"AAAF-inşaat"dan ev almaq istəyənlər aldadılıb - Daha bir "mənzil fırıldağı"
Ölkə
7 May 2017 14:34

"AAAF-inşaat"dan ev almaq istəyənlər aldadılıb - Daha bir "mənzil fırıldağı"


Vətəndaşlara məşhur yaşayış kompleksindən ev satacağını vəd edərək, onlara qarşı dələduzluq edən şəxs aldığı cəzadan narazı qalaraq apellyasiya şikayəti verib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, dələduzluqda təqsirləndirilərək həbs edilən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2016-cı il tarixli hökmü ilə 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 1975-ci il təvəllüdlü Qafarov Nofəl Nəriman oğlu aldığı cəzadan narazı qalıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci ( dələduzluq külli miqdarda olduqda) maddəsi ilə təqsirli bilinərək həbs edilən Nofəl Qafarov aldığı cəzadan apellyasiya şikayəti verib. Onun apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Nazim Mövsümovun sədrliyi ilə baxılıb.

İttihama görə, N.Qafarov özgənin əmlakını ələ keçirmək məqsədilə 2014-cü ilin mart ayında Natiq Qurbanov adlı şəxsin etibarından sui-istifadə etməklə ona Xırdalan şəhəri 26-cı məhəllədə yerləşən icarə qaydasında işlətdiyi mağazada iş görməyi təklif edib.

O, gündəlik istifadə olunan malların alınması üçün nəğd pul lazım olduğunu bildirərək mağazada gedən alverin bir hissəsini maliyyələşdirməyi Natiq Qurbanova təklif edərək əvəzində xeyirin 10 faizini ona verəcəyini vəd edib. Bu məqsədlə Natiq Qurbanovdan 2014-cü ilin iyun ayında 10 min manat, avqust ayında 6 min manat dəyərində müxtəlif əşyalar, noyabr ayında isə 6 min manat alıb. Aldığı pulun 2 min manatını qatarsa da Natiq Qurbanova ümumilikdə 20 min manat ziyan vurmaqla dələduzluq cinayətini törədib.

Bundan başqa o, 2014-cü ilin iyun ayında Elşən Rəhimov adlı şəxsin etibarından sui-istifadə edərək özünü Xırdalan şəhərindəki "AAAF-inşaat" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) inşa etdiyi 2 saylı binanın 13-cü mərtəbəsində yerləşən mənzillərin sahibi olan Müşviq Şıxəlizadənin yaxın qohumu kimi təqdim edib. Və bildirib ki, Müşviq Şıxəlizadə mənzillərin satışını etibarnamə ilə ona həvalə edib. Həmin mənzillərdən birini Elşən Rəhimova satmaq adı ilə ondan 17 min manat alıb.

Eyni qayda ilə 2014-cü ilin iyunda Mürşüd Kazımov adlı şəxsin etibarından sui-istifadə etməklə onun10 min manatını ələ keçirib. Ardınca isə Vahab Kazımovu aldadaraq özünü "AAAF-inşaat" MMC-nin inşa etdiyi binaların satışına nəzarət edən səlahiyyətli şəxs kimi təqdim edərək ona ev satmaq adı ilə 8 min manatını alıb.

Nofəl Qaforovun aldatdığı digər şəxs isə Könül Yusifova adlı vətəndaş olub. Adı çəkilən MMC-dən ona ev alacağını vəd edərək Könül Yusifovanın 3550 manatını ələ keçirib. Rafail Yusifov adlı vətəndaşın da etibarından eyni üsulla sui-istifadə etməklə ona "AAAF-inşaat"dan ev satacağını vəd edərək 2700 manat pulunu alıb.

Nofəl Qafarovun vəkili Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verərək hökmün cəza hissəsinin dəyişdirilib müdafiə etdiyi şəxsə daha yüngül cəza təyin edilməsini istəyib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkumun himayəsində 3 azyaşlı uşağı var, məhkum tərəfindən zərərçəkmiş şəxs Elşən Rəhimova 2250 manat, zərər çəkmiş şəxs Mürşüd Kazımova 1800 manat ödənilib. Vəkil apellyasiya şikayətini müdafiə edərkən qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edilərkən işin bu halları nəzərə alınmayıb. Vəkil onu da bildirb ki, Nofəl Qafarov azadlıqda olarsa, qısa müddətdə qalan zərəri də ödəyəcək.

Bakı Ağır Cianyətlər Məhkəməsinin hökmündən zərərçəkmişlərdən ikisi apellyasiya şikayəti verib. Onlardan Mürşüd Kazımov apelyasiya şikayətində qeyd edib ki, ilk məhkəmədə onun mülki iddiası qismən təmin edilib. O, apellyasiya məhkəməsindən hökm hissəsinin ləğv edilməsini və mülki iddiasının tam həcmdə təmin edilməsini istəyib.

Zərərçəkmiş Elşən Rəhimov da apellyasiya şikayəti verərək evinin təmirinə xərclədiyi 10 min manatının ödənilməsini istəyib. O, şikayətində bildirib ki, həbsdə olan Nöfəl Qafarov vasitəsi ilə tanıdığı Rəfiyev Ramin Hatəm oğluna evin təmiri üçün 10 min manat verib, amma aldadılıb. O, məhkəmədən Ramin Rəfiyevin barəsində cinayət işinin başlanılması üçün xüsusi qərar qəbul edilməsini xahiş edib.

Məhkəmə zərərçəkmişlərin ifadələrini, işə əlavə edilmiş sənədləri müzakirə edib. Məhkəmə belə nəticəyə gəlib ki, iş üzrə toplanmış sübutların məcmusu ilə N.Qafarovun hökmün təsviri hissəsində göstərilən hallarda təkrarən, külli miqdarda ziyan vurmaqla dələduzluq, yəni aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsində təqsirli olması sübuta yetirilib.

Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin sübutlara düzgün qiymət verdiyi qənaətinə gəlib və N.Qafarovun əməlinin əsaslı və qanuni olaraq Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə tövsif edildiyini bildirib. N.Qafarovun qəsdən ağır cinayət törətməsi, altı nəfərə qarşı dələduzluq etməsi sübuta yetirilib.

Məhkəmənin yekun qərarında qeyd edilir ki, N.Qafarov ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, məhkəmə istintaqı zamanı cinayət əməlinin törədilməsini etiraf edib, cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi üçün zərərçəkmiş şəxs E.Rəhimova 2250 manat ödənilib. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs N.Qafarova cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alıb.

Məhkəmə kollegiyası hesab edib ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs N.Qafarova təyin edilmiş cəza onun törətdiyi cinayətin ağırlığına, onun şəxsiyyətinə, cəzanı yüngülləşdirən və işin digər hallarına uğun gəlir.

Zərərçəkmişlərin də apellyasiya şikayətinə qiymət verən məhkəmə zərərçəkmiş şəxs Mürşüd Kazımovun mülki iddiasının təmin edilməsi barədə qərar çıxarıb. Bu qərar cəzasının azaldılacağına ümid edən N.Qafarov üçün arzuolunmaz olub. Mürşüd Kazımovun mülki iddiası təmin edilərək təqsirləndirilən şəxs N.Qafarovdan 10100 (on min yüz) manat məbləğində pul tutulub, zərərçəkmişə ödənilməsi barədə qərar qəbul edilib. İlk məhkəmə isə dəymiş zərəri 8300 manat olaraq qəbul etmişdi.

Digər zərərçəkmiş E.Rəhimovun isə apellyasiya şikayəti təmin edilməyib.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 noyabr

Astroloji proqnoz - 18 noyabr

18 Noyabr 2017 00:08