Mehriban Əliyeva: "Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq"
Ölkə
27 İyun 2017 21:14

Mehriban Əliyeva: "Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq"


Biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması layihəsinin icrası çərçivəsində bu gün Abşeron rayonunun Masazır qəsəbəsində yeni mənzillərin verilməsi mərasimində deyib.

Mehriban Əliyeva bildirib: "Qeyd etmək istəyirəm ki, istər Heydər Əliyev Fondunda, istər Azərbaycan Mədəniyyət Fondunda mənim fəaliyyətimdə, istər bugünkü çox məsuliyyətli vəzifəmdə məhz sizlər mənim güc mənbəyimsiniz. Çünki mən atdığım hər addımda, hər bir insanla, çox sevdiyim Azərbaycan xalqı ilə ünsiyyətdə olanda doğrudan da sizin sevginizi, dəstəyinizi, inamınızı hiss edirəm. Mənim üçün bu, çox vacibdir.

Azərbaycanın müstəqilliyi bərpa olunandan bəri tarix baxımından çox da uzun bir müddət keçməyib. Amma Azərbaycan bütün sahələrdə - iqtisadiyyatda, siyasətdə, sosial, idman, mədəniyyət sahələrində əldə etdiyi nailiyyətlərlə bu gün dünya xəritəsində öz layiqli sözünü deyir. Əminəm ki, bütün bu uğurların təməlində Azərbaycan xalqı durur".

Daha sonra Birinci vitse-prezident əlavə edib: "Siz bu gün xatırlatdınız ki, son illər ölkəmizdə çox böyük beynəlxalq tədbirlər keçirilib. Təbii ki, ölkəmizə dünyadan gələn qonaqların, turistlərin sayı artır. Biz bu insanlarla görüşürük, ünsiyyətdə oluruq. Əlbəttə, onların hamısı Bakının gözəlliyindən, ölkəmizin inkişafından, Azərbaycanın mətbəxindən danışırlar. Amma xüsusi vurğulayırlar ki, burada çox gözəl, ürəyiaçıq, istiqanlı, qonaqpərvər insanlar yaşayırlar. Düzdür, gözəllik, abadlıq çox vacibdir. Amma əgər gözəl bir yerə gəlirsən və insanların simasında, necə deyərlər, nifrət, hirs görürsənsə, heç vaxt insan orada özünü rahat hiss etmir. Bütün qonaqlar məhz bunu deyirlər ki, siz xoşbəxtsiniz, sizin insanlarınız nə qədər gözəl və mərhəmətlidirlər. Mən buna çox inanıram və bununla fəxr edirəm. Fəxr edirəm ki, bizim xalqımız doğrudan da belə böyük ürəyə malikdir. Mən inanıram ki, qarşımızda duran məsələlərin, problemlərin, - onlar var və çoxdur, biz çox çətin bir dünyada yaşayırıq, - həlli üçün insanın xoş niyyəti, mərhəməti, insanlığı çox vacibdir və bunlar bizim xalqda var. Ona görə də biz mütləq bütün arzularımıza çatacağıq, ədalət bərpa olunacaq, Qarabağ problemi həllini tapacaq, siz hamınız öz doğma yurdlarınıza qayıdacaqsınız və biz bunu orada bir yerdə qeyd edəcəyik".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12