Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"
Ölkə
28 İyun 2017 0:44

Andjey Duda: "Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir"


Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Polşa prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə verilən rəsmi ziyafətdə etdiyi çıxışı zamanı deyib.

Cənab Prezidenti Varşavada qonaq qismində qəbul etməyim məni çox sevindirir. Sizin Polşaya çox gözlənilən səfəriniz xüsusi məna daşıyır. Bu, ölkələrimiz arasında yaxın əlaqələrin olmasının sübutudur.

Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir. Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik.

Hörmətli cənab Prezident, xalqlarımızı bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır. Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutmuş, burada özlərinə ikinci yurd tapmış və yeni vətənlərinin inkişafında iştirak etmişlər.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxt "Bakı neftinin atası" adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini vermişlər. Milliyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olmuşdur.

Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin "Bahar ərəfəsi" əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir.

XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərmişdir. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qorumuşdur. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür.

Hörmətli cənab Prezident, artıq bizim müasir əlaqələrimiz də əhəmiyyətli tarixə malikdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur. Diplomatik münasibətlərimizin 25-ci ildönümü məni sevindirir. Gələcəyə nikbinliklə baxır, Polşa və Azərbaycan əməkdaşlığı üçün yeni perspektivlər görürəm. Əminəm ki, ölkələrimizin uğurları naminə bundan istifadə edəcəyik.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 dekabr

Astroloji proqnoz - 17 dekabr

17 Dekabr 2017 00:09