Hikmət Hacıyev: Qərbdə rahat həyatlarını yaşayan erməni lobbi dairələri Ermənistanı qonşularla düşmənçiliyə sürükləyir (MÜSAHİBƏ)
Ölkə
18 Dekabr 2017 18:42

Hikmət Hacıyev: Qərbdə rahat həyatlarını yaşayan erməni lobbi dairələri Ermənistanı qonşularla düşmənçiliyə sürükləyir (MÜSAHİBƏ)


Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Trend-ə müsahibəsi

- 16 dekabr tarixində Ermənistan Xarici İşlər Nazirliyi bəyanatla çıxış etdi, Türkiyəyə və Azərbaycana qarşı əsassız ittihamlar irəli sürdü. Bu barədə nə deyərdiniz?

- Ermənistan XİN-in bəyanatı bir daha onu göstərir ki, Ermənistan qonşu dövlətlərlə sivil münasibətlər qurmaq iqtidarında deyil və arxaik təfəkkürdən azad olmayıb.

Təəssüflər olsun ki, müstəqilliyini əldə etdikdən sonra qonşu dövlətlərlə mehriban əlaqələr qurmaq əvəzinə, Ermənistan mifik ideologiya əsasında “Böyük Ermənistan” xülyası ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürdü. Bu siyasətin nəticəsi olaraq, Ermənistan Azərbaycana qarşı müharibəyə başladı, ölkəmizin ərazilərinin 20 faizini işğal etdi, Ermənistan ərazisində və işğal olunmuş Azərbaycan torpaqlarında yaşayan bir milyondan artıq köklü Azərbaycan xalqına qarşı qanlı etnik təmizləmə törətdi. Ermənistan konstitusiyasında Türkiyəyə qarşı açıq ərazi iddiaları irəli sürülür, həmçinin, ziddiyyətli və mifik “Armyanskoye Naqorye” ideologiyası ilə Ermənistanın qonşu İran və Gürcüstana qarşı da ərazi iddiaları var.

Bu feodal və faşizm əsaslı siyasətin nəticəsidir ki, Ermənistan bu gün regionda özünü təcrid vəziyyətinə salmış dövlətdir. Ermənistanı artıq müstəqil dövlət hesab etmək belə, mümkün deyil. Serj Sarkisyanın hakimiyyəti dövründə Ermənistanın özünütəcridi daha da artıb, ölkənin xarici borcu ümumdaxili məhsulu dəfələrlə üstələyib, ölkə sosial-iqtisadi və demoqrafik böhran şəraitindədir. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyənin timsalında düşmən obrazı yaratmaqla Ermənistanın hakim rejimi erməni xalqını aldatmağa və öz mövcudluğunu saxlamağa çalışır.

- Ermənistan XİN-in bəyanatında BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olmadığı deyilir.

- Bu, heç bir halda anlaşılan deyil. BMT Nizamnaməsinin 4-cü bəndinə görə bütün dövlətlər digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və BMT-nin məqsədləri ilə bir araya sığmayan hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinməlidirlər.

BMT Nizamnaməsinə əsasən bu kimi öhdəliyinin olmasına baxmayaraq, Ermənistan Azərbaycana qarşı gücdən istifadə edərək hərbi təcavüz törədib.

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) qətnamələri beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüququn müvafiq prinsipləri əsasında münaqişənin həlli üzrə siyasi prosesin əsasını təşkil edən hüquqi çərçivəni müəyyən edib.

Qətnamələr Azərbaycan ərazilərinin işğalını pisləyib, güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyini vurğulayıb, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. BMT Təhlükəsizlik Şurası qətnamələrinin vaxt məhdudiyyəti yoxdur. Bu qətnamələr icra edilməyənə qədər aktualdır və gündəmdədir. Heç bir dövlətə BMT TŞ-nin qətnamələrini təhrif etmək və ya onların rolunu aşağı salmağa səlahiyyət verilməyib.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri təşkil edir. Qətnamələri inkar etmək ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatını inkar etmək deməkdir.

ATƏT-in Minsk qrupunun həmsədrlərinin mandatına dair 23 mart 1995-ci il tarixli sənədə görə həmsədrlər öz fəaliyyətlərində BMT TŞ-nin müvafiq qətnamələrini, ATƏT-in Budapeşt sammitinin qərarlarını, Helsinki Yekun Aktını əsas götürməlidirlər.

- Ermənistan XİN-in bəyanatında qondarma "erməni soyqırımı" məsələsinə də toxunulur.

- Bu bir daha onu göstərir ki, Ermənistan gələcəyə baxmaq əvəzinə, saxta tarixi keçmişin əsiridir. Qondarma "erməni soyqırımı" tarixi saxtakarlıq və bu saxtakarlığın siyasi məqsədlərlə istifadəsinin açıq nümunəsidir. Maraqlıdır ki, Ermənistan tərəfi Türkiyənin tarixi arxivləri açaraq hər iki ölkənin tarixçilərinin bu məsələni obyektiv araşdırmasından imtina edir.

Qərb ölkələrində öz rahat həyatlarını yaşayan bir sıra erməni diaspor və lobbi dairələri də Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin inkişafına töhfə vermək əvəzinə, Ermənistanı qonşularla nifaqa və düşmənçiliyə sürükləyirlər.

Qondarma "erməni soyqırımı"ndan danışan Ermənistan tərəfi ermənilərin I Dünya müharibəsində Anadoluda törətdikləri vəhşiliklər, eləcə də 1918-ci ilin martında Bakıda törədilmiş və tarixə “mart qırğınları” adı ilə düşmüş qırğınların üzərindən sükutla keçməyə çalışır. Həmçinin, 100 əvvəlki tarixi saxtalaşdıran ermənilər bu gün Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərin bilavasitə iştirakı ilə 1992-ci ildə törədilmiş Xocalı faciəsinin törədilməsinə görə məsuliyyətdən qaçmağa çalışırlar.

70-80-ci illərdə Türkiyə diplomatlarına qarşı terror törədən və 80-ci illərin sonlarından etibarən Azərbaycana qarşı terror əməllərinə keçən ASALA terrorçuları bu gün Ermənistanda milli qəhrəmandır. Onlardan biri Monte Melkonyandır. Digəri, 1983-cü ildə Parisin Orli hava limanında "Türk Hava Yolları"na qarşı terror törədən, 2000-ci ildə müəmmalı şəkildə Fransada həbsdən azad edilən terrorçu Varujan Qarabediyan isə hazırda Ermənistanda sərbəst yaşayır və milli qəhrəman adına yüksəldilib.

Təəssüflə qeyd etməliyik ki, qonşu xalqlara qarşı etnik nifrət Ermənistanda dövlət səviyyəsində aparılan siyasətdir.

- Ermənistan tərəfi Türkiyə-Ermənistan sərhədlərinin bağlı olmasından da bəhs edir.

- Türkiyə Ermənistan sərhədlərinin bağlı olmasının günahkarı məhz Ermənistandır. Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü və Azərbaycan ərazilərini işğalına görə qardaş Türkiyə tərəfindən beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini əsas tutaraq Ermənistanla sərhədləri bağlayıb. Xüsusilə bu hal bilavasitə Ermənistan ərazisindən Azərbaycanın Kəlbəcər rayonunun işğalını hədəfləyən hərbi hücumdan sonra baş verdi. BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycanın Kəlbəcər rayonunun və digər ərazilərinin işğalını pisləyən 822 saylı qətnamə qəbul edildi.

Azərbaycan xalqı tərəfindən qardaş Türkiyənin bu ədalətli mövqeyi yüksək qiymətləndirir. Həmçinin, Ermənistan Türkiyəyə qarşı ərazi və qondarma soyqırım iddiaları ilə çıxış edir. Əgər Ermənistan tərəfi düşünürsə ki, təcavüz, işğal və qanlı etnik təmizləmə törədəcək, qonşu dövlətlərə qarşı əsassız iddialar irəli sürəcək və buna hamı göz yumacaq, bu yanlışdır. Pakistan, Səudiyyə Ərəbistanı, Cibuti və digər dövlətlər Azərbaycana qarşı təcavüzünə görə Ermənistanla diplomatik əlaqələr qurmayıb.

- Regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün nələrin edilməsi vacibdir?

- Belə desək, top Ermənistanın meydanındır. Ermənistan Azərbaycana qarşı işğalına son qoymalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsassız iddialarına son qoymalıdır. Ermənistan, nəhayət, qonşu dövlətlərlə sivil münasibətlər qurmalıdır. Ermənistan rəhbərliyi bu reallığı nə qədər tez dərk edərsə, o qədər də tez erməni əhalisi qonşu dövlətlərlə münasibətlərin yaxşılaşması, Ermənistanın regional əməkdaşlığa cəlb olunmasından faydalana bilər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 19 yanvar

Astroloji proqnoz - 19 yanvar

19 Yanvar 2018 00:08
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 15 yanvar

Astroloji proqnoz - 15 yanvar

15 Yanvar 2018 00:08
Astroloji proqnoz - 16 yanvar

Astroloji proqnoz - 16 yanvar

16 Yanvar 2018 00:08
Astroloji proqnoz - 14 yanvar

Astroloji proqnoz - 14 yanvar

14 Yanvar 2018 00:08
Astroloji proqnoz - 17 yanvar

Astroloji proqnoz - 17 yanvar

17 Yanvar 2018 00:03
Astroloji proqnoz - 18 yanvar

Astroloji proqnoz - 18 yanvar

18 Yanvar 2018 00:03
Astroloji proqnoz - 22 dekabr

Astroloji proqnoz - 22 dekabr

22 Dekabr 2017 00:08
Astroloji proqnoz - 28 dekabr

Astroloji proqnoz - 28 dekabr

28 Dekabr 2017 00:08