Tünzalə Ağayeva: “Onu gömədiyimiz varlıqlar incidirdi, tanıyanda şoka düşmüşdüm” - MÜSAHİBƏ
Digər
4 Oktyabr 2017 17:23

Tünzalə Ağayeva: “Onu gömədiyimiz varlıqlar incidirdi, tanıyanda şoka düşmüşdüm” - MÜSAHİBƏ


“Ağıllı adam illərcə sədaqətindən, vəfasından əmin olduğu insanı qoyub, başqasını axtarmaz. Dostun köhnəsi olmur, güvən də oradan başlayır”.

Bu sözləri Publika.az-aƏməkdar artist Tünzalə Ağayeva deyib.

Müğənninin saytımıza geniş müsahibəsinini ikinci hissəsini təqdim edirik:

Əvvəli bu linkdə:

Tünzalə Ağayeva onu silkələyən EŞQDƏN DANIŞDI: “Onu Bakıdan uzaqlaşdırdım” - MÜSAHİBƏ/FOTO

- Tünzalə özündə daha çox Sezeni, yoxsa Uitni Hyuston görür?

- Vay! Çox qəribədir, elə bir adlar çəkdiniz ki, onlardan çox dəstək almışam. Hər ikisi çox maraqlı və ağıllı qadınlardır. Onlar mənəvi müəllimlərimdir. Baxmayaraq ki, Sezenlə canlı görüşümüz və ünsiyyətimiz olub. İfaçı kimi bir az Uitni olsam da, o, mənim üçün çox yuxarıdadır. Eləcə də Sezenin bəstəkar düşüncəsi, türk mental musiqisini mükəmməl istifadə etməsi, özünəməxsusluğunu qoruması məni valeh edir. Bütün uğur da buradadadır. Artist belə olmalıdır! Azərbaycan musiqisində də ustad, sənətkar dediyimiz şəxslər hamısı başqasına bənzəmirlər. Tərəzinin bir gözündə özəllikdir, digərində kütləvilik. Çalışıb kütləvi tərəfdə olmaq lazım deyil. O da yəqin ki, çalışmaqla deyil, elə doğulmaq lazımdır. İndiyədək onlardan dərs alıram, amma heç vaxt oxşamaq istəməmişəm. Amma siz kənardan bir jurnalist kimi kənardan baxıb, taktikaların, məntiqin, üslubun bənzər olduğunu görəcəksiniz. Bax elə bu məqamda musiqinin dilinin, dininin, irqinin olmadığı üzə çıxır.

- Dediniz ki, hər şeyə şükür edirəm. Allaha bağlılığınızı kənara qoysaq, səhnə öncəsi inandığınız batil inanclarınız var?

- Məşhur Stiv Vanderin “Superstition” mahnısında məhz bu haqda bəhs edir. Ancaq belə şeylərə inanmıram. Gün ərzində nəzarət edirəm ki, Rəbbimlə kontaktımda vəziyyət nə yerdədir? İnsan və Allah anlayışı var. Bu adama görə dəyişir. Bu iki insanın biri-birinə bağlılığı kimidir. İnsan var ki, sən onunla tez-tez görüşürsən, ancaq hər şeyi paylaşa bilmirsən. Eləsi də var ki, illərlə onu görmürsən, lakin bütün dərdlərini bölüşürsən. Göz və nəfsdən başqa heç nəyə inanmıram. Ən böyük güc Allahdan gəlir, ondan uzaq düşən kimi özümü içi boş hiss edirəm. Filan qonşu qabağıma çıxdı, qarşımdan pişik keçdi kimi hadisələrə fikir vermirəm. Çalışıram qarşısına çıxdığım auditoriyanın pozitiv enerjisini götürüm. Hərdən neqativi də görürəm.

- Qıcıq yaradan çıxışlarınız, yaxud simanız yoxdur. Yəni, sizə də qarşı neqativ nəsə olur? Mən inanmıram...

- Niyə ki? Yaxşı bir söhbət var, deyir “Dollar deyiləm ki, hamı sevsin”. O, necə məni sevmir, artıq orasını özü bilir. Mənə hərdən yazırlar ki, “Biz qıcıqlandırırsınız, həddindən artıq yaxşı vəziyyətdəsiniz”. Onlar məni ideal görür, ancaq ideal deyiləm.

Sizə bir söz də deyim, sosial mediadakı artistlərlə, həyatdakı artistlər çox fərqlənir. Günümün ən yaxşı tərəflərini izləyicilərlə bölüşürəm. Təsəvvür edin, Tünzalə Ağayevanın səhifəsi bunlardan ibarətdir: “Bu gün qonşu mənim başıma su töküb”, növbəti gün “Maşınım təkəri yolda partladı”, “Bu gün məni filankəs ağlatdı” və s. (gülür).

- Müğənnilər var belinə “banka” qoydurub, yazır ki, “Bu gün soyuqdəyməm” var...

- “Çox sağ olun, bu gün mənə yazdınız və dəstək oldunuz” yazıb, sistem qollarında şəkillərini paylaşırlar. Siz heç təsəvvür etmirsiniz ki, bir saat öncə nə vəziyyətdə idim. Ürəyimdə problem vardı. Yaşadığım stressli həyat artıq tez bir vaxtda ürəyimə təsir edir. Dostlarınız var, sizə dəstək olanlar var. Niyə mənfiləri paylaşaq ki? Yəni, nə dəyişəcək?

- Belə bir məsəl də var ki, “Qarnınızı elə yerdə ac göstərin ki, orada sizin qarnınız doysun”...

- Doğru məsəldir. Bəlkə də mənim sənətim olmasa, düşünərdim ki, neyləyim gündəmdə qalım? Qadın neyləyə bilər? Ya soyunmalıdır. Bunu da mən bacarmıram. Özümü çərçivələyirəm. Təbii ki, qadın azad ola bilər, ancaq bu, azadlıq ona yaraşacaq, keyfiyyətini öldürməyəcək tərzdə olmalıdır. Mən tərəziyəm. Bir gözümdə azadlıq, digərində çərçivə var. Bunun orta yolunu tapmaq lazımdır. Ağlamağa ehtiyacım olmadığı üçün hesab edirəm ki, səhifəmdə pozitiv, səliqəli, gözəl Tünzalə görünməlidir.

- Həyatdakı ən böyük qorxunuz nədir?

- Özümü itirməkdən qorxuram. Özüm sözü ciddi bir məsələdir. Həyatdakı arzum özümü tanımaqdır. Daha çox inkişaf etmək istəyirəm. Hədəfim kamilləşməkdir. Qorxum da onu əldə etməməkdədir. Qorxum yarıyolda dayanmağımdadır. Mənə elə gəlir ki, Allah insana iradə veribsə, kamilləşmək əlimizdədir. Qismət və taleyi biz yazırıq.

- Bir kişinin və ya qadının gözəlliyindən təsirlənib, mahnı yazdığınız olub?

- Zahirdən ilhamlanıb yazmamışam, ancaq mənəviyyatına vurulduğum insanlar olub, onlara mahnı həsr etmişəm. Elə düşüncə sahibləri olub ki, onlardan təsirlənərək bir yerlərə gəlmişəm.

- Tək qadın olaraq ailənin yükünü çiynində daşımaq asan iş deyil. Bu illər ərzində sizə dəstək verən, yanınızda yer alanlar kimlər oldu?

- Əlbəttə ki, yalnız insan bir şey deyil, hamıya etibarlı və sədaqətli dostlar arzu edirəm.

- Tünzalənin xəyalındakı əsl kişi modeli necədir və Azərbaycanlı kişilərdə hansı xüsusiyyəti görmək istəyərdiniz?

- Vay, vay, vay! (gülür). Necə ciddi bir məsələyə toxunmusunuz. Conni Deppin bir sözü var “Kişinin dəyəri, sözünün dəyəri qədərdir”, bu mövzu xeyli müzakirə edildi. Kişi gücündə kişi olmur, sözündə güclüdürsə. Kişi qoruyucu məfhumdur. Mənəviyyatı güclü olmalıdır. Qayğını, çətinliyi, məsuliyyətli, həssas və diqqətcil olmağı son gücünə qədər çiynində daşımağı bacarmalıdır. Gəlin axtaraq, tapaq. Bu, günümüzdə necə nadir tapıntı olar (gülür). Zarafatla deyirik, amma ciddi problemdir.

Sadalıdığım nüanslar qadınlara da aiddir. Həyatda özüm üçün kişiləşmiş qadınam. Övladım üçün həm ata, həm anayam. Elə anlar olur ki, atanın əvəzinə söz demək olmur. Həmin psixologiya ilə yanaşmaq isə çox çətindir. Nəticədə sən qadınsan. Səndə kişi məntiqi yoxdur. Lakin qadının nəyə ehtiyacı var? Qadın qarşısında iradəsi, vicdanı şəffaf, ləyaqətli olan birini görmək istəyir. Vicdan Allahın çalışdığı yerdir. Biz niyə bu gün rahatca söz verib, arxasından qaça bilirik? Çünki dünyamız tərs gedir, paxıllıq və neqativ çoxdur. İnsanlar arasında güvən itib, çox mənfəətcil olublar, işləmək istəmirlər, amma böyük qazanclar istəyirlər. Sözlərinin arxasında durmayıb, böyük sözlər danışırlar.

- Hazırkı statusunuz, durduğunuz yer və maddiyyatla bağlı olaraq, sizə yaxınlaşmaq istəyən insanlar çoxdur. İnsanların niyyətini ayırd edə bilirsiniz?

- Çalışıram insanın özünə dəyər verim, statusundan asılı olmayaraq. Elə insanlar var ki, anlayırsan onun qarşısında necə olmalısan. İnsan gərək öz səviyyəsində olanlarla münasibət qursun. Təbii nə xoş ki, statusca böyük olan biri sənə yaxınlaşıb tərifləyir və s. Bunları yaşamışam və elə insanlar olublar ki, onların sözlərinin qarşısında ərimişəm. İnsanlar olur ki, özlərini fərqli şəkildə təqdim edir. Amma maska deyilən bir şey var. Müəyyən bir məqamda o, özünü büruzə verir. Ağıllı adam illərcə sədaqətindən, vəfasından əmin olduğu insanı qoyub, başqasını axtarmaz. Dostun köhnəsi olmur, güvən də oradan başlayır.

- Bəstələdiyiniz mahnılar sizi dünyaya çıxara bilmir. Ümumiyyətlə, dünyaya çıxmaq üçün necə bəstəkar, necə müğənni olmalısan? Məsələn, Tarkan müsəlmandır, türkdür, amma dünyada məşhurdur.

- Dünyaya çıxmaq üçün prodakşnlar lazımdır. Yüz il bundan öncə ölkədə gözəl bir səs dünyaya gəlirdi və hər tərəfə yayılırdı. Ancaq indi bu, nə qədər asan olsa da, bir o qədər çətindir. Çünki, lazımlı və lazımsız informasiyalar çoxdur və qaynayır. Əti qaynadanda isə üzə həmişə çirkab çıxır. Üzdə isə kəf olur (gülür). İstənilən türk və rus artistlərinin adını çəksək, onlar musiqi bazarında Amerika və İngiltərə müğənniləri kimi dünyaya diqtə edə bilmirlər. Hazırda bu iki ölkə arasında rəqabət gedir. O rəqabət ki, Adel bütün mükafatları toplayır və başlayır Beyonsun qarşısında “Sən Allah bağışla, bütün mükafatları mən götürdüm”. Bunların hamısı siyasətdir. Onları yönəldən arxalarında maddi və siyasi gücün olmasıdır. Dünyaya tanınmaq üçün saat 10-cu punktda dayanır. İlk öncə sənin coğrafi kimliyin gəlir. Bu gün bütün dünyada Amerika müğənniləri tanınır. Niyə Türkiyə və ya Afrikadan tanınan ifaçı yoxdur? Tarkan belə o boyda siyasi, maddi güclə və prodakşnla çox irəli gedə bilmədi. Baxmayarq ki, Barış Mançodan sonra dünyada ən çox tanınan ikinci türk müğənnidir.

- Türkiyəyə çıxmaq istədiniz. “Hisar” adlı mahnı, klip də oldu. Amma alınmadı. Niyə?

- Məni Türkiyəyə çox şey bağlayır, ancaq oraya pul tökmək istəyində deyiləm. Onlar kənardan gələn ifaçını bir yerdə saxlayırlar. Bizə müştəri gözüylə baxırlar. Onlar sənə deyir yaxşısan, əlasan, supersən, ancaq biz istədiyimiz, layiq gördüyümüz yer buradır. Sən burada olmalısan. Niyə onlara pulumu yedirdim?

Düzdür, oradakı tamaşaçıların üçün bu gün çox sürprizlər hazırlayıram. Orhan Veli, Aşık Veysel, Ahmet Kutsi Tecer, Ahmet Kutsi Tarancı kimi şairlərdən musiqilər bəstələmişəm. Onları isə burada təqdim edəcəm.

- Bir müsahibənizdə Suranın ölümü ilə bağlı çox kaşkilərinizin olduğunu bildirdiniz. Bu kaşkilər nə ilə bağlı idi?

- O qədər spesifik bir qız idi. Elə bir saf varlıq görməmişdim. Nur içində yatsın. Elə bil kosmosdan gəlmişdi. O, otururdu, özünə yer tapa bilmirdi. Sanki nələrdənsə, qorxub-gəlmişdi. Çox mərhəmətli, mülayim, insansevər idi. Anası mənə deyirdi ki, o, həmişə bir əşya, bir geyim ilə yetinən qız idi. Doğum günündə zorla bir köynək alırdım, bəyənirdi. Səhəri baxırdım ki, qonşu qızın əynindədir. Kaşkilərimin tək səbəbi ona vaxt ayıra bilməməyim idi. Deyirdi “Hocam, vaxt edin görüşək”. Mənsə söz verdim ki, “Sura gələcəm, mütləq görüşək”. Ancaq elektron poçtuma bu xəbər gələndə, çox pis vəziyyətə düşdüm.

- Deyilənlərə görə, Sura sizə “Hər gecə məni aparmağa gəlirlər” deyirmiş...

- Onun qəribəlikləri var idi. Onları sonadək anlaya bilmədim. Söhbət edirdik, ağlayırdı, halı dəyişirdi. Deyirdim gəl nə olar danışaq. Ən “saçma-sapan”, ən dəxlisiz saydığın bir şey varsa, de mənə, rahatlaş. Elə hallarda görüşmüşəm ki, onunla ancaq onu sakitləşdirirdim. Heç nə danışa bilmirdik. Gözü nəsə axtarırdı, nəyinsə təlaşını yaşayırdı. Soruşurdum “Sura evdə nəsə olub? Valideynlərin nəsə deyib?” deyirdi “Yox, hocam”. O qədər mülayim valideynləri var ki, tanıyanda şoka düşmüşdüm. Ailəsi mükəmməl idi. Elə bilmişdim kimsə onu sıxır, ya da bunu kimsə incidir. Doğrudan da onu incidirdilər. Ancaq bizim görə biləcəyimiz varlıqlar deyildi. Onun öz dünyası var idi. Beynində bir şeylər baş verirdi. Bunun bir adı yoxdur. Valideynləri belə bu günə kimi sağalmayıb. Övlad heç nə izah etmədən, danışmadan köçdü getdi. Bu yaxınlarda fanatlarımla Suranın qəbrini ziyarətə gedəcəyik. Sizi də yanımızda görmək istəyərəm.

- İnşallah. Təşəkkür edirik müsahibə üçün...

- Mən də çox şad oldum...

Pərviz Hüseyn

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...