20 qəpiklik zəhər -  Küçələrdən gələn BƏLA - FOTO
Ölkə
19 İyul 2017 11:43

20 qəpiklik zəhər - Küçələrdən gələn BƏLA - FOTO


Yayın gəlişi ilə əlaqədar Bakıda küçə ticarəti canlanıb. İnsanların sıx olduğu ərazilərdə, xüsusən də nəqliyyat vasitələrinin gur olduğu ərazilərdə, metro stansiyalarının ətrafında işbazlar qazanc yerləri açıb.

Belə obyektlərin böyük qismi pirojki, qutab satışı ilə məşğul olur. Bu obyektlərdə bişirilib satılan pirojkinin, qutabın hansı şəraitdə hazırlandığına yəqin ki əksəriyyətiniz şahid olmusunuz. Anti-sanitar şəkildə bişirilən pirojkini saatlarla qızmar havada üstü açıq şəkildə piştaxtalarda saxlayırlar.

“20 Yanvar” metrostansiyasının çıxışında yerləşən belə bir obyektə baş çəkib , ordakı vəziyyəti öz gözümüzlə görmək istədik.

Qabaqcadan deyim ki, burda anti-sanitar vəziyyət bərbad gündədir. Hərçənd ki, satıcılar pirojkilərin təzə və təmiz olduğunu deyir. Elə ilk yaxınlaşdığım piştaxtada deyildiyi kimi: “Təzə pirojkidir. Özümüz arxada bişiririk”.

Satıcıdan nəyə görə bu cür anti-sanitar qaydada məhsul satdığını soruşanda isə cavab bu oldu: “Neyniyim, ay qardaş, mən də evimə çörək pulu aparmalıyam, ya yox? Kefimdən gəlib burda istidə pirojki satmıram ki. Onu vitrinin qarşısına qoymasam, yoldan keçən görməz. Görməyəndə də almaz. Həm də mənim pirojkimə söz ola bilməz, hələ indiyədək zəhərlənən olmayıb”.

Növbəti obyektin qarşısına yaxınlaşmışdım ki, qəribə bir mənzərə ilə qarşılaşdım. Arxadan yaşlı bir qadın xəmirli əllərini islaq dəsmalla silə-silə otaqdan çıxırdı.

Bir anlıq gözüm qapısı açıq qalmış mətbəxdəki dağınıq mənzərəyə sataşdı. Yerdə hər küncdə olan rəngbərəng kauçuk qabların ətrafından sallanan xəmirlərin üstündə milçəklər uçurdu. Qadın otağa diqqətlə baxdığımı görüb, qapını bağladı. Bu, aysberqin görünən tərəfi idi.

Burada təkcə pirojkilər yox, satılan bütün şirniyyatlar, dönər, pizza və s. hamısı eyni vəziyyətdədir. Hamısı günün altında müştərilərə təqdim olunur. Hələ günəşin altında işləyən sərin içki aparatını demirəm.

Səhiyyə Naziliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri Nazim Feyzullayev Publika.az-a bildirdi ki, belə məhsulların məhsulların açıq havada satılması yolverilməzdir:

“Ümumuiyyətlə pirojki, şərq şirniyyatları və digər bişmə üsulu ilə hazırlanmış qidaların açıq yerlərdə satılması düzgün deyil. Bu, ən azı gigiyenik cəhətdən birbaşa əhalinin sağlamlığını təhlükəyə atmaqdır. Səhiyyə Nazirliyi heç bir halda belə obyektlərə sertifikat vermir. Biz bütün gigiyenik və epidemioloji standartlara cavab verən müəəssisə və sexlərə sertifikat veririk. Bildiyiniz kimi noyabr ayınadək sahibkarların yoxlanılması dayandırılıb. Ona görə də müvafiq şikayət olmadığı halda, belə satış obyektlərinə qarşı tədbirlər görə bilmirik. Çünki bunun üçün Səhiyyə Nazirliyinin xüsusui göstərişi olmalıdır. İcazə olduğu təqdirdə yoxlama aparırıq və bu zaman həmin obyektdə gigiyenik qaydalara əməl olunmadığı aşkarlanarsa, 200-400 manat məbləğində cərimə yazırıq. Yaxud satış obyektini birbaşa bağlamaq hüququmuz da var".

N.Feyzullayev bildirdi ki, belə yerlərdə qida məhsulları mütləq sərin şəraitdə saxlanılmalıdır. Günün altında qida məhsulları satmaq birbaşa sağlamlığa ziyan vurmaqdır. Xüsusilə də gənclər bu cür yerlərdən istifadə edirlər ki, bu da onlar üçün çox təhlükəlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyub Hüseynov isə bu cür satışı birbaşa istehlakçı hüququnun pozulması kimi dəyərləndirdi: “Birmənalı şəkildə avtobus dayanacaqlarında, metro çıxışlarında satılan bişmiş qida məhsulları gigiyenik cəhətdən təhlükəlidir. Çünki adətən bu yerlərdə bişən pirojkilər eyni yağda dəfələrlə bişirilir. Əslində , testlər olmalı, yağ hər bişmədən sonra yoxlanılmalı və mütəmadi dəyişdirilməlidir. Mənşəyi məlum olmayan undan, süd məhsullarından istifadə olunması istehlakçl hüquqlarının kobud şəkildə pozulması deməkdir. Apteklərdə insanlar növbədədir. Onların aldığı dərmanlara baxsanız, qida zəhərlənmələrinin nə dərəcədə olduğunu görərsiniz. Ona görə belə yerlərdən nəsə alıb yemək tövsiyə olunmur”.

Amin Nəzərli













loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08