Yanlış qidalanmanın uşaqlarda yaratdığı xəstəliklər
Sağlamlıq
19 İyul 2017 23:44

Yanlış qidalanmanın uşaqlarda yaratdığı xəstəliklər


Uşaq sağlamlığının izlənməsi, təqibi bu günün ən aktual problemlərindən biridir. Çünki, valideynin mütəmadi olaraq övladını həkim müayinəsindən keçirməməsi, onda baş verən dəyişikliklərə biganə yanaşması və s. kimi hallar uşaqlarda inkişafdan qalma halları ilə müşayiət oluna bilər.

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkim-pediatrı, dosent, assistent Nigar Sədiyeva Milli.Az-a müsahibəsində valideynlərə uşaq sağlamlığının izlənməsi, təqibi mövzusunda önəmli bilgiləri çatdırıb.

- Doktor, uşaq sağlamlığının izlənməsi, təqibi nə deməkdir?

- Uşaq sağlamlığının təqibi - körpələrin doğumdan etibarən şikayət olmasa belə, müntəzəm bəlli intervallarla, tibb personalı tərəfindən müayinə edilib, qiymətləndirilməsi, inkişaf etməsi və sağlamlığının qorunması üçün zəruri müayinələrin aparılmasıdır. Uşaq sağlamlığının izlənməsinin əsas məqsədi, sadəcə xəstəliklərin qarşısının alınması deyil, uşaqların əqli, sosial və fiziki inkişafının ən yüksək səviyyəyə çatmasına yardım etməkdir. Uşaqların sağlam olmasını təmin etmək üçün müəyyən olunmuş aylarda və yaşlarda onların pediatrların profilaktik baxışından keçməli, fiziki və sinir-psixi inkişafını, görmə, eşitmə və davranışı qiymətləndirilməlidir.

- Adətən pediatr müayinələrində fiziki müayinənin şahidi oluruq. Siz sinir-psixi inkişaf müayinəsinin adını çəkdiniz.

- Çox önəmli məqama toxundunuz. Bu, uşaq müayinəsinin ən vacib hissəsidir. Bir nümunə gətirim. Hər bir körpə duyma, düşünmə, görmə, nitq, hərəkət kimi həyati beyin funksiyonlarına cavabdeh təqribən 100 milyar sinir hüceyrəsi(neyron) ilə doğulur. Neyronlar "sinaps" adı verilen kiçik boşluqlarla bir-birinə bağlanırlar və beynin müxtəlif funksiyalarını yerinə yetirən bağlantılar əmələ gətirirlər. Bu bağlantı yerleri beynin fəaliyyəti üçün vacib olan elektrik siqnallarının yayıldığı sahələrdir. Həyatın ilk 5 ilində milyardlarla neyronlar aralarında trilyonlarla sinaptik əlaqə yaranır. Doğumdan sonrakı 8 ay boyunca artıq 1000 trilyon sinaps əmələ gəlir. Beyin "istifadə et və ya itir" prinsipi ilə çalışır. Beyində yetərincə sinaptik əlaqə əmələ gəlməsini təmin etmək üçün valideynlərin, uşaqla məşğul olan insanların, xüsusilə, ilk 3 ildə stimuləedici yanaşmaları vacibdir.

- Sağlam uşaq təqibi zamanı pediatr bu mövzuda faydalı ola bilərmi?

- Bəli, sağlam uşaq təqibi və valideynlərlə uşaq həkimi arasındakı sağlam münasibətlər, uşaqların inkişafını və böyüməsini istiqamətləndirən ən vacib amildir. Hər müayinədə uşaq inkişafını qiymətləndirən pediatr ailələri övladlarını düzgün inkişaf etdirmək üçün zəruri biliklərlə maarifləndirir, xüsusilə ilk 18 ayda vacib olan profilaktik tədbirləri həyata keçirməklə, sağlam və hərtərəfli inkişafı təmin etmiş olur. Unutmayaq ki, beyində işlədilən qüvvətli bağlantılar inkişaf edərkən, istifadə edilməyənlər kiçilir. Bu səbəbdən körpə və uşaqlarla məşğul olan hər yetkin insan onların inkişafında qalıcı iz buraxır.

- Sağlam uşaq təqibi hansı sıxlıqda aparılmalıdır?

- Bu intervallar ölkələrə görə dəyişir. Amerikan Pediatriya akademiyasının tövsiyələrinə görə, uşaq həkiminiz 2 yaşa qədər körpənizi yenidoğulma dövründə, 2-4 həftədə, 2,3,4,6,9,12,15,18 aylarda və 2 yaşında mütləq müayinə etməlidir. 2 yaşdan sonra görüşlər arası intervallar uzanır. Lakin unutmayaq ki, bütün uşaqlar və ailələr fərqlidir, bunlar isə heç bir problemi olmayan, valideynlərinin qulluq səviyyəsinin düzgün və yüksək olduğu uşaqlara aiddir. Hər görüşmədə uşaq həkiminiz anamnez toplayar, uşağınızı fiziki müayinə edər, görməsini, eşitməsini, inkişaf və davranışını dəyərləndirər, peyvəndlərinə dair düzgün məlumatlar verər, və növbəti müayinənin tarixini müəyyən edər.

- Bildiyimiz kimi, körpələrin sağlam inkişafı üçün qidalanmanın xüsusi əhəmiyyəti var. Bu barədə ailələrə hansı məsləhətləri verərdiniz.

- Bəli, uşaq sağlamlığı genetik amillərlə yanaşı düzgün qidalanma, təmiz ətraf mühit və sosial amillərə bağlıdır. Fiziki və zəka inkişafının təmin edilməsi və infeksiyalara qarşı müqavimətin əmələ gəlməsində qidalanmamnın çox əhəmiyyəti var. Və unutmayaq ki, yanlış qidalanma qanazlığı, raxit, qəbizlik, piylənmə və digər xəstəliklərə səbəb olur. Bunları nəzərə alaraq müayinə etdiyimiz uşaqların ailələrinə hər müayinədə yazılı şəkildə tibbi maarifləndirmə, qidalanma, inkişaf və təhlükəsizliklə bağlı məsləhətlər veririk.

- Son olaraq ailələrimizə nə demək istərdiniz?

- Balalarımızı sevmək onları yetişdirmək üçün çox zəruri, lakin təkbaşına yetərli meyar deyildir. Uşaqlarımızın inkişafının ən sürətli yaş dövründə - yəni ilk 5 ildə, davranışının və xarakterinin formalaşdığı illərdə onlara daha çox diqqət və zaman ayıraq. Pediatrlarımızın verdiyi tövsiyələrdən faydalanaq. Balalarımızı, müasir tibb elminin uşaqların yetişdirilməsinə yönəlmiş bilikləri ilə sağlam və hərtərəfli inkişaf etdirək. Unutmayaq ki, ölkələrin, millətlərin gələcəyini zehni və fiziki cəhətdən yaxşı yetişdirilmiş uşaqlar, gənclər müəyyənləşdirir. Uşaq böyütmək, onu hərtərəfli formalaşdırmaq çox əziyyətli, eyni zamanda həzverici və fərəh gətirici bir əməkdir. Bütün valideynlərə bu yolda uğurlar arzulayıram.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08