"Bakıdakı gərginlik barədə hələ uzun müddət danışılacaq" - MÜSAHİBƏ - FOTO
Ölkə
28 İyun 2017 7:04

"Bakıdakı gərginlik barədə hələ uzun müddət danışılacaq" - MÜSAHİBƏ - FOTO


Avtoidman sahəsində tanınmış bilici, Formula 1 yarışlarının şərhçisi, "f-1.az" saytının baş redaktoru Rəhim Əliyevin 2017 Formula 1 üzrə Azərbaycan Qran Prisi ilə bağlı Milli.Az-a müsahibəsi.

- Rəhim bəy, Bakı yarışının belə keçməsini gözləyirdiniz?

- Mənə belə gəlir ki, heç kim sinəsinə döyüb deyə bilməz ki, bu cür yarış gözləyirdim. Hətta əminəm ki, heç bir bukmeker, totalizator idarəsində də ilk üçlüklə, podiumda yer tutanlarla bağlı belə bir nəticə gözlənilmirdi, proqnoz verilməmişdi.

Formula 1-in Bakı finalı: sensasiyalı nəticə - YENİLƏNİB - FOTO

- Son illər belə bir maraqlı və xaotik yarış görmüşdünüzmü?

- Sonuncu dəfə yadıma gələn belə maraqlı yarış 2011-ci ilin Kanada Qran Prisi olmuşdu. Orda da belə maraqlı mübarizə getdi. Censon Batton finişə 20 dövrə qalmış sonuncu yerə düşdü, lakin yavaş-yavaş irəlilədi və son dövrədə finişə 4-5 döngə qalmış Fetteli keçdi. Amma o zaman onlar favorit idilər. İlk üç yeri Batton, Fettel və Ueber tutmuşdu. Amma Bakıda favorit hesab edilməyən Daniel Rikardo qalib gəldi. Bu bir yana qalsın, debütant Lens Strollun podiuma çıxması hər şeyə dəyər. Məncə bu, Strol üçün qələbədən də üstün bir şeydir. Düzdür, Bottas son metrlərdə onu keçib ikinci oldu, amma üçüncü yer də Strol üçün qələbəyə bərabər bir şeydir. İlk xalını bizdən iki həftə əvvəl qazanan sürücünün Bakıda podiuma çıxması bizim yarışın möhtəşəmliyini göstərir.

- Sizcə, bundan sonra Bakı yarışı, Azərbaycan Qran Prisi barədə fikirlər necə olacaq?

- Yarış bitəndən cəmi bir neçə dəqiqə sonra dünya mediasında Azərbaycan Qran Prisi, Bakı yarışı haqqında danışmağa, yazmağa başladılar. Məncə hələ uzun müddət bizim yarış danışılacaq. Bu yarış, Bakıdakı mübarizə və gərginlik dünyanın bütün aparıcı KİV-lərinin idman xəbərlərində yer alacaq. Ən azından növbəti qran priyə qədər Bakı yarışı müzakirə mövzusu olacaq.

- Bakı trasının özünəməxsusluğunu nəzərə alaraq Azərbaycan Qran Prisini təqvim ilində son mərhələlərə salmaq daha məqsədəuyğun olmazdımı? Fikrimcə, bu, həm idmançılar arasında intriqanı artırardı, həm də tamaşaçılara maraqlı olardı.

- Düzdür, amma heç kim əvvəlcədən bilmirdi ki, yarış belə alınacaq. Hansı yarışın əvvəlcədən maraqlı keçəcəyini bilmək mümkün deyil. Təqvimə görə, ötən il son yarış Abu-Dabidə oldu. Abu-Dabi Qran Prisinin təşkilatçıları FİA-ya əlavə pul ödəyirlər ki, məhz onların yarışı mövsümü bağlayan, sonuncu yarış olsun. Bu il və gələn il də Abu-Dabi Qran Prisi sonuncu olacaq. Amma heç kim bilmir ki, çemiponat necə davam edəcək.  Bilinmir titul uğrunda intriqa sonadək qalacaq, ya yox? Ola bilər ki, sona bir neçə mərhələ qalmış artıq çempion bəlli olsun. Ona görə də qoy yarış öz vaxtında olsun, amma çox maraqlı olsun. Əsas yarışın gedişidir. Finişə ilk çatanlardan əlavə də maraq doğuran məqamlar var. Məsələn, güman edirdik ki, ötmələri yalnız birinci döngədə görəcəyik, yəni uzun düzlüyün sonunda. Lakin biz ötmələri istənilən yerdə gördük. Hətta ikiqat ötmə də oldu. Bir anda Massanı iki sürücü keçdi. Hülkenberqdən möhtəşəm ötmə oldu. Təkər-təkərə mübarizələr gördük.

- Bəzi sürücülərin çox risk etmələrini də gördük...

- Düzdür, həm strateji risklər oldu, məsələn Rikardonu vaxtından əvvəl pitə çağırdılar, həm də sürücülərin ötmə risklərini gördük, məsələn Okonun öz komandaşı yoldaşı ilə təkər-təkərə ötməsi. Yəni aşıb-daşan emosiyalar təkcə biz tamaşaçılarda deyil, sürücülərdə də vardı. Tutaq ki, Fettelin Həmiltonla toqquşması olmasaydı, qalib çox güman ki, Fettelin özü olacaqdı. Amma cəzalandı və pit-leyndə 10 saniyə havayı yerə dayandı. Bütün bunların yarışın necə yüksək səviyyədə keçməsindən xəbər verir. Sürücülərdəki adrenalin şkaladan yuxarı idi. Bu adrenalin onları məcbur edirdi ki, elementar səhvlərə yol versinlər, dəliqanlı qərarlar qəbul eləsinlər, hətta uşaqlıq eləsinlər. Ona görə də nəticədə möhtəşəm yarış alındı.

- Rusiyanın Baş nazirinin müavini Dmitri Kozak burada bizə dedi ki, onlar Soçi trasında Bakı təcrübəsindən istifadə edəcəklər. Sizin Bakıdakı təşkilati məsələlərlə bağlı fikirləriniz necədir? Ötən illə müqayisədə işlər necə qurulmuşdu?

- Yarışdan hələ bir neçə gün əvvəl qeyd etmişdim ki, təşkilati məsələlər çox yüksək səviyyədə həll olunub. Keçən il ilk yarışımız idi və istər-istəməz müəyyən əskikliklər ola bilərdi. Amma bu il hər şey ötən ilkindən qat-qat yüksək səviyyədə idi. İş düşürdü yalnız sürücülərin boynuna. Onlar da xətrimizə dəymədilər, əməyimizi yerə vurmadılar. (gülür - İ.İ) İnsanlar burada canla-başla işləmişdilər, əziyyət çəkmişdilər, yüksək səviyyəli yarış ərsəyə gətirmişdilər. Sürücülər də ümidləri doğrultdular. Çox gözəl, maraqlı və yaddaqalan yarış alındı. Yenə də deyirəm ki, uzun müddət, ən azından iki həftədən sonrakı Avstriya Qran Prisinədək bizim yarışdan danışılacaq. Biz isə yəqin ki, gələn ilədək yalnız bundan danışacağıq. (gülür - İ.İ)

- Ötən il Bakıdakı rekord sürətdən, rekord pit-stopdan danışılırdı. Bu il də yəqin ki, gərgin mübarizədən, sensasiyalı nəticədən danışılacaq...

- Bu il əslində heç rekord gözləmirdim, çünki maşınların konfiqurasiyası, təkərləri dəyişmişdi. Amma gördüyümüz o mübarizə yüz rekorda dəyər. Rekord sadəcə rəqəmdir, statistik bir şeydir və heç də əsl mübarizəni əks etdirmir, amma bu dəfə biz Bakı trasında əsl mübarizə, əsl rəqabət gördük. Hər qarışda gərgin mübarizə vardı.

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində































loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 iyul

Astroloji proqnoz - 23 iyul

23 İyul 2017 00:08
Yetim Eyvaz vəfat edib

Yetim Eyvaz vəfat edib

23 İyul 2017 16:12