Tovuzun Ermənistanla sərhəddə yerləşən kəndində yeni su qovşağı istifadəyə verilib
Ölkə
2 Dekabr 2017 16:21

Tovuzun Ermənistanla sərhəddə yerləşən kəndində yeni su qovşağı istifadəyə verilib


Bakı. 2 dekabr. REPORT.AZ/ Sərhəd kəndi Hacıalılıda yeni su qovşağı istifadəyə verilib.
Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hacıalılı kəndi Tovuz rayonunun Ermənistanla təmas xəttinə yaxın olan yaşayış məntəqələrindəndir. Uzun illərdir ki, düşmənlərin xain həmlələrinə tuş gəlsə də, dəfələrlə atəşlərə məruz qalsa da ordumuzun bölmələri tərəfindən bu kənd mərdliklə qorunur, güllə, mərmi səslərinə alışmış kənd əhalisi doğma yurd-yuvasını tərk etmir və Hacıalılıda həyat öz axarında davam edir.
Ermənistanla həmsərhəd olan digər yaşayış məntəqələrimiz kimi, bu kəndin müdafiəsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də hacıalılıların sosial problemlərinin həlli də ölkə rəhbərliyinin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin tapşırığına əsasən kənddə eni 10 metr təşkil edən yeni yollar çəkilib, asfalt-beton örtüyü döşənib, Qasım Rzayev adına Hacıalılı kənd tam orta məktəbi üçün yeni bina inşa edilərək istifadəyə verilib. Əhalinin gün-güzəranı günbəgün yaxşılaşır.
Vaxtilə Tovuzçaydan su çəkilsə də, kəndin dəniz səviyyəsindən 980 metr hündürlükdə olan yuxarı hissəsində yaşayanlar su sarıdan korluq çəkir, yalnız yağışın ümidinə qalmışdılar. İki ay öncə kənd əhalisi ilə görüşən, onların problem və qayğıları ilə maraqlanan Müdafiə Nazirliyinin rəhbərliyindən ağsaqqallar bu işdə onlara yardımçı olmağı xahiş etmişdilər. Artıq hacıalılılıların bu problemləri də öz həllini tapıb və uzun illərdir ki, həsrətində olduqları arzu reallaşıb.
Müdafiə Nazirliyinin sərhəd kəndinin əhalisinə hədiyyəsi olan su qovşağının istifadəyə verilməsinə həsr olunmuş tədbirdə hərbi qulluqçular, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Nazirliyin zabiti, əməkdar incəsənət xadimi Abdulla Qurbani çıxışının əvvəlində xalqımızın ümummilli lideri Heydər Əliyevin kəlamlarını xatırladaraq deyib: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərimizin bu arzusu da ölkəmizdə uğurla reallaşdırılır. Xalqla ordunun sağlam mənəvi birliyi, həmrəyliyi təmin olunub. Xalq öz ordusuna güvənir, ona arxalanır, ona inanır. Ordumuzun şəxsi heyəti isə xalqın bu inamından, bu güvənindən daha da ruhlanaraq, qarşısına qoyulmuş vəzifələri layiqincə yerinə yetirir”.
General-mayor Xəqani Cəbrayılov su qovşağının istifadəyə verilməsi münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi adından sakinləri təbrik edib. Bundan sonra da kəndin etibarlı şəkildə müdafiə olunacağına, düşmən təxribatlarının qarşısının layiqincə alınacağına, Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına əminliyini bildirib.
Tədbirdə vurğulanıb ki, qovşaqda iki min metrlik su xətti çəkilib, hər biri 25 ton su tutumu olan 7 çən, su nasosu, transformator quraşdırılıb. Su qovşağının xidmətindən kəndin 100-ə yaxın ailəsi bəhrələnəcək.
Hərbi mühəndislər bu xeyirxah işi böyük həvəslə başa çatdırıb və su xəttini keşiyində durduqları sərhəd kəndinin sakinlərinin istifadəsinə veriblər. Bundan əlavə, su qovşağı ətrafında səliqə-sahman yaradılıb, yaşıllıq zolağı salınıb.
Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini Nifdalı Qasımov, Hacıalılı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Sahib Quliyev, kəndin qocaman sakinlərindən Lətif Əliyev, Abuzər Kərimov, Əhməd Əfkarov və başqaları çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib, Ali Baş Komandanın hər bir əmrinə daim hazır olduqlarını bildiriblər.
Azərbaycan Yazıçılar Birliyi zona filialının sədri, Əməkdar İncəsənət Xadimi, şair-publisist Barat Vüsal “Yol salmaq, su çəkmək ulu babalardan mirasdır bizə” adlı yeni şeirini oxuyub və bu nəcib, xeyirxah təşəbbüsə görə əməyi keçənlərə ziyalılar adından təşəkkür edib.
Müdafiə Nazirliyinin adından kənd tam orta məktəbinə bayraqlar və hərbi vətənpərvərlik mövzusunda kitablar hədiyyə edilib.






loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 11 dekabr

Astroloji proqnoz - 11 dekabr

11 Dekabr 2017 00:03
Astroloji proqnoz - 12 dekabr

Astroloji proqnoz - 12 dekabr

12 Dekabr 2017 00:13
Astroloji proqnoz - 8 dekabr

Astroloji proqnoz - 8 dekabr

08 Dekabr 2017 00:08