı müsəlman qız al, yoxsa bizim oğlumuz deyilsən”.

 

 Gənc ailə çar-naçar yenidən Klinskə qayıdır. Amma Əbdüləli Klinskdə çox qalmır. Oğlu Alikin üzündən öpüb, qayıdır Dərbəndə.

 

Nadya Aliki tək böyüdür. Əvvəlcə adını dəyişir, Vladimir qoyur, sonra isə familiyasını. Öz soyadına keçirir. Hüseynov Alik dönüb olur, Vladimir Vasilyev.

 

İki ildən sonra isə Nadejda yenidən ərə gedir. Qazax Asanbaev Ali Asanbayeviçə. Elə Əbdüləli də evlənir. Başqa uşaqları dünyaya gəlir. Klinskdə olduğu kimi, Dərbənddə də traktorçu işləməyə davam edir. Əbdüləli Dərbənd şəhərində 5-ci mahalda yaşayırdı. Hamı onu zəhmətkeş fəhlə baba kimi tanıyırdı. Elə  oğlu Kamil də sadə peşə adamyıdı, elektrik işləyirdi. O biri oğlu İsmayıl da onun kimi.  

 

Amma Alik, daha doğrusu Vladimiri bütün Rusiya tanıyacaqdı…

 

...Ən böyük arzusu milis olmaq idi. Əvvəlcə SSRİ DİN yanında milis məktəbini bitirir. Sonra isə SSRİ DİN akademiyasını.

 

1972-1983 Moskva milisində məsul vəzifələr tutur. 1987-ci ildə isə Moskva milisində rəhbər vəzifəyə gətirilir. 1991-1992-ci illərdə Rusiya DİN-də idarə rəisi təyin edilir. Daha sonra Moskva şəhər milisində qərargah rəisi vəzifəsini tutur.

 

26 aprel 1997-ci ildə Rusiya daxili işlər nazirin müavini təyin olunur. Bundan sonra onun vəzifə irəliləyişi Putinlə bağlı olur.

 

31 may 1999-cu ildə Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilir. Bu vəzifədə 2001-ci ilə qədər qalır. Daha sonra yenidən DİN-ə qayıdır. Nazir müavini kimi.

 

Onun həyatında ən böyük uğurlarından biri də məşhur “Nord-Ost” əməliyyatıyla bağlıdır. Çeçen terrorçular 2002-ci ilin oktyabrında Moskvada yerləşən Dubrovka Teatr Mərkəzini tutub tamaşaçıları girov götürəndə, məhz danışıqlara o getmişdi. Neçə-neçə girovun azad olunmasına çalışmışdı. Bu hadisədən sonra isə peşəkar karyerasına son qoymuşdu. Namizədlik dissertasiyası yazmışdı. Uğurla müdafiə etmişdi.

 

***

 

Amma tale onu siyasətə gətirib çıxarmışdı. Hakim “Yedinaya Rossiya”nın sıralarından bir neçə dəfə Dumaya deputat seçildi. Dumada bu partiyanın fraksiya sədri oldu. Duma sədrinin müavini vəzifəsini tutdu. İndi də Dağıstana rəhbər göndərilir.

 

Anasından və atasından fərqli, bir dəfə ailə qurub. Xanmı Lyudmila Dmitriyevna Odintsova iqtisadçıdır. Qızı Yuliya da onun kimi.

 

 

“Atasının onu atmasına baxmayaraq, Vladimir Dərbəndi və onu unutmayıb. Bir neçə dəfə bu şəhərə gəlib, traktorçu atasıyla görüşüb. Ögey qardaşı Kamillə - hansı ki indi təqaüddədir - hələ də əlaqə saxlayır. Başqa bir ögey qardaşını, İsmayılı isə Sankt-Peterburqda işə düzəldib. O, Dərbəndi çox sevir”.

 

Bunu bizə Dərbənddə yaşayan həmkarımız Telman Tahirli deyir. Telman onu da deyir ki, Əbdüləli kişi bir neçə il əvvəl vəfat edib. Alik Atasının dəfninə isə gələ bilməyib. Amma sonradan ögey qardaşlarına baş sağlığı verib.

 

…İndi isə özü şəxsən gəlir…  

 





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...