Prezident İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır
Ölkə
27 İyun 2017 22:42

Prezident İlham Əliyev: Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır


Bakı. Trend:

Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Varşavada Azərbaycan-Polşa biznes forumuda çıxışı zamanı deyib.

Mən cənab Prezidentə məni Polşaya səfərə dəvət etdiyinə, mənə və bizim nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz əməkdaşlığımızın inkişafının yeni mərhələsinə qədəm qoyuruq. Mənim Polşaya səfərim çox uğurlu keçir. Biz bir çox sənədləri imzalamışıq. Onların arasında mən strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq üzrə Birgə Bəyannaməni xüsusi vurğulamaq istəyirəm. Bu, siyasi və iqtisadi əlaqələrimizin inkişafında yeni bir yol xəritəsini əmələ gətirir. Bəyannamənin adı bizim iqtisadi əməkdaşlığa necə önəm verdiyimizi göstərir. Bugünkü biznes forum onun digər bir göstəricisidir. Çünki biznes icmaları çox həssasdırlar və çox aydın başa düşürlər ki, bu gün Polşa və Azərbaycan arasında yüksək səviyyəli siyasi əlaqələr onlar üçün yeni imkanlara yol açır. Məndə olan məlumata görə, bu gün biznes forumda şirkətlərimiz arasında bir neçə razılaşma imzalanacaqdır.

Əlbəttə ki, ticarət dövriyyəmizin cari səviyyəsi bizi qane edə bilməz və bu gün biz cənab Prezident və nümayəndə heyətləri ilə ticarət dövriyyəsinin necə artırılması yollarını müzakirə etdik. İqtisadi əlaqələrimizə təkan vermək üçün və həmçinin ixrac potensialımızın yaxşı mənzərəsinin formalaşmasına dair əlverişli fürsətlər var. Yəni, biz bir-birimizə nəyi ixrac edə bilər və hansı birgə biznes layihələrini icra edə bilərik.

Polyak dost və tərəfdaşlarımızı çox sürətli iqtisadi inkişaf münasibətilə təbrik etmək istəyirəm. Bu gün Polşa ən yüksək iqtisadi artım sürəti, siyasi və iqtisadi sabitlik nümayiş etdirir. İnkişaf isə bu gün ölkənizin tərəqqiyə doğru yolunu gücləndirmək üçün çox yaxşı imkanlar yaradır.

Azərbaycana gəlincə, ölkəmiz nisbətən gəncdir, müstəqillik yalnız 25 il bundan öncə bərpa olunmuşdur. Biz keçən il bunu qeyd etdik. Bu illər transformasiya illəri - siyasi, sosial və əlbəttə ki, iqtisadi transformasiya illəri olmuşdur. Bu gün Azərbaycan, həmçinin çox yaxşı iqtisadi fəaliyyət nümayiş etdirir. 2004-cü ildən bəri iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Biz işsizliyi və yoxsulluğu 5-6 faiz səviyyəsinə qədər azalda bilmişik. Hazırda ümumi daxili məhsulun 70 faizdən çoxu özəl sektorun payına düşür və maliyyə ehtiyatlarımız xarici borcumuzdan 4-5 dəfə artıqdır. Beləliklə, iqtisadi və siyasi baxımdan Azərbaycan sabit və son iyirmi ildə 200 milyard dollardan çox sərmayə cəlb edə bilmiş bir ölkədir. Bunların təxminən yarısını xarici sərmayələr təşkil edir. Əlverişli investisiya mühiti və əcnəbi investorlar üçün çox etibarlı investisiya şəraiti şirkətlərə Azərbaycanda işləmək üçün yaxşı imkanlar yaradır.

Biz Polşa şirkətləri ilə həm Azərbaycanda, həm də Polşada tərəfdaş qismində müxtəlif layihələrdə çalışmaq istəyirik. Biz investisiya qoyuluşu ilə bağlı layihələrdə iştirak etmək istəyirik. Biz Polşa şirkətlərini Azərbaycanda həyata keçirilməkdə olan enerji, nəqliyyat, tikinti layihələrində tərəfdaş olmağa dəvət edirik. Biz onları podratçı qismində dəvət edirik. Biz şirkətləri Azərbaycanda və regionda bazar potensialı olan sahələrə sərmayə yatırmağa dəvət edirik. Hesab edirəm ki, belə yaxşı siyasi münasibətlərə və iqtisadi əməkdaşlıq üzrə aydın təsəvvürə malik olmaqla biz çox qısa müddət ərzində uğur qazana, ticarət dövriyyəsini, zənnimcə, bir neçə dəfə artıra və biznes icmaları üçün çox möhkəm təməl yarada bilərik.

Azərbaycan sərhədlərimizdən çox kənara uzanan olduqca önəmli enerji və nəqliyyat layihələrini həyata keçirir. Nəqliyyat sahəsində, cənab Prezidentin qeyd etdiyi kimi, biz artıq dəhlizlərin yaradılması üzrə birgə fəaliyyətə başlamışıq. Azərbaycan nəqliyyat dəhlizlərinin yaradılması üzərində uzun illərdir ki, çalışırdı və indi bütün zəruri nəqliyyat infrastrukturu artıq yaradılmışdır. Bizim bütün qonşularımızla şimal, cənub və qərb istiqamətində dəmir yolu əlaqəmiz var. Bizim bütün təyyarələri qəbul edə bilən altı beynəlxalq hava limanımız var. Bizim yükdaşıma donanmamız dünya miqyasında fəaliyyət göstərən ən aparıcı yükdaşıma donanmalarından biridir. Ölkəmiz regionla ən yeni magistrallar şəbəkəsi ilə birləşir. Biz daşımaların həcmini Xəzər dənizində yeni tikilmiş ən böyük liman vasitəsilə artırırıq. Onun birinci mərhələsi artıq fəaliyyət göstərir və növbəti il dəniz limanının tikintisinin tamamlanması bizə ən azı ildə 15 milyon ton yük və bir milyon ton konteyneri yükləyib-boşaltmaq imkanını verəcəkdir. Artıq Çindən Avropaya gedən sınaq konteyner qatarları Azərbaycandan keçir. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizi demək olar ki, icra edilib. Azərbaycan nəinki təkcə ölkə daxilinə sərmayə yatırmış, eyni zamanda, Gürcüstanda dəmir yolunu tikmək üçün 700 milyon dollardan çox maliyyə dəstəyi göstərmişdir. İndiki mərhələdə biz İranda dəmir yolunu tikmək üçün maliyyə dəstəyinin göstərilməsi məqsədilə iranlı qonşularımızla danışıqların ən son mərhələsindəyik. Bu dəmir yolu İran dəmir yollarını bizim dəmir yolları ilə birləşdirəcəkdir. Beləliklə, biz çoxsaylı dəhliz formatını, Azərbaycan ərazisindən keçən, Şimali Avropadan Hindistana qədər uzanan Şimal-Cənub və Çindən Qərbi Avropaya qədər uzanan Şərq-Qərb dəhlizlərini yaratmış olacağıq.

Polyak dostlarımızla üzərində çalışdığımız digər bir layihə isə Cənub-Qərb dəhlizidir. Bunu cənab Prezident də qeyd etmişdir və mən çox şadam ki, Polşa bizim tərəfdaşımızdır. Şimal-Cənub və Şərq-Qərb dəhlizləri vasitəsilə yüklərin Azərbaycan ərazisindən çatdırılma vaxtı ənənəvi marşrutlarla müqayisədə ən azından iki dəfə qısa olacaqdır. Çoxlu işlər görüləcək, var-dövlət əmələ gələcək və layihə özü ilə yeni əməkdaşlıq sahələrini gətirəcəkdir.

Həyata keçirdiyimiz və Avropada çox yüksək səviyyədə dəstəklənən digər bir vacib layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Bu gün bu layihə Avropaya qazın çatdırılması üçün yeganə yeni mənbədir. Cənub Qaz Dəhlizi Azərbaycanın bir neçə il bundan öncə başladığı layihədir. Bu, dəyəri 40 milyard dollar təşkil edən və demək olar ki, artıq tamamlanan bir layihədir. Bizə bu layihəni 100 faiz tamamlamaq üçün 2-3 il lazımdır. İndi bu layihənin müxtəlif seqmentlərinin icrası 40-95 faiz arasındadır. Bu, Avropaya təbii qazın çatdırılması üçün digər bir mənbə olacaqdır. Bu, enerji şaxələnməsi, enerji təhlükəsizliyi, Avropa bazarlarına təbii qazın davamlı çatdırılması deməkdir. Biz cənab Prezidentlə bu sahədə əməkdaşlığın perspektivlərini müzakirə etdik. Azərbaycan Avropa bazarlarına neftin çatdırılmasında artıq etibarlı tərəfdaşdır. Bizim Polşa ilə əməkdaşlığımız da çox uğurludur. Beləliklə, əməkdaşlığımızın bu aparıcı qüvvələri qlobal enerji, nəqliyyat və təhlükəsizlik layihələri kimi mühüm əhəmiyyət kəsb edir. Lakin, eyni zamanda, onlar bu layihənin bir hissəsi olmaq üçün özəl şirkətlərə böyük imkanlar açır. Mən bir daha Polşa şirkətlərini bizim tərəfdaşımız olmağa dəvət edirəm. Biz daha sıx iqtisadi və işgüzar əlaqələr yaratmaq istəyirik. Polşa bizim üçün yaxın dost və nəinki Avropada, dünya miqyasında böyük potensialı və çox yaxşı mövqeyi olan bir ölkədir.

Bu gün həmkarım Prezident Dudanı böyük müvəffəqiyyət - Polşanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına demək olar ki, iki yüz ölkənin dəstəyi ilə qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etdim. Bu, ölkənizə beynəlxalq səviyyədə olan hörmətin və sizin etdiklərinizə verilən qiymətin əlamətidir. Əmin ola bilərsiniz ki, Cənubi Qafqaz və Xəzər regionunda sizin etibarlı dostunuz və tərəfdaşınız var. Bacarıqlı, sözünə əməl edən və əməkdaşlığımızı gücləndirmək istəyən dostunuz var. Əminəm ki, ölkələrimizin biznes icmaları imkanları ətraflı şəkildə nəzərdən keçirəcəklər. Əminəm ki, siz bu gün kənd təsərrüfatı, sənaye, turizm, əczaçılıq və böyük potensialı olan digər əməkdaşlıq sahələrində müxtəlif layihələri müzakirə edəcəksiniz. Biz bunu Prezident Duda ilə artıq müzakirə etdik və əminəm ki, müzakirələriniz və qarşılıqlı əlaqələriniz yaxşı nəticələrin hasil olunmasına gətirib çıxaracaqdır.

Bir daha sizi salamlamaq, forumda iştirak etdiyiniz üçün sizə minnətdarlığımı bildirmək və uğurlar diləmək istəyirəm. Çox sağ olun.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 dekabr

Astroloji proqnoz - 15 dekabr

15 Dekabr 2017 00:08