"Hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zərurətdir"
Ölkə
12 Oktyabr 2017 19:27

"Hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zərurətdir"


Bakı. Trend:

Tanınmış vəkil, hüquqşünas alim, Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının idarə heyətinin üzvü Anar Bağırov nümayəndəlik institutunun məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər və son vaxtlar müzakirəyə səbəb olan bu məsələyə münasibət bildirib:

Dünya şöhrətli şotland mütəfəkkir Adam Smit özünün “Xalqların zənginliyinin təbiəti və səbəbləri haqqında tədqiqat” əsərində belə bir fikir səsləndirir: “İstənilən yerdə zərgərlərin zəhmət haqları daha yüksək olur, halbuki elə sahələr var ki, çox qazanc gətirsə də, orada daha çox zehni və fiziki gücün tətbiq olunması tələb olunur. Lakin zərgərlərə bu qədər zəhmət haqqının verilməsinin kökündə duran səbəb onların gördüyü işdə deyil, onlara etibar olunan predmetdədir. Biz öz sağlamlığımızı, həyatımızı həkimlərə etibar etdiymiz kimi, öz nüfuz və reputasiyamızı vəkillərə etibar edirik. Reputasiyanı isə naşı şəxslərə etibar etmək qəti arzu olunan hal deyil”.

Mütəfəkkirin dediklərindən o məntiqi nəticə hasil olur ki, insan hüquqlarının məhz peşəkar şəkildə müdafiəsini həyata keçirən şəxslərin – vəkillərin minimal peşə standartları, onların vəkillik peşəsinə daxil olmalarının institusional normativləri, şübhəsiz, mövcud olmalıdır. Adıçəkilən standartların tətbiqi isə labüd etmişdir ki, ölkəmizdə 1995-ci ildən etibarən ümummilli lider Heydər Əliyevin başçılığı ilə başladılmış hüquq islahatlarının bəhrələrindən biri qismində, 1999-cu ildən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” yeni qanun əsasında fəaliyyət göstərən vəkillərin peşəkar birliyi olan Vəkillər Kollegiyası yaradılmışdır. Ötən dövr ərzində Vəkillər Kollegiyasının fəaliyyətinin təkmilləşdirilməsi hüququn digər sahə və qollarında aparılan islahatlar ilə uzlaşdırılmış, dövrün tələbinə əsasən vəkillik haqqında qanunverciliyə çoxsaylı mütərəqqi dəyişikliklər edilmişdir.

Həyata keçirilmiş müsbət islahat və dəyişikliklərə rəğmən, vəkillik, xüsusilə vətəndaşların hüquqlarının səmərəli müdafiəsi sahəsində bir sıra mühüm problemlər hələ də qalmaqdadır. Bu cərgədə duran əsas maneələrdən biri, hüquq xidmətlərinin göstərilməsi bazarında tənzimlənməyən “nümayəndəlik” institutunun mövcudluğudur. Məlum olduğu kimi, bu gün 1-ci və apellyasiya instansiyası məhkəmələrində vətəndaşları çoxsaylı qeyri-hüquqşünaslar ordusu təmsil etməkdədir ki, nəticə etibarilə bu cür təmsiletmənin fəsadları vətəndaşların haqlı narazılıqlarına səbəb olur. Həmçinin bu cür qeyri-peşəkar təmsiletmənin nəticəsində kassasiya instansiyasında vətəndaşı təmsil edən vəkillərin hüquqi müdafiə imkanları da tükənmiş olur, çünki müdafiə taktikası əvvəlcədən peşəkar tərəfindən qurulmur. Düzdür, bununla “nümayəndəlik” institutuna daxil olan bütün hüquqşünasların qeyri-peşəkar olduğu iddia olunmur, lakin onlar arasında səriştəli hüquqşünaslar da barmaqla sayılacaq qədərdir.

Ümumiyyətlə isə, tənzimlənməyən nümayəndəlik institutunun mövcudluğu özündə bəzi fəsadları gəzdirir:

1. Vəkillərdən fərqli olaraq nümayəndələr təmsil etdikləri şəxslər qarşısında hər hansı peşə məsuliyyəti daşımırlar. Belə ki, onların peşəkar məsuliyyətini müəyyən edən normativ sənəd yoxdur. Dolayısilə bu hal nümayəndələrin göstərdikləri xidmətlərin keyfiyyətinə mənfi yöndə təsir etməyə bilməz. Halbuki, Konstitusiyamızın 61-ci maddəsinə əsasən, məhkəmə mübahisəsinin hansı sahədə (cinayət, mülki və ya inzibati) olmasından asılı olmayaraq, dövlət hər kəsin keyfiyyətli hüquqi yardımla təmin edilməsi öhdəliyini daşıyır. Əgər hətta dövlət hesabına olmadan belə, göstərilən hüquqi yardımın keyfiyyəti yüksək deyilsə, o zaman şəxslərin konstitusion hüquqlarının keyfiyyətli təminatından söhbət gedə bilməz. Bu mənada, daha məqbul olar ki, hüquq təmsiletmə xidməti göstərən bütün hüquqşünaslar vahid qurumda birləşsinlər və bu gün bu funksiyanı icra edə biləcək qurum Vəkillər Kollegiyasıdır. Çünki nümayəndələrdən fərqli olaraq Kollegiya üzvü olan vəkillərin qanunla müəyyən edilmiş peşə məsuliyyəti məsələsi var. Belə ki, vəkilin fəaliyyətindən narazı olan şəxs VK-ya şikayət ünvanlaya bilər və VK-nın Rəyasət Heyəti, özünün İntizam Komissiyası vasitəsilə vəkilin şikayət olunan əməli haqqında araşdırma apararaq onun barəsində intizam tənbeh tədbiri seçə, hətta bəzi hallarda vəkil Kollegiyaya üzvlükdən xaric edilə bilər. Vəkil vasitəsilə təmsil olunmanın digər müsbət tərəfi ondan ibarətdir ki, vəkilin qanun pozuntusuna yol verməsi nəticəsində təmsil edilən şəxsin əmlakına bilavasitə zərər dəyərsə, buna görə vəkil maddi məsuliyyət daşıyır və bu məsuliyyətə zəmanət vermək məqsədi ilə yaradılmış vəkillərin sığorta bank hesabından şəxsə vurulmuş zərər ödənilir.

Burada nəzərdən qaçan başqa bir məsələ və vəkillik institutunun peşəkar nümayəndələrinin gəldiyi ortaq qənaət ondan ibarətdir ki, peşəkar məsuliyyəti olmayan, təsadüfi və qeyri-peşəkar nümayəndəlik institutu məhkəmələrdə korrupsiya hallarının çiçəklənməsinə töhfə verən ən birinci amillərdəndir.

2. Təcrübəyə əsasən qeyd oluna bilər ki, nümayəndəlik institutunun təmsilçiləri arasında qeyri-peşəkarların sayı az deyildir və bu cür qeyri-peşəkarlığı sıravi vətəndaş üçün sezmək kifayət qədər çətindir. Bu gün elə “nümayəndə”lər var ki, həmin şəxslər Vəkillər Kollegiyasına qəbul imtahanlarında bir neçə dəfə iştirak etsələr də, 60 ballıq baryeri keçə bilməmişlər. Bu baxımdan, peşəkar şəkildə nümayəndəlik edən şəxslərin vəkilliyə gəlmələri daha məqsədəuyğundur. Bununla, hüquqi təmsiletmə ilə məşğul olan şəxslərin sırası qeyri-peşəkarlardan təmizlənərək, ölkədə vəkillərin sayı müvafiq bilik tələblərinə cavab verən hüquqşünaslar hesabına artacaqdır. Son nəticədə bunun vəkilliyin nüfuzunun daha da artmasına gətirib çıxaracağı labüddür. Qeyd olunmalıdır ki, AŞ-nin Ədalət Mühakiməsinin Səmərəliliyinin Artırılması üzrə Komissiyasının (CEPEJ) dövri hesabatlarına ölkəmiz adam başına düşən vəkillərin sayına görə axırıncı yerlərdən birini tutur. Bu baxımdan vəkilliyin sıralarının peşəkar şəkildə nümayəndəlik edən şəxslərin hesabına genişləndirilməsi son nəticədə hesabatda əks olunan boşluğu aradan qaldırmış olacaq.

3. Bu gün nümayəndələrin peşə hazırlığı və özlərinin peşə vərdişlərinin təkmilləşdirilməsi qaranlıq qalan məsələlərdən biridir ki, bu sahədə heç bir nəzarət yoxdur. Halbuki, hər bir hüquqşünasın, xüsusilə, məhkəmədə hüquqların təmsil edilməsinə buraxılmış hüquqşünasın peşə hazırlığının səviyyəsi yüksək olmalıdır. Əslində, nümayəndələrin hazırlıq və bilik səviyyəsindən təmsil olunan şəxsin bəzi hallarda taleyi asılı olar. Lakin vəkillərə münasibətdə isə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanun onların mütəmadi olaraq peşə hazırlığına və ixtisasının artırılmasına cəlb edilməsi öhdəliyini müəyyən etmişdir. Bir fakt qeyd olunmalıdır: son 2 il ərzində təkcə Avropa İttifaqının və Avropa Şurasının Birgə Proqramı olan “Avropa İnsan Hüquqları Konvensiyası və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının birgə əməkdaşlığı ilə vəkillər üçün təşkil edilən təlimlərə 500-dən artıq vəkil cəlb edilmişdir. Bu təlimlər əsas etibarilə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent praktikasının öyrənilməsi ilə bağlıdır. Ədliyyə Akademiyası isə öz növəsində Vəkillər Kollegiyası ilə birgə vəkillər üçün digər müxtəlif tematikada təlimlər keçirməkdədir. Təəssüf ki, eyni şeyi nümayəndələrə münasibətdə demək mümkün deyildir, çünki onlar vəkillik haqqında qanunun tədrislə bağlı təmin etdiyi hüquqların çətiri altına düşmürlər.

4. Praktikada nümayəndələrin fəaliyyəti ilə bağlı rastlaşılan problemlərdən digəri isə ölkələrarası işlər ilə bağlı məhkəmə proseslərinə çıxan nümayəndələrin səlahiyyətlərinin tanınması məsələsidir. Məlumat üçün bildirək ki, əvvəla, qonşu Türkiyə Respublikasında vətəndaşı təmsil etmək səlahiyyətinə yalnız Türkiyə Vəkillər Kollegiyasının üzvləri malikdirlər. Ona görə də, bəzən praktikada Türkiyə məhkəmələrində xarici məhkəmə qərarlarının tanınması zamanı Türkiyə məhkəmələri tanınmanın şərtlərindən biri kimi barəsində xarici ölkənin məhkəməsinin qərarı çıxarılarkən şəxsin öz ölkəsində lazımi qaydada (vəkillə) təmsil edilməsi məsələsinə xüsusi diqqət yetirirlər. Dolayısilə şəxsin məhkəmədə vəkillə deyil, nümayəndə vasitəsilə təmsil olunması vasitəilə çıxarılmış qərarları Türkiyə məhkəmələri tanımırlar.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, bir sıra inkişaf etmiş qərb olkələrində “icbari təmsilçilik”, habelə təmsil olunmanın yalnız vəkil tərəfindən həyata keçirilməsi institutu mövcuddur. İcbari təmsilçiliyin tətbiq edilməsində məqsəd effektiv məhkəmə prosesinin təmin edilməsi, tərəflərin məhkəmə prosesində uğur qazanması və bələliklə də ədalətin bərqərar edilməsinə nail olmaqdır. Effektiv məhkəmə prosesinin təmin edilməsi belə əsaslandırılır ki, prosessual qaydaları bilməyən tərəf məhkəmə prosesini yavaşlada, qarşı tərəfə ziyan vura və məhkəmənin keyfiyyətinə neqativ təsir edə bilər. Misal üçün, ABŞ-da özü-özünü təmsil etmək hüququ “Məhkəmə və məhkəmə prosesi haqqında” məcəllədə təsbit edilmişdir ki, orada öz-özünü təmsil etmək hüququ iddiaçıya və ya cavabdehə bütün məhkəmə instansiyalarında və cinayət və mülki işlərdə tanınır. Lakin bu, vəkil olmayan şəxsin başqa fizki və hüquqi şəxsi məhkəmədə təmsil etmək hüququnu yaratmır. Başqa fizki və hüquqi şəxsi məhkəmədə təmsil etmək üçün isə vəkillər kollegiyasının üzvü olmaq tələb edilir. Həmçinin İngiltərə və digər ümumi hüquq sistemi olan ölkələrin qanunvericiliyində vəkil tərəfindən təmsil edilmə tələbi qoyulmadığına baxmayaraq, təcrübədə 10 min funt sterlinqdən yuxarı dəyəri olan işlərdə vəkil xidmətindən mütləq qaydada istifadə edilir. Almaniyada yalnız 5 min avroyadək məbləğlərdəki iddialarda vəkilin iştirakı olmadan təmsil olunma mümkün sayılır. İtaliyada, İspaniyada və digər Avropa ölkələrində də oxşar qaydalar tətbiq edilir.

Yuxarıda qeyd olunan ölkələrin təcrübəsini nəzərə alaraq, qeyd etmək yerinə düşər ki, ümumiyyətlə beynəlxalq təcrübə hüquqi xidmətlərin məhz vəkillik institutu altında mərkəzləşməsini zəruri hesab edir. Məlum olduğu kimi, Azərbaycan 2009-cu ildən etibarən Avropa İttifaqının Şərq Tərəfdaşlığı Təşəbbüsünün işində iştirak etməklə Təşəbbüsün fəal üzvlərindəndir. 2012-ci ilin may ayında Aİ ilə birgə AŞ-nın İnsan Hüquqları və Qanunun Aliliyi Departamenti tərəfindən hazırlanmış “Vəkil peşəsinə dair” hesabatda Azərbaycanda vəkilliyin vəziyyətinə dair belə bir əsaslı fikir səsləndirilmişdir: “Azərbaycanda mülki işlərdə nümayəndəlik istənilən şəxs tərəfindən həyata keçirilə bilər. Bu hal Avropa standartlarına cavab versə də, hüquqi yardımın daha səmərəli şəkildə göstərilməsi üçün ekspertlər təklif edirlər ki, mülki işlərdə nümayəndəliyin daha çox vəkillərin inhisarına verilməsi məsələsinə baxılmalıdır”. Göründüyü kimi, burada vurğu hüquqi yardımın məhz vəkillər tərəfindən göstərilməsinin daha effektiv olması fikri üzərinə vurulur. Eyni zamanda, bu kimi beynəlxalq sənədlərdə istifadə olunan “vəkillərin inhisarı” ifadəsi mənfi çalarda anlaşılmamalıdır. Nelə ki, bu istilahdan demokratik dövlət quruculuğunu həyata keçirən ölkələrdə, o cümlədən mötəbər beynəlxalq sənədlərdə, hesabatlarda istifadə olunur və onun istifadəsi yuxardı qeyd olunan səbəblərə görə normal hesab olunur. Həmçinin ölkəmizdə vəkillərin cinayət işlərdində və mülki işlər üzrə kassasiya instansiyasındakı monopoliyasını mütləq inhisarçılıq kimi başa düşmək lazım deyil. Hindistan, Yaponiya kimi ölkələrdə hüquqi xidmətlərin göstərilməsi monopoliyası hətta hüquqi məsləhətlərin verilməsini də ehtiva etsə də, bizdə hüquqi məsələhətlərin kim tərəfindən verilməsində nəinki hər hansı məhdudiyyət yoxdur, hətta qeyr-hüquqşünaslar məhkəmə təmsilçiliyi ilə də məşğuldurlar.

Qeyd olunmalıdır ki, bir neçə gün bundan əvvəl - oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilmişdi. İclasın keçirilməsinə dair xəbər Parlamentin internet səhifəsində işıqlandırılmışdı. Həmin iclasda Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədlərə baxılmışdı. İclasda bu layihələrin məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunması və məqsədin məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas - vəkillərlə təmin olunması xüsusi qeyd olunmuşdu. Arqument qismində isə bildirilmişdi ki, məhkəmələrə təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir ki, bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Bununla bərabər iclasda qanunvericiliyə ediləcək dəyişiklik nəticəsində vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurəti vurğulanmışdı. Dəyişikliyin mahiyyətində o durur ki, bu dəyişiklikdən sonra artıq qeyri-vəkillər mülki və inzibati işlərlə bağlı məhkəmələrdə fiziki şəxsləri təmsil edə bilməyəcəklər. Burada bir qeyd-şərti ayrıca vurğulamaq yerinə düşər. Əslində, dəyişiklik məhkəmə təmsilçiliyində vəkillərin tam inhisarını bərqərar etməyəcəkdir - belə ki, hüquqi şəxslərin işçiləri onları yenə də təmsil edə biləcəklər. İclasda Komitə sədri Əli Hüseynli tərəfindən səsləndirilən maraqlı fikirlərdən biri də aztəminatlı təbəqəyə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı idi. Komitə sədri bildirmişdir ki, vaxtilə ölkəmizdə VK-nın üzvləri, həmçinin bir sıra qeyri-hökumət təşkilatlarının təmsilçilərinin iştirakı ilə ödənişsiz hüquqi yardım haqqında qanun layihəsinin hazırlanması üzrə İşçi Qrupu yaradılmışdı və o, həmin qrupun fəaliyyətinin bərpa olunmasının zəruriliyini vurğulamışdır. Belə ki, natiq hesab edir ki, hüquqi yardım institutunun təşkil olunması ilə aztaəminatlılarının hüquqlarının səmərəli müdafiəsi ilə yanaşı onların Konstitusiyamızın 61-ci maddəsi ilə təsbit olunmuş keyfiyyətli hüquqi yardıma çıxış imkanları təmin ediləcəkdir. Qeyd olunmalıdır ki, adıçəkilən İşçi Qrup vaxtilə “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin təşəbbüsü ilə yaradılmışdı ki, orada ölkəmizin peşəkar və akademik sahədən olan hüquqşünaslar və vəkilləri təmsil olunurdular. İşçi Qrup tərəfindən yekun sənəd qismində həm ödənişsiz hüquqi yardım haqqında qanun layihəsi və layihəyə dair bu sahədə qabaqcıl xarici təcrübəyə istinadən konsepsiya sənədi də hazırlanmışdı.

Təqdirəlayiq haldır ki, xəbər işıq üzü görəndən sonra məsələ sosial şəbəkələrdə hüquqi ictimaiyyət arasında qızğın müzakirələrin yaranmasında səbəb olmuşdu. Əksər hüquqşünaslar (Qeyd: bunların arasında VK-nın üzvləri olan və olmayan da var) qeyd olunan dəyişikliyin mütərəqqi olmasına və onu dəstəklərdiklərinə dair fikirlər səsləndirsələr də, dəyişikliyi ehtiyatla qiymətləndirən, həmçinin buna görə öz narahatçılıqlarını gizlətməyən hüquqşünaslar da olmuşdu.

Narahatlıq doğuran başlıca problemlər qismində isə hazırda ölkəmizdə vəkillərin sayının azlığı və dəyişikliklər (nümayəndəlik institutunun qismən məhdudlaşdırılması) nəticəsində mövcud vəkillərin iş yükünün artması, vəkilliyə qəbulla bağlı 3 illik hüquq stajının müddətinin uzun olması və s. göstərilir. Bununla bağlı hesab edirik ki, vəkillərin sayının artırılması üzrə işlər tədricən həyata keçirilməli və əlbəttə ki, Vəkillər Kollegiyası buna hazır olmalı, lazımi sayda hüquqşünası üzvlüyə qəbul etməlidir.

Hazırda hüquq xidmətlərin göstərilməsi bazarında fəaliyyət göstərən nümayəndələrin bir çoxunun hüquqşünas olub-olmaması məsələsi bir kənara, onların vergi uçotunda durub durmamaları və nəticədə vergidən yayınmaları ciddi narahatçılıq doğuran məsələlərdəndir. Təcrübədə vergi uçotunda duran nümayəndələr sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs qismində qeydiyyatdan keçirlər və çox vaxt vergidən yayınmaq məqsədilə onlar öz müştəriləri ilə müqavilə bağlamadan yanlız notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında onları təmsil edirlər. Təbii ki, məhkəmə prosesində hakimin elə bir səlahiyyəti yoxdur ki, o, nümayəndənin müqavilə bağlayıb-bağlmamasını (vergidən yayınıb-yayınmamasını) müəyyən etsin. Lakin yeni dəyişiklikdən sonra isə artıq nümayəndələr hüquqi şəxslər vasitəsilə təmsiletmə həyata keçirdikləri və hüquqi şəxslərin fəaliyyətində vergidən yayınma halları adətən daha az müşahidə olunduğu üçün son nəticədə bu, nümayəndələrin qanun çərçivəsində fəaliyyətlərinin həyata keçirmələrinə imkan yaradacaqdır.

Beləliklə, təklif olunan dəyişikliklər digər bir məsələni aktual edir. Məlumdur ki, Mülki Prosessual Məcəllənin 74-cü maddənin 2-ci hissəsinə görə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamədə “təmsil olunan tərəf” dəqiq olaraq nümayəndəyə hansı səlahiyyətləri verdiyini xüsusi göstərməlidir. Buraya iddia ərizəsinin imzalanması, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi və s. bu kimi digər səlahiyyətlər daxildir. Lakin layihədən görünür ki, qeyd olunan maddənin tamamilə çıxarılması nəticəsində gələcəkdə təmsil edən şəxs qismində çıxış edən vəkilə onun səlahiyyətini təsdiq edən sənəd vasitəsilə məhdudiyyətsiz hüquqlar verilmiş olacaqdır. Təcrübə göstərir ki, bəzən vəkillərə order əsasında verilmiş məhdudiyyətsiz hüquqlar bir sıra hallarda onlar tərəfindən sui-istifadə hallarının yol verilməsinə gətirib çıxarır. Ona görə də hesab edirik ki, maddənin qeyd olunan xüsusi səlahiyyətlərlə bağlı müddəası hər hansı formada saxlanılmalı və vəkilin səlahiyyətini təsdiq edən sənəddə xüsusi olaraq əks olunmalıdır. Bununla, vətəndaşa imkan yaradılacaq ki, o, vəkilə dəqiq olaraq hansı səlahiyyətlər verdiyini bilsin.

Eyni zamanda Mülki Prosessual Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə də dəyişiklik edilməsi gözlənilir. Dəyişiklikdən o görünür ki, yaşına və digər amillərə görə mülki-prosessual fəaliyyət qabiliyyəti məhdud olan şəxslər öz hüquqlarının müdafiəsini yalnız vəkilə etibar edə bilərlər. Halbuki, əvvəlki redaksiyada bu cür şəxsləri təmsil etmək hüququ nümayəndəyə də tanınırdı. Bu baxımdan, daha doğru olardı ki, qeyd olunan səlahiyyət nəinki vəkilə, həm də qanuni nümayəndələrə (qohumlar, qəyyumlar və s.) münasibətdə də tanınsın.

Qeyd etmək yerinə düşər ki, ümumiyyətlə, dəyişikliklər kifayət qədər mütərəqqi hesab olunmalıdır, həmçinin vəkillik institutunun güclənməsinə şərait yaradan dəyişikliklər olaraq bu təşəbbüs alqışalayiqdir. Çünki adı çəkilən təklifləri bu sahədə mövcud olan problemləri aradan qaldırmaqla nümayəndələr tərəfindən vəkil adından sui-istifadə hallarını aradan götürəcək, həmçinin nümayəndə təbəqəsi arasında geniş praktika edilən vergidən yayınma hallarını ləğv edəcək, dolayısilə vətəndaşların qeyri-peşəkarlar tərəfindən aldanılmalarının qarşısı alınacaqdır.

Ümumiyyətlə, artıq cəmiyyətimizin hər bir üzvü anlamalıdır ki, necə ki, tibbi xidmətlərin göstərilməsi sahəsində şarlatanların fəaliyyəti absurd və qanunsuzdur, bu, hüquqi xidmətlərə də aid olmalıdır. Çünki hər iki halda məsələ insan taleyidir. Bu baxımdan hüquqi yardımın peşəkarlar tərəfindən göstərilməsi zərurətdir.

Sonda bir məsələni xüsusi vurğulamaq lazımdır – ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarına artıq neçə illərdir ki, başlanılmışdır və bu işlər bu gün də uğurla davam etdirilir. Vəkillik sahəsinə gəldikdə isə aparılan islahatlar istər-istəməz vəkillik fəaliyyətinə təsirsiz ötüşməyəcəkdir, çünki vəkillik və hüquqi yardım sahəsi də bu islahatlar ilə birgə uğurla addımlamalıdır. Bu mənada, vəkillik sektorunda, ümumiyyətlə hüquqi təmsiletmə sahəsində islahatlar haradansa başlanılmalı idi ki, aparılan islahatlar, şübhəsiz, tək bu gün üçün deyil, həm də gəlcəyə hesablanmış addım olaraq dəyərləndirilməlidir.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

SSRİ haqqında 10 GİZLİ FAKT

SSRİ haqqında 10 GİZLİ FAKT

16 Oktyabr 2017 08:04
Astroloji proqnoz - 16 oktyabr

Astroloji proqnoz - 16 oktyabr

16 Oktyabr 2017 00:08
loading...