Ərdoğana hədiyyəsi ilə hamını heyrətləndirən azərbaycanlı xanım: “Ən böyük arzum İlham Əliyevə...” - ÖZƏL
Digər
15 Yanvar 2018 17:48

Ərdoğana hədiyyəsi ilə hamını heyrətləndirən azərbaycanlı xanım: “Ən böyük arzum İlham Əliyevə...” - ÖZƏL


Bir neçə gün əvvəl azərbaycanlı tələbə Tünzalə Məmmədzadənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana ipək üzərində yazılmış “Qurani-Kərim” hədiyyə etməsi, kütləvi informasiya vasitələrimizlə yanaşı, dünya mediasının da gündəmində geniş yer aldı.

Publika.az dünyada bir ilkə imza ataraq ipək üzərində yazılmış “Qurani-Kərim”in müəllifi olan Tünzalə Məmmədzadə ilə söhbətləşərək onu daha yaxından tanımağınız üçün imkan yaradıb.

- Tünzalə xanım, ilk olaraq özünüzdən danışmanızı istərdim. Necə oldu sizdə bu sahəyə maraq yarandı?

- Rəssamlığa olan marağım uşaq yaşlarımdan yaranıb. Azərbaycanda Dövlət Rəssamlıq Akademiyasında təhsil almışam. Qərb universitetinin magistraturasını, daha sonra doktoranturasını bitirdim. Lakin elmi dərəcə üçün müdafiə etmədim. Həmin ərəfələrdə yadıma gəlir Türkiyədə təhsil almaq üçün xüsusi təqaüdlü təkliflər var idi. Sənədlərimi hazırladım və imtahanlara qatıldım. 2014-cü ildə Mərmərə Universitetinə qəbul oldum. Elə həmin il Azərbaycandan Türkiyəyə gəldim. Hazırda dərslərim bitib, ancaq elmi dərəcə üçün müdafiəyə hazırlaşıram.

- Dünyada ipək üzərində yazılan “Qurani-Kərim”in ilk müəllifisiniz. Bu, necə hissdir?

- Bilirsiniz, çox qürurvericidir, əlbəttə. Heç vaxt özü ilə öyünən insan olmamışam. Amma burada təvazökarlıq etməyəcəm, çünki, bu, dünyada ilk dəfə hazırlanıb. Təbii ki, ilkə imza atmaq çox gözəl duyğudur.

- Tünzalə xanım, bildiyimə görə “Qurani-Kərim”dən əvvəl “Ayətül-Kürsi”ni ipək üzərinə köçürtmüsüz. Bu dinə bağlılığınızdan irəli gəlir yoxsa..?

- Əslində insan, müsəlman olaraq dinə münasibətim təbii ki, yüksəkdir. İnsan öz dinini sevməyə bilməz. Amma burada ərəb əlifbasına olan marağım xüsusi önəm daşıyır. Ərəb əlifbasının, ərəb hərflərinin görünüşü, estetik gözəlliyi diqqətimi çəkirdi. Ümumiyyətlə, abstrakt əsərlərlə yanaşı, kaliqrafiya əsərləri də işləyirdim. Ayələr, hədislər ipək üzərinə köçürtmüşəm. “Ayətül-Kürsi” tablomu çalışarkən, “Qurani-Kərim”i də ipək üzərinə yaza bilərəmmi deyə ağlıma bir fikir gəldi. Bununla bağlı kiçik bir araşdırma apardım. Məndən əvvəl kimsə işləyibmi, yoxsa yox. Nəticədə belə bir təşəbbüs olmadığını gördüm. Beləliklə, anamın dəstəyi ilə başladım onu işləməyə.

- “Qurani-Kərim”i ipək üzərinə köçürmək sizə çətin gəlmədi ki? Düşündünüzmü ki, birdən alınmasa, yarımçıq qalsa…

- Bəli haqlısınız. “Qurani-Kərim”i işləməyə başlamazdan əvvəl çox tərəddüd etdim. Qərar verə bilmirdim. Əmin idim ki, məndən əvvəl heç kim bunu etməyib. Ancaq istər-istəməz məsuliyyətli işdir. Bir anlıq düşündüm ki, bunun öhdəsindən gələcəm. Anam mənim bütün sosial məsuliyyətdən uzaq qalmağıma yardımçı oldu. Diqqətimi yalnız bu işin üzərində topladım. Yarımçıq qalmasından, mənəvi itkidən çox ehtiyatlanırdım. Bilirsiniz ki, ipək kitabın eni 29, uzunluğu isə 33 santimetrə yaxındır. Kitabın ərsəyə gəlməsində 50 metrdən çox ipək parça istifadə olunub. Üç ilə başa gələn kitab ümumilikdə 614 səhifədən ibarətdir.

- Səhv etmirəmsə, Səudiyyə Ərəbistanında, Türkiyədə, eləcə də digər müxtəlif ölkələrdə olmusunuz. “Qurani-Kərim”in hazırlanmasında istifadə edilən ipəyi hansı ölkədən əldə edirsiniz?

- Bilirsiniz, hansı ölkəyə səfər edirəmsə ilk getdiyim yer ipək və boyalar satılan mağazalar olur. Bu kitabda istifadə etdiyim məhsulları, ipəyi Türkiyədən əldə etmişəm. Kitabın yazılmasında da Türkiyədə nəşr olunan “Qurani-Kərim” nüsxələrindən istifadə etmişəm.

- Bütün dünya mətbuatı sizin qeyri-adi istedadınızdan danışır. Bu qədər tanınacağınızı gözləyirdinizmi? Xarici ölkələrdən iş təklifləri almısınızmı?

- 2014-cü ildə Türkiyəyə gələndə, özümə söz verdim ki, Azərbaycanın adını ucaltmaq üçün əlimdən gələni edəcəm. Harada olmağımdan asılı olmayaraq, azərbaycanlıyam. Vətənimi də hər yerdə layiqli şəkildə təmsil edəcəm. İş təklifləri deməzdim, amma sərgi üçün müraciət edənlər olur.

- Kariyeranızı xarici ölkələrdə davam etdirmək şansınız olsa, həmişəlik gedərdinizmi?

- Bilirsiniz, hazırda təhsilim davam edir. Diqqətimi çəkəcək xüsusi iş təklifləri də yoxdur. Bilmək olmaz. Həyat sürprizlərlə doludur. Həm də Türkiyə mənim üçün xarici ölkə statusunda deyil. Burada özümü vətənimdə kimi hiss edirəm.

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana bağışladığınız unikal hədiyyədən də bir az danışaq. Ərdoğana belə bir hədiyyə ərmağan etmək haradan ağlınıza gəldi?

- Könül xanım, bu, əslində düşündüyüm bir şey deyildi. Yəni “Qurani-Kərim”i işləməyə başlayanda məqsədli şəkildə hədiyyə edəcəm deyə düşünməmişdim. Amma Türkiyəyə təhsil almaq üçün gəldiyimdə mənim bütün maddi ehtiyaclarımı bu ölkə qarşılayıb. İçimdə özümü onlara borclu hiss edirdim. Sanki, bu borcdan necə çıxmaq olar deyə düşünürdüm. Kitabı demək olar ki, yarılamışdım. Öz-özümə dedim ki, bu işimi yekunlaşdırım və minnətdarlıq əlaməti olaraq Türkiyə prezidentinə hədiyyə edim. Valideynlərim hər zaman deyir ki, yaxşılığı qarşılıqsız qoymaq olmaz. Beləliklə, müraciət etdim təhsil aldığım müəssisənin rəhbərliyinə. Onların köməkliyilə Prezident Rəcəb Tayyib Ərdoğana hədiyyə vermək istəyim bildirildi. Prezident də sağ olsun, Mərmərə Universitetinin 135-ci il dönümünə həsr olunmuş tədbirdə iştirak edərkən, məni kürsüyə çağıdılar və bu hədiyyəni ona təqdim etdim.

- Türkiyə prezidenti hədiyyəni necə qarşıladı və onunıa hansısa söhbətiniz oldumu?

- Elə bir söhbətimiz olmadı. Sadəcə, hədiyyə onu çox təəccübləndirdi. Qürur hissi duyduğunu bildirdi. Mənə təşəkkür edərək, işlərimdə uğurlar arzuladı.

Amma ən böyük arzularımdan biri də Prezidentimizə - cənab İlham Əliyevə gözəl bir sənət əsəri hədiyyə etməkdir. Ümid edirəm ki, nə vaxtsa qeyri-adi unikal bir əl işimi Azərbaycan Prezidentinə hədiyyə etmək imkanı mənə nəsib olacaq.

- Səudiyyə Ərəbistanı Kralı ilə görünüşdüyünüz deyilir. Necə baş tutdu bu görüş?

- Azərbaycanda ilk dəfə kitabımın təqdimatını keçirtdikdən sonra, Səudiyyə Ərəbistanın Azərbaycandakı səfiri mənimlə əlaqə saxladı. Düzdür, artıq mən Türkiyəyə qayıtmışdım. Lakin ölkəyə gəldiyimdə məni səfirliyə çağırdılar və kral ailəsinin məni öz ölkələrinə dəvət etdiklərini dedilər. Anamla birgə oraya səfər etdik. Həcc naziri bizi ailəsi ilə tanış etdi və bizimlə çox yaxından maraqlandı. Bizi Kəbənin örtüyü hazırlandığı fabrika apardılar. Hətta mən özüm orada bir neçə tikiş də atdım. Mənim üçün çox maraqlı səfər idi. Hazırladığım “Qurani-Kərim”in burada da kiçik bir videotəqdimatı oldu.

- Təhsilinizi bitirdikdən sonra Azərbaycana qayıdacaqsız?

- Mən daimi olaraq ölkədən çıxmamışam. Təhsilimlə bağlı Türkiyəyə gəlmişəm. Harada olmağımdan asılı olmayaraq Azərbaycan mənim vətənimdir. Azərbaycana tez-tez gəlib-gedirəm. Hazırda təhsilim davam edir. Gələcək üçün planlarımın gedişatını isə zaman göstərəcək.

- Çox xoş oldu, sizinlə söhbət, minnətdaram.

- Çox sağ olun, Könül xanım. Mənim üçün də xoş oldu.

Könül Cəfərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Astroloji proqnoz - 13 fevral

Astroloji proqnoz - 13 fevral

13 Fevral 2018 00:08
Astroloji proqnoz - 15 fevral

Astroloji proqnoz - 15 fevral

15 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08