Məktub yetişdi
Digər
28 İyun 2017 13:12

Məktub yetişdi


 

Etiraf edim, yolun yorğunluğu hələ də canımdan çıxmayıb. Haramı düzünün həşəratlarının, Kür qırağının ağcaqanadlarının bədənimə vurduğu yaralar hələ də sızıldayır. Ancaq inanın, bunların hamısı xoşdu. Çünki ancaq və ancaq xoş xatirələr qaldı iki gün əvvəlki bu səfərdən...

 

“Mover” Şirkətinin “esgeremektub” adlı layihəsi çərçivəsində Sərhəd Qoşunlarının Horadizdəki “N” saylı hərbi hissəsindən başlayan səfərimizin maraqlı, maraqlı olduğu qədər də qürurverici məqsədi vardı.

 

Ondan başlayaq ki, təxminən 10 gün əvvəl fəaliyyətə başlayan #esgeremektub.com/ saytına qısa müddətdə ictimaiyyət tərəfindən 2 mindən çox məktub yazılmışdı. Bu məktubları ayrı-ayrı kağızlara köçürdük, paketə qoyduq və birbaşa Horadizə - sərhədçilərimizin ziyarətinə getdik.

 

Bu səfərdə iştirak edən hər kəs – Sərhəd Qoşunlarının bizi müşayiət edən nümayəndəsi, hərbi diktor, tanınmış sənətkar Şəmistan Əlizamanlı, Qarabağ qazisi Rey Kərimoğlu, hərbi ekspert Üzeyir Cəfərli, yazar dostlarımız İlqar Rəsul, Anar Gəraylı, fotoqrafımız Şahin Sərdarov, bəndəniz və təbii ki, bu layihənin rəhbəri Arif Şəmistanlı əsgər qardaşlarımızın məktublara bu cür münasibətini, bilmirəm, mənə elə gəlir, təsəvvür eləməzdik.

 

Siz də bircə bu məktublar oxunanda onların gözlərindəki ifadəni görəydiniz. Qadasını aldıqlarım sanki tanımadıqları adamlardan yox, elə doğmalarından, yaxınlarından məktub alıblar.

 

Eyni şeyləri Beyləqanda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində də müşahidə elədik. Bəli, Azərbaycan əsgərinə arxa cəbhədən həqiqətən bir xoş söz, bir istək, bir arzu yetərlidi.

 

...İki gün ərzində #esgeremektub.com/ saytından Azərbaycan əsgərlərinə 1200-də çox məktub payladıq. Arif deyir ki, bu say 100 mini aşacaq və aşmalıdır. Bu layihə yalnız və yalnız əsgərlərimiz üçündür. Hər birimiz bu layihəyə dəstək verməli, Azərbaycan əsgərinə onu necə sevdiyimizi, onunla necə qürur duyduğumuzu sübut eləməliyik.

 

Bax, bu məktub sahibi kimi: “Salam, mənim əsgər qardaşım, vətənimizi qoruyan igid! Bütün Azərbaycan analarının qarşısında baş əyirəm ki, sizin kimi 100 minlərlə igid böyüdüb, vətəni qorumağa göndərirlər. Sizdən sonra bizik, inşallah! Allah yolumuzu açıq eləsin ki, torpaqlarımızı o namussuzların əlindən alaq. Bu məktubu oxuyan əsgər qardaşım, telefon nömrəm budu: 070 718 42 83. Məni də yanında bil! Murad Kərimov”.

 

Şərh lazımdımı?

 

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR