Nənəsini, babasını “öldürən”, dünyanı barmağına dolayan DAHİ SAXTAKAR
İdman
16 Yanvar 2018 22:03

Nənəsini, babasını “öldürən”, dünyanı barmağına dolayan DAHİ SAXTAKAR


“Aldığı nəfəs də yalandır”... Tanış ifadədir, deyilmi? Hər nəfəsində, hər addımında fırıldağa əl atan insanlar olur. Yəqin ki, çoxlarınızın rastına çıxıb. Belələrinə el arasında “moşennik” deyirlər. Bu anadangəlmə fırıldaqçılar öz “iş”inin ustası olur. Adamı gözünün içinə baxa-baxa elə dolandırır ki, heç ruhu da incimir. Anlayanda isə iş-işdən keçmiş olur...

Təəccübünüzü anlayıram. Birdən-birə belə mövzuya müraciət etməyimin səbəbi var. Bu il futbol tarixinin ən uğurlu fırıldaqçılarından birinin yubileyidir. Əslində belə birisinə yazı həsr etdiyimə görə məni qınaya bilərsiz. Ancaq onun çıxartdığı hoqqalardan xəbərdar olandan sonra mənə haqq verəcəksiniz. Qısaca belə şərh verim ki, adam onlarla məşhur klubu əlcək kimi dəyişib, ancaq heç birində meydana çıxmayıb.

Mükəmməl tapıntı - “Banqa”nın kralı

1980-ci illərdə Braziliyada futbol biznesinin tanınmış mafiozlarından olan, eyni zamanda o vaxtki FİFA prezidenti Joao Avelanjın yaxın dostu Kastor de Andrade kluba transfer etdiyi yeni hücumçuya yağdırılan komplimentləri yığıb-yığışdıra bilmirdi. Karlos Enrike Rapozonu (pasport adıdır, bunu yadda saxlayın - red.) superforvard adlandırırdılar. O, isə əfsanəvi Frans Bekkenbauerin şərəfinə özünü Karlos Kayzer adlandırmışdı. Bir sözlə, “Banqa”nın 25 yaşlı “superforvard”ı hələ yaşıl meydanda qapının yolunu tanımırdı, bir qol belə vurmamışdı... Qol nədi, o, bir rəsmi oyuna belə çıxmamışdı!

Hərçənd, belə “xırda” detallara fikir verən kim idi? Sizə 1980-ci ildən danışıram. Nə internet var idi, nə “Vikipediya”, nə də “Transfermarkt”. Hamı kağızda yazılan “xasiyyətnamə”yə inanırdı. Orada da ki, nə yazsan qəbul idi...

“Banqa"nın kralı” yeni klubunda da nə oynadı, nə də qol vurdu. Vaxtını müayinələrdə və müalicələrdə keçirdi, ailə problemlərini həll elədi, Allah bilir daha hansı işlərlə məşğul oldu. Bu vəziyyət cənab Kastoru boğaza yığdı. Təsəvvür edin ki, “superforvard”ın müqaviləsinin müddəti başa çatmaq üzrədir, klub rəhbəri hələ də onu meydanda görməyib. Kim olsa, dəliyə dönər.

“Qulaq as, prezident zəng etmişdi. O, sabah səni meydanda görmək istəyir”, - deyə, “Banqa”nın baş məşqçisi “dahi futbolçu”ya xəbər verir. Məşqçi onun fırıldağını anlasa da, bunu açıq şəkildə klub prezidentinə bildirməkdən çəkinirdi. Zarafat deyil, cənab Kastor əlində tapança meydanda hakimi qovan adam olub. Oyunu düzgün idarə etmədiyinə görə... Karlos Kayzer də bossun nüfuzu haqda eşitmişdi. Odur ki, bu xəbəri eşidəndə əsəbi halda udqundu.

Məşqçi: “Adını iştirak ərizəsinə salıram, işlər yaxşı getsə, ehtiyatda saxlayacam səni, qələbənin fonunda heç kimin yadına düşməzsən”. Bu sözlərdən sonra Kayzer dərindən nəfəs alır. Və öz işinin arxasınca gedir. Onun ən yaxşı bacardığı iş isə gecə klublarında əylənmək idi.

Ertəsi gün “Banqa” oyunun debütündə ardıcıl iki qol buraxan kimi məstixumar hücumçu qorxudan 1 litrlik su butılkasını başına çəkir. Bundan sonra bəlkə də bir az ümid var idi ki, məşqçi onu bu vəziyyətdə meydana buraxmaz, özü-özünün düşməni deyil ki... Bu dəmdə prezident lojasından bir nəfər təngnəfəs halda özünü yetirdi. Bossun köməkçisi imiş. Əli ilə Karlosu işarə edərək deyir: “Özünü göstərmək vaxtıdır”.

Baş məşqçi və futbolçu təəccüblə bir-birinə baxır. Çarəsiz qalan “Kral” ayaqları əsə-əsə isinmə hərəkətlərini yerinə yetirməyə gedir. O, ayaqlarını zorla daşıyırdı. Ağlında vəziyyətdən çıxmaq üçün yeni fırıldaqlar fikirləşirdi: bəlkə gün vurma bəhanəsi ilə özümü yerə atım...

Bu zaman rəqib azarkeşlərin olduğu sektorun qarşısından keçərkən gözlənilmədən tribunaya hücum çəkdi və azarkeşlərlə vuruşmağa başladı. Gör vəziyyət nə yerə çatdı ki, referi “Banqa”nın tapanca ilə gəzən mafioz rəhbərindən qorxmayaraq, Karlosa birbaşa qırmızı vərəqə göstərdi. Vəssalam, artıq meydana çıxmaq təhlükəsi sovuşmuşdu, amma fırıldaqçı Karlosu daha bir problem gözləyirdi - zəhmli bossla söhbət. O, bunun üçün də bir çıxış yolu fikirləşəcək qədər dahi fırıldaqçı idi. Onlar arasındakı dialoqdan özünüz hər şeyi başa düşəcəksiniz.

Oyundan sonra boss əsəbi halda paltardəyişmə otağına girən kimi Karlos onu qabaqlayaraq istedadını işə saldı, özü də sarı simə toxunaraq: “Tanrı mənim hər iki valideynimi alıb. Amma burada siz mənə ikinci ata oldunuz. Mən isinmə hərəkətlərini yerinə yetirərkən yaramaz fanatlar sizin ünvanınıza nalayiq sözlər qışqırırdılar. Bu üzdən özümü saxlaya bilmədim. Bağışlayın, çox-çox üzr istəyirəm, sizi üzmək istəməzdim. Onsuz da müqaviləm bitir, daha sizə problem yaratmayacam...”

Otağa əsəbi halda girən senyor Kastor bu “çıxış”dan sonra şam kimi əridi, hətta gözləri də yaşardı. “Oğlu”nu qucaqladı və müqaviləni daha yarım il artıracağına söz verdi. Yəni “istedadlı” braziliyalının macərası hələ də davam edəcəkdi.

Uzun sözün qısası, Karlos Kayzer “Banqa”da bir rəsmi oyuna belə çıxmadı. Onun məhz bu klubda vurduğu yeganə qolun videosu isə saxta idi. Karlosun bütün karyerası kimi...

Futbolu sevməyən yeganə braziliyalı

Karlos Kayzer kimi fırıldaqçının heç bir sözünə inanmaq olmaz. Ancaq valideynləri haqda dedikləri yalan deyildi. Valideynləri dünyadan köçəndə Karlosun heç 16 yaşı olmamışdı.

Böyük ehtimalla Karlos futbolu sevməyən yeganə braziliyalı uşaq idi. Əslində oyunla bağlı hər şey - fanatlar, titullar, şöhrət, pul onun xoşuna gəlirdi. Ancaq bunun üçün məşqlərdə tər tökmək, oyunlarda sağlamlığını riskə atmaq onluq deyildi.

Anası onu “Botafoqo”nun futbol akademiyasına az qala döyə-döyə aparmışdı. O günləri qəhrəmanımız belə xatırlayır: “Anam mənim xoşbəxt həyat quracağıma ümid edirdi. Mən isə hər gün məşqə getməyin dərdini çəkirdim”.

Yaxınlarının ölümündən sonra bəlkə də o, futboldan uzaqlaşacaqdı. Əgər meksikalı seleksiyaçılar onu “Puebla”ya dəvət etməsəydi...

“Meksikaya getdiyim ilk gündən ev üçün darıxmağa başladım. Bu ölkədə özümü rahat hiss etmirdim, yeməklərini də xoşlamırdım. Heç futbol oynamaq da istəmirdim. Bir neçə yoldaşlıq oyununda iştirak etdim, hətta cərimə zərbəsindən qol da vurdum. Ancaq hər şeydən tez bezdim və dedim ki, əzələmi dartmışam, ayağım ağrıyır. Düzdür, həkimlər şübhə etsə də, əksini sübut edə bilmədilər”, - deyə braziliyalı fırıldaqçı təəssüratlarını bölüşür. “Əzələ zədəsi” saxta futbolçunun gələcək karyerasında mühüm yer tutdu. Beləliklə, o, Rioya qayıtdı.

Saxta “Karlos Enrike”

“Flamenqo” və “Botafoqo”nun yeniyetmə komandalarında Karlosu istedadlı oğlan kimi tanıyırdılar və tərəddüd etmədən onun adını iştirak ərizəsinə salırdılar. O da öz növbəsində dərhal “zədələnərək” uzun müddətə sıradan çıxır və futbolu ona sevdirən işlərlə - gecə həyatı, ulduzlarla tanışlıq, qızlarla kef məclisləri - məşğul olurdu.

Baş məşqçi və həkimlər onun sıraya dönüşünü gözlədiyi anda “yeni problem” ortaya çıxırdı. Məsələn, dişini düzəltdirərkən infeksiya düşməsi kimi. Özü kimi fırıldağa meyilli stomatoloqla lazımi sənədləri düz-qoş etmək onun üçün su içmək kimi bir şey idi.

Əlbəttə, o, gələcək haqda da “düşünürdü”. Əyləncəli gecələr və dünya şöhrətli Karlos Alberto Torres (Azərbaycan millisinin sabiq baş məşqçisi - red.), Rikardo Roşa və Renato Qauşo kimi məşhurlarla tanışlıq Kayzerin işinə yarıyırdı. O, yeri gələndə “dostlar”ından bu və ya başqa kluba ağız açmalarını xahiş edirdi. Jurnalistlərlə də dost olmuşdu. Onun reklam olunmasında qələm əhlinin xidmətləri danılmaz idi. Gah müsahibə, gah dünya nəhənglərinin Kayzerlə maraqlandığını yazırdılar.

Braziliyalı qəhrəmanımızın saxta həyatında xüsusi rolu olan məqamlardan biri də “işədüzəlmə” üçün uğurlu fənd sayılan videokasset olub. Karlos Enrikenin qollarından hazırlanan saxta icmal... Düzdür, görüntülərdəki Karlos Enrikedir. Ancaq “İndependyente”dəki məşhur argentinalı Enrike...

Kayzerin dediyinə görə, onlar bir-birinə çox bənzəyirmiş. Məhsuldar, uğurlu, Libertadores Kubokunun qalibi olan futbolçunun adı kassetdə “Carlos Enrique” yazılmışdı. O vaxtkı çəkilişin keyfiyyəti də elə idi ki, adamı dəqiq seçmək olmurdu. Həm də Braziliyada belə Karloslar vaqonlarla idi. Kim idi bunu araşdıran...

Nənəsini “öldürən” ilk futbolçu

Əslində Karlos Kayzer pul düşkünü olmayıb. Bir çox braziliyalı kimi uşaqlıqda o qədər əzab-əziyyət görüb ki, arzusu firavan və qayğısız həyat yaşamaq idi. Bunu da futbol sayəsində əldə etdiyi üçün həyatından məmnun olub. Ancaq pul xərcləməklə də arası yox idi. Hər dəfə bir-birindən qeyri-adi bəhanələrlə vəziyyətdən çıxırdı. Məsələn, dostlarıyla restoranda yeyib-içəndən sonra hesabı vermək vaxtı gələndə ağlını işə salıb: “Soyğunçu bankomat kartımı yeyib. Bu dəfə yeməyin pulunu sən verə bilərsən?” və ya “Lənət şeytana, cüzdanımı götürməmişəm. Növbəti dəfə taksi pulunu mən verərəm”.

Artıq hamı onun xasiyyətinə bələd idi. Təbii ki, Karlosun ulduz dostları üçün bu məbləğlər qəpik-quruş idi.

Zədə bəhanələrindən bezəndə fantaziyasını işə salaraq başqa variantlar tapırdı. 10 il əvvəl Stiven Ayrlend adlı futbolçunun necə biabır olduğunu xatırlayırsız?

Nənəsini “öldürən” irlandiyalı futbolçu milli komanda rəhbərliyindən dəfnə getmək üçün icazə istəyir. Jurnalistlərin araşdırmasından sonra məlum olur ki, onun hər iki nənəsi sağ və salamatdır. Əslində isə, Ayrlend sevgilisinin yanına getmək istəyibmiş. Bu hadisədən sonra millinin qapıları onun üzünə birdəfəlik bağlandı.

Fırıldaqda istedadı aşıb-daşan Karlosun buna oxşar cəhdi daha uğurlu olub. Odur ki, onu ilk “qatil” futbolçu saymaq mümkündür. Müxtəlif klublarda bir neçə dəfə nənəsinin, babasının, qohumlarının “dəfninə” gedən braziliyalı bir neçə həftə də psixoloji reabilitasiya bəhanəsiylə dincəlib. Kim nə biləcək ki? Braziliya, 1980-ci illər, İnternet yox... Kim yoxlayacaq? Heç buna cəhd edən də yox idi.

Əlbəttə, bir müddətdən sonra məşqçilər və klub rəhbərləri saxtakar futbolçu tərəfindən axmaq yerinə qoyulduqlarını anladılar. Ancaq kim özünü yandırar ki? Ondan xilas olmağın tək yolu müştərilərə onu tərifləmək idi. Təsadüfi deyil ki, Karlos transfer olduğu klublarda heç vaxt baxışa çağırılmayıb. Yəni üst səviyyədə keçid olub. “Vasko da Qama”, “Fluminense”, “Flamenqo” və digərlərinə onun videokassetini, “tərifnamələr”ini, qəzetdəki məqalələrini göstərmək və nüfuzlu futbolçu dostlarının onun haqqında dedikləri kifayət edirdi.

“Real” və “Liverpul”dan gələn “zəng”

Bir neçə dəfə onu təmiz suyun üzərinə çıxarmağa çalışıblar. Müayinələr keçirilib, həkim-diaqnostlara müraciət edilib, hətta bir dəfə yardıma sehrbaz da çağırılıb.

“Mən həkimə dedim: elə şeylər var ki, qara magiya da onun qarşısında çarəsizdir. Ona pul da verdim. O da məşqçiyə dedi ki, bu zədənin qarşısında acizdir”, - deyə Kayzer daha bir fırıldağını gülə-gülə xatırladır.

Əlbəttə, Karlos Kayzerin saxtakarlığının üstü bir neçə dəfə açılmağa yaxın olub. Hətta bir dəfə saxta hücumçu son anda “kəfəni yırtıb”. Onun “Botafoqo”dan qovulmasının tarixçəsi isə dünya mətbuatının gündəminə qədər gedib çıxmışdı. Bu haqda az sonra...

Adını gündəmə çıxartmaq üçün onun daha bir hiyləsi digər klubların transfer siyahısına düşməsi ilə bağlı xəbərlər yaymaq idi. Arabir tanış qəzetlərdə haqqında gedən xəbərlər onu qane etmirdi. Karlos Braziliyada mobil telefon işlədən ilk futbolçulardan olub. O vaxt üçün bu, çox nadir rastlanan və imkanlı görüntüsü yaradan hal idi. Amma o, bu qədər xərcə düşməyi görün necə sığortalayırmış...

“Botafoqo”nun bazasında gəzərkən (çox vaxt zədəli olduğu üçün işi-gücü gəzmək idi - red.) ona tez-tez guya “Real” və “Liverpul”un düşərgəsindən “zəng”lər gəlirmiş. Karlos da ingiliscə nəsə danışırmış. Portuqaldilli oyundaşları, məşqçiləri və klub personalı da onun danışığından yalnız iki sözü başa düşürdü – “transfer” və “good”. Bircə “Botafoqo”nun həkimi əvəllər Londonda təcrübə keçdiyindən ingilis dilini normal bildiyi üçün kələfin ucunu açır. Sən demə, Kayzer telefonda da saxta dildə danışırmış. Onun danışığına diqqətlə qulaq verən həkim hər şeyin cəfəngiyyat olduğunu anlayır və şarlatanı ifşa edir. Ancaq bu hələ harasıdır? Onu müayinə edən həkim fırıldağın üstünü açmağa qərar verərkən daha bir şokla qarşılaşır. Karlosun hamamdan çıxmasını gözləyərkən telefonuna baxan həkim nə görsə yaxşıdır? Sən demə, bu vaxta qədər xarici klublarla elmə məlum olmayan dillə transfer danışıqları oyuncaq telefonla aparılırmış...

Karlos “Botafoqo”dan az qala hamam dəsmalıyla qaçdı. Dahi hiyləgər çoxdandı taleyin belə ağır zərbəsiylə qarşılaşmamışdı.

Futbolçuların dostu, əyləncə və seks

Onsuz da futbol oynamaqdan xoşu gəlməyən Karlosun axmaqlıqları ildən-ildən daha da artırdı. Hətta get-gedə fırıldaqların səviyyəsi də gülməli həddə çatmışdı. Kayzer əvəzedicilərlə əvvəlcədən razılaşdırırdı ki, məşqdə onun ayağına vursunlar. Beləcə zədələnərək oynamaqdan canını qurtarsın.

Onu Avropaya aparanda (bəli, bəli, Fransanın “Ayaçço” klubu onun kələyinə aldanmışdı - red.) təqdimat mərasimindən sonra adəti üzrə meydanda yüzlərlə fanatın qarşısında bir-iki texniki hərəkət, driblinq göstərməli idi. Vəziyyətdən necə çıxmaq olardı ki? Bu vəziyyətdən çıxmasaydı, ona dahi fırıldaqçı deməzdilər axı...

Göstəriləsi ustalıq yox idi. Odur ki, Karlos ətrafındakı topları bir-bir fanatlara atdı. “Əfsanəvi braziliyalı dahi”dən belə hədiyyə alan fanatlar isə xoşbəxt görünürdü. Klub rəhbərliyi də bundan razı qalmışdı...

Bütün bu hiyləgərliklərinə baxmayaraq, “oynadığı” klublarda komanda yoldaşları onun xətrini çox istəyib. Səbəbi sadədir: zarafatcıl, xoşxasiyyət, motivatorluq. Onun üçün əyləncəli gecə təşkil etmək və ora onlarla gözəl qız gətirmək xırda bir şey idi. Futbolçularla dost olmağı da əla bacarırdı.

Bu il Karlosun 55 yaşı tamam olacaq. O, hazırda qadın fitnes salonunda təlimçi işləyir. Həmişəki kimi həyatında əyləncədən və seksdən korluq çəkmir. Heç nədən də peşmanlıq hissi keçirmir. İstənilən halda, fırıldaqlarıyla, yalanları ilə tarixə düşməyi bacarıb. Texnologiyanın inkişaf etdiyi bu əsrlərdə çətin ki, bir də belə hal təkrarlansın.

Pərviz Hikmət







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 fevral

Astroloji proqnoz - 21 fevral

21 Fevral 2018 00:18
Astroloji proqnoz - 16 fevral

Astroloji proqnoz - 16 fevral

16 Fevral 2018 00:08
Astroloji proqnoz - 18 fevral

Astroloji proqnoz - 18 fevral

18 Fevral 2018 00:13
Neft bahalaşdı

Neft bahalaşdı

15 Fevral 2018 09:18
Astroloji proqnoz - 17 fevral

Astroloji proqnoz - 17 fevral

17 Fevral 2018 00:08
Astroloji proqnoz - 27 yanvar

Astroloji proqnoz - 27 yanvar

27 Yanvar 2018 00:08