Aygünlə, Röyayla "səhərə qədər", Könülün məhkəməsi, Damlanın hədiyyə mənzili - HƏFTƏBECƏR
Şou-Biznes
23 Oktyabr 2017 7:14

Aygünlə, Röyayla "səhərə qədər", Könülün məhkəməsi, Damlanın hədiyyə mənzili - HƏFTƏBECƏR


Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (145-ci say) təqdim edir.

Bu barədə sosial şəbəkədə də yazmışdım. Məncə, burada da yazsam, pis olmaz. Beş-on gündən sonra "Yeni il gecəsini səhərə qədər Aygün Kazımovayla, Röyayla, canım sizə desin, Şəbnəm Tovuzluyla keçirin" tipli reklamlar başlayacaq. Ən maraqlısı odur ki, əlli məkanın hamısı adını çəkdiklərimi "səhərə qədər" söz verir. Bunların neçə sürəti var ki? Məncə, ən yaxşısı Yeni ili öz ailənlə, evdə qeyd etməkdir. Adlara aldanıb hansısa milyonçunu milyarder etməyə gərək yoxdur. Təbii ki, bu, şəxsi fikrimdir.

Aparıcı Nanəni ildə ən azı iki dəfə "öldürürlər", sonra təzədən dirilir. Bir az keçir, başına başqa iş gəlir. Əslində, bu xəbərlərin haradan qaynaqlandığı mənə məlumdur. Bu dəfə də jurnalist dostları Nanəni "qəzaya salıblar". Qəza necə güclü olubsa, maşının ön tərəfi yoxdur. Ən qəribəsi də odur ki, "qəzadan" bircə foto nə sosial şəbəkədə, nə saytlarda yerləşdirilib.

Damla haqda yazıb sizi bezdirdiyim üçün üzr istəyirəm. Saytların yazdığına inansaq, sevgilisi ona mənzil hədiyyə edib. Deyilənlərə görə, yaxın gələcəkdə ailə quracaqlar. "Bəyin oğurlanması" filmində deyir ha, axırda da evlənirlər. Bax elənçik bir söhbətdi.

Digər mövzuya keçməmiş bir haşiyəyə çıxım. Son vaxtlar şərhlərdə əvvəlki cəsarətlə yazmıram kimi iradlar olur. Cəsarət həmin cəsarətdir. Sadəcə, şou adamlarının elədikləri o həddə çatıb ki, adam ancaq söyüşlə ürəyini boşalda bilər. Söyüşə də, təbii ki, icazə yoxdur. Məsələnin o tərəfini sizə həvalə edirəm. Kimi sevib, kimi söymək sizin ixtiyarınızdadır.

Müğənni Könül Kərimova Əmlak Məsələləri Dövlət Komitəsini (ƏMDK) məhkəməyə verib. Görürsünüzmü, məni cəsarətsizlikdə qınayırsınız. Adi müğənni o boyda dövlət qurumunu məhkəməyə verib və torpaq mübahisələri ilə bağlı tələb irəli sürüb. İddiaya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

İndi görək həmin dövlət qurumu nə deyir. Bax məsələnin maraqlı tərəfi budur:

"Bir müddət əvvəl Könül Kərimova öz bağına bitişik 12 sot torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı ƏMDK-ya müraciət edib: "Sənədləşmə zamanı aşkar olundu ki, Novxanı bələdiyyəsi həmin torpaq sahəsini qeyri-qanuni olaraq Könül Kərimovaya ayırıb. Bələdiyyə həm torpaq qanunvericiliyinə, həm də "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun müvafiq bəndinə uyğun olaraq həmin torpağı qeyri-qanuni ayırıb. Araşdırma zamanı o da məlum olub ki, həmin torpaq bələdiyyə fonduna yox, bağlar massivinə aid olub. Yəni, həmin sahənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur. Hazırkı qanunvericiliyə əsasən, bələdiyyələr, ilk növbədə, torpaqlara dair öz hüquqlarını tanımalıdır. Daha sonra hərrac vasitəsilə vətəndaşlar üçün alqı-satqı edilməlidir. Çünki qanun bunu tələb edir".

Mən bu məsələdə Könül xanımın tərəfindəyəm. Kasıb adamdır, təzə-təzə səhnəyə çıxır. 12 sot torpaq nə mənədir ki, onun Könül xanım tərəfindən qanunsuz olaraq ələ keçirilməsinə imkan vermirsiniz? O 12 sot torpaqla nə Könül varlanan deyil, nə də dövlət kasıblayan. Müğənni var ki, bir gecənin içində 12 nədir e, 1 hektar torpağın içində villa yiyəsi olur.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 noyabr

Astroloji proqnoz - 19 noyabr

19 Noyabr 2017 00:03
Qaxda mağaza yandı

Qaxda mağaza yandı

19 Noyabr 2017 03:47