ƏƏSMN 195 əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib
Ölkə
21 İyun 2017 10:47

ƏƏSMN 195 əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərib


Bakı. Trend:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən son üç gündə 195 nəfər əlilliyi olan şəxs ölkəmizin səfalı güşələrinə istirahətə yola salınıb. Həmin şəxslərdən 65 nəfər Lənkəran, 80 nəfər Xaçmaz və 50 nəfər Quba rayonundakı istirahət mərkəzlərində dincələcəklər.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

“Əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalarına şərait yaradılması ölkədə aparılan sosial siyasətin əsas hədəflərindən biridir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir istiqaməti də əlilliyi olan şəxslərə yaz-yay mövsümündə mənalı istirahət etmək üçün şəraitin yaradılmasına yönəlib”, - deyə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudov əlillərin yola salınması zamanı bildirib.

Qeyd olunub ki, ƏƏSMN-nin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən ümumilikdə 1100 nəfərdən çox əliliyi olan şəxsin istirahətinin təşkili nəzərdə tutulub. Cari ilin yaz-yay mövsümü başlanandan bəri onlardan artıq 755 nəfərin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Qalan şəxslər də mövsümün sonuna qədər istirahət mərkəzlərinə yola salınacaqlar. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılıb gətirilməsi də xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir.

Yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə istirahət mərkəzlərində dincəlmələri üçün görülən işlərdən, ümumən sosial cəhətdən həssas əhali qruplarına xüsusi diqqət və qayğı göstərilməsindən razı qaldıqlarını qeyd edib, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR