Payızda istirahət etmək üçün hara gedək?
Ölkə
4 Oktyabr 2017 21:54

Payızda istirahət etmək üçün hara gedək?


Bir çox insanlar düşünür ki, ancaq yayda tətilə çıxmaq mümkündür. Bağ, dəniz, günəş, qum... Vəssalam, bununla  da tətil bitdi. Payızı yağışlı, palçıqlı, küləkli günlər adlandıraraq həmin fəsildə nə istirahət deyə düşünənlər kifayət qədər olsa da, bunun əksini düşünənlər də var. Hətta buna görə yay uzunu işləyib, öz məzuniyyətini payız fəslinə saxlayanlar belə var.

Payızın rəngarəngliyini, yağışın gözəlliyini açıq havada yaşamaq istəyənlər üçün vaxt gəlib yetişib. Payızda istirahət etməyi sevənlər artıq çantalarını hazırlayıb gedəcək yerlərin siyahısını tutmağa başlayıblar. Hətta bir sıra psixoloqlar insanların payız fəslində istirahətə daha çox ehtiyacları olduğu qənaətindədirlər. Havaların soyuq keçməsi, günəşin tez batması insanlarda psixoloji yorğunluq, depressiya yaradır ki, bunun da qarşısını 2-3 günlük də olsa, qısa səyahətlə, istirahətə çıxmaqla almaq mümkündür.
 
Maraqlıdır, bəs payız fəslində hara gedək?
 
Milli.Az musavat.com-un bu haqda yazısını təqdim edir.
 
Xaricə üz tutmaq istəyənlərə mütəxəssislər payızın ən gözəl və rəngarəng keçdiyi aşağıdakı yerləri məsləhət görürlər.
 
Payızda romantik tətilə çıxmaq üçün ən sərfəli yerlərdən biri Kapadokyadır. İlk təklif: hava şarı ilə şəhəri bir tur gəzin. Pəribacaları insanı həqiqətən də sehrləyir. Payızda səyahət edəcəyiniz digər yerlərdən biri də Trabzondur. Qara dənizə səyahət ən yaxşı payız tətillərindən biri hesab olunur. Sümela kilsəsini hələ görməyənlər üçün əla fürsətdir. Yağış və sərin hava sevənlərin əsl gedə biləcəkləri məkandır. Payızın bütün rənglərinin birləşdiyi bir məkanda Yedigöllərdir. Bura təbiəti yaxından hiss edə biləcəyiniz yerdir. Trilye isə Mudanyanın ən şirin sahil qəsəbəsi. Kənd havası və tarixin ətri sizi rahatladacaq. Payız fəslində də isti ölkələrə gedib günəşlənmək istəyənlər isə İndoneziya, Braziliya, Tailand, Hindistan, Kuba və Meksikanı seçə bilərlər. Payızda istirahəti Kritdə -  Yunanıstanın ən cənub adasında  keçirmək xüsusilə yaxşıdır. Daha dəqiq desək,  Yunanıstanın ən cənub nöqtəsi -  Krit yaxınlığındakı Qavdos adasında.
 
Əfsanəyə görə, məhz burada Kalipsa gəmisi batan Odisseyə sığınacaq vermişdir. Oktyabrın sonu əgər siz xüsusilə də dənizə getməyi qarşınıza məqsəd qoymusunuzsa, Hindistana getmək üçün səfər çantalarını toplamaq vaxtıdır. Qoa və Keralda gündüz müsbət 32 dərəcə istisi, axşam müsbət 26 dərəcə mülayim axşam sərinliyi ilə əvəz olunur.  Bu cür temperatur təzadı sizin gündüz dənizə girmək və qaralmaq, axşam isə gəzmək və əylənmək istəyinizlə üst-üstə düşəcək. Payızda Asiyaya, Vyetnamın sahillərini yuyan Cənub-Çin dənizinin sahillərinə gedə bilərsiniz. Əgər sentyabrda hələ yağışların olması mümkündürsə, payızın  ortalarına hava tənzimlənir. Əgər yağış çiləsə belə, bu, yarım saatdan çox çəkmir, havanın temperaturu  isə +30 dərəcəyə qədər qızır. Tailand hər şeyin sizin üçün yenidən başlayacağı ölkədir. Burada bağlar yenidən çiçək açır, quşlar cəh-cəh vurur, günəş şəfəq saçır. Axı bizdə payız başlayarkən, o sahildə yaz başlayır. Tailanda səyahəti noyabra yaxın planlaşdırmaq daha yaxşı olardı. Bu ərəfədə sizi isti dəniz, bürünc qaralma və bir sıra əsl ekzotik təəssüratlarla mükafatlandıracaqdır.
 
Turizm şirkətlərindən birinin rəhbəri Mamed Əliyev Azərbaycanda payızda tətilə çıxmaq istəyənlərin az olduğunu dedi: "Bu vaxtlarda harasa istirahət etməyə gedənlər bir o qədər də yoxdur. Ümumiyyətlə, həmişə sentyabr, oktyabr aylarında durğunçuluq olur. Noyabrın axırlarından isə turizmdə nisbətən canlanma başlayır. Azərbaycan daxilində qışda Şahdağ turu başlayanda ora gedirlər. Bu yaxınlarda Qubada alma festivalı keçiriləcək. Ona görə də bura üz tutanlar da var. Xaricə üz tutanlar isə daha çox isti yerlərə üz tuturlar. Hazırda Dubay, Misir və Şarm-əl-Şeyxə gedənlər daha çoxdur. Xaricdən Azərbaycana gələn turistlərin sayında da kəskin azalma müşahidə edilir. Hazırda gələnlər arasında Ərəb, İran və İraq turistləri çoxlu təşkil edir".
 
Turizm eksperti Elxan Vəliyev payız qış turizmi deyə bir şeyin olmadığını dedi: "Bizdə insanlar təbiət qoynunu sevir. Əslində payız, qış turizmi deyə bir şey yoxdur. Təbiət qoynunda olmaq istəyən, təmiz hava almaq istəyən şəxslər hər daim səyahətə çıxa bilər. Yayda hava isti olduğu üçün istədiyin vaxt gəzə bilmirsən, isti insanları narahat edir. Bölgələrimizdə yayda yaradılan şəraitlər, qışda olan imkanlar payız aylarında da yaradılır. Yəni ölkəmizdə payız üçün gözəl istirahət məkanları var. Payız aylarında turizm sahəsində hərəkətliliyin olmamasının səbəbi məktəblərin açılması, həyat imkanlarına yenidən baxılması, yeni investisiyaların yatırılmasının payız aylarında olmasıdır. Yalnız bu baxımdan payız aylarında durğunluq ola bilər. Amma elə insanlar da var ki, gəzmək imkanlarını Avropada dəyərləndirirlər. İnsanlar payız aylarında həm gəzirlər, həm də getdikləri yerə investisiya qoyurlar. Yəni insanlar tələblərinə uyğun olaraq istirahət imkanlarını ölkələr üzrə dəyərləndirirlər. Təbiət qoynunda istirahət etmək üçün Qəbələdə, Qubada, Şamaxıda yetərincə yaxşı hotellər var".
 
Qeyd edək ki, payızda tətilə çıxmaq yayda tətilə çıxmaqdan daha ucuz başa gəlir. Məsələn, əgər yay aylarında qonşu Türkiyədə 600 manata istirahət etmək mümkün idisə, indi bu qiymət 30-40 faiz ucuzlaşıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 oktyabr

Astroloji proqnoz - 20 oktyabr

20 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 21 oktyabr

Astroloji proqnoz - 21 oktyabr

21 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...