Aİ rəsmisi: "Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo deyil, siyasi nizamlanma tapılsın"
Ölkə
5 Oktyabr 2017 1:04

Aİ rəsmisi: "Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo deyil, siyasi nizamlanma tapılsın"


"Biz çox istərdik ki, Dağlıq Qarabağ münaqişəsində status-kvo deyil, siyasi nizamlanma tapılsın".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakıda Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin sədri Valter Stivens Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O qeyd edib: "Cənab Prezident, həvəsləndirici sözlərə görə çox sağ olun. Bizi qəbul etmək üçün ayırdığınız vaxta və göstərilmiş qonaqpərvərliyə görə də minnətdarıq. Haqlı olaraq, qeyd etdiyiniz kimi, bu, ola bilsin, qəbul etdiyiniz ən böyük nümayəndə heyətidir. Əslində, biz 28 ölkənin səfirlərindən ibarət qrupuq. Biz faktiki olaraq, Avropa İttifaqı və nazirlər üçün xarici siyasətin əsaslandırılması ilə məşğuluq. Qeyd etməliyəm ki, mən burada 2006-cı ildə olmuşam və həmin vaxt, ATƏT-in fəaliyyətdə olan sədri Karel de Quxt ilə gəlmişdim. İndi isə yenidən qayıtmışam və görürəm ki, ölkədə çox böyük dəyişikliklər baş verib. Bu, kifayət qədər sevindiricidir.

Bildirməliyəm ki, biz bu səfərə böyük əhəmiyyət veririk. Fikrimcə, səfər yerinə düşəndir, çünki Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq gedir. Eyni zamanda, biz Şərq Tərəfdaşlığına, xüsusən də Azərbaycana əhəmiyyət veririk. Siz də bunu haqlı olaraq qeyd etdiniz".

V.Stivens bildirib ki, Azərbaycan Prezidentinin Brüsselə səfərindən sonra əlaqələrimizdə kifayət dərəcədə dinamik inkişaf baş verib: "Hazırda yeni saziş üzrə danışıqlar gedir. Danışıqların artıq bir neçə raundu keçirilib. Fikrimcə, onlar çox yaxşı istiqamətdə davam edir. Ümid edirik ki, yaxın zamanlarda danışıqlar başa çatacaq. 1996-cı il tarixli "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında" əvvəlki saziş üzərində də böyük iş gedir. Bir daha qeyd edirəm ki, münasibətlər təbii olaraq həmin əsaslarla, o cümlədən Şərq Tərəfdaşlığı ilə tənzimlənir. Sizi Şərq Tərəfdaşlığı Sammiti münasibətilə Brüsseldə böyük məmnuniyyətlə salamlamağı arzulayırıq. Fikrimcə, bu yeni saziş sayəsində irəliləyişlə ola bilsin ki, biz aviasiya haqqında saziş barədə də danışıqlar apara bilərik. Bu, Zirvə görüşü üçün çox yaxşı nəticə sayıla bilərdi və göstərərdi ki, bizim Azərbaycanla əlaqələrimiz nə dərəcədə yaxın və sıxdır. Bildirməliyəm ki, Sizin qeyd etdiyiniz regional hadisələr baxımından Azərbaycan beynəlxalq arenada çox mühüm müstəqil iştirakçıdır. Mənə elə gəlir ki, bu məsələlər gələcəkdə işləyə biləcəyimiz xarici siyasətin, eləcə də təhlükəsizliyin də mühüm sahəsidir.

Siz, həmçinin tolerantlıq mədəniyyəti məsələsini qeyd etdiniz. Dini tolerantlığa gəldikdə, müxtəlif dinlər burada yan-yana mövcud olublar. Bu, gözəl nümunədir. Eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsinə və ölkənin müasirləşdirilməsinə yönəlmiş səylərinizi də xüsusi olaraq qeyd etdiniz. Ölkədə uzunmüddətli artım və sabitlik perspektivlərini təmin etmək olduqca vacibdir. Siz, həmçinin təhsil sahəsində də çox işlərin görüldüyünü, qeyd olunmuş məsələlərin reallaşması üçün cəmiyyətin bütün təbəqələrinin səfərbər olunduğunu söylədiniz. Eyni zamanda, investorların üzünə açıq olduğunuzu, xarici investisiyalara yol açan sərmayə mühitinə diqqət yetirdiyinizi bildirdiniz".

Onun fikrincə, sərmayədarlar üçün hüquqi əsasları və qanunun aliliyini də təmin etmək vacibdir. Bu halda, onlar da gözlənilən fəaliyyətdə şəffaf olurlar: "Bu baxımdan, icazə verin narahatlıq doğuran bəzi məsələləri də qeyd edim. Söhbət ölkədə ifadə azadlığı, toplaşmaq azadlığından gedir. Müəyyən şəxslərin azadlıqdan məhrum olunması ilə bağlı bəzi məlum işlər var. Bilirəm ki, Siz penitensiar sistemin humanistləşdirilməsi sahəsində də bir çox işlər görürsünüz. Ümid edirəm ki, təklifləriniz də parlamentdə razılaşdırılacaq və qəbul olunacaq. Fikrimcə, bunu Avropa Şurasının üzvü kimi göstərmək vacibdir. Həmçinin nəzərə alsaq ki, bu cür məsələlərin həlli ilə bağlı Avropa Məhkəməsinin qərarı da var. Həmin addım bizə də yardımçı ola bilərdi, çünki biz münasibətlərimizin genişləndirilməsində, vətəndaş cəmiyyəti ilə işləməyimizdə və ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsində çox maraqlıyıq.

Dağlıq Qarabağa gəldikdə, fikrimcə, siz Ermənistan prezidenti ilə Brüsseldə olduğunuz zaman prezident Tusk fikrini çox aydın şəkildə qeyd etdi. Biz çox istərdik ki, status-kvo deyil, siyasi nizamlanma tapılsın. Həmsədrləri bu baxımdan tam dəstəkləyirik. Siz də qeyd etdiyiniz kimi, mən də bilirəm ki, həmsədrlər regiona səfərə gəlir. Bilirəm ki, prezidentlər arasında da görüşün keçirilməsi plandadır. Bəlkə də bu məsələni bir az aydınlaşdırardınız. Bu baxımdan, bəlkə yaxşı olardı ki, fransalı həmkarıma da söz verim".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
Astroloji proqnoz - 15 oktyabr

Astroloji proqnoz - 15 oktyabr

15 Oktyabr 2017 00:08
loading...