Prezident İlham Əliyev: "Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq"
Ölkə
20 İyul 2017 13:34

Prezident İlham Əliyev: "Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq"


"Azərbaycan dövləti azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanda jurnalistlər üçün bütün şərait yaradılıb: "Bu gün Azərbaycan cəmiyyəti rahat, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Bu, indiki zamanda özlüyündə bir nailiyyətdir. Biz ölkəmizi bütün mümkün olan risklərdən qoruyuruq. O ki qaldı, daxildə mövcud olan risk mənbələri, bunlar demək olar ki, yoxdur. Xaricdən özümüzü qorumaq üçün kifayət qədər ciddi siyasət aparılır - həm ideoloji sahədə, həm də sərhədlərimizin qorunmasında. Ümumiyyətlə, biz həmişə Azərbaycanı mümkün olan risklərdən qorumağa çalışırıq ki, Azərbaycan xalqı rahat, sülh şəraitində yaşasın. Hesab edirəm ki, buna nail olmuşuq".

İlham Əliyev bildirib ki, bu binalarda yaşayan və bundan sonra yaşayacaq jurnalistlər müxtəlif siyasi spektrə aiddir: "Burada da heç bir ayrı-seçkiliyə yol verilmədi. Müxtəlif siyasi baxışları olan şəxslər, müxtəlif partiyaların üzvləri burada bir yerdə, bir ailə kimi yaşayacaqlar. Əslində Azərbaycan cəmiyyəti də bu istiqamətdə inkişaf edir, Azərbaycanda həmrəylik var. Azərbaycan cəmiyyəti vahid amal ətrafında birləşib. Bizdə olan inkişaf, sabitlik, əmin-amanlıq, əlbəttə, bu gün siz də yaxşı bilirsiniz ki, dünyanın bir çox yerlərində öyrənilir, bəzən təəccüblə qarşılanır və bunun çox sadə səbəbi var. Çünki Azərbaycanda çox gözəl demokratik şərait var, Azərbaycanda iqtisadi inkişaf var, Azərbaycan müstəqil siyasətini apararaq həm bölgədə, həm də dünyada öz mövqelərini möhkəmləndirir, bizim təsir imkanlarımız genişlənir, böyüyür və Azərbaycan xoşniyyətli siyasət yürüdür. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının maraqları və Azərbaycan dövlətinin maraqları dayanır. Hesab edirəm ki, bu iki əsas amil Azərbaycanda artıq çox güclü dayaqlara malikdir. Həm sosial, həm də iqtisadi siyasətlə bağlı, xarici siyasətlə bağlı atdığımız addımlar bizə böyük uğur gətirib və dünyada Azərbaycana qarşı çox böyük rəğbət var. Mən tam əminəm ki, hər bir ölkənin inkişafı üçün demokratik inkişaf xüsusi rol oynayır. Ölkə iqtisadi cəhətdən, təbii resurslarla zəngin ola bilər, amma əgər cəmiyyətdə gözəl ab-hava yoxdursa, azadlıqlar yoxdursa, bu inkişaf yarımçıq ola bilər və ya dayanıqlı olmaya bilər. Bizim üstünlüyümüz ondan ibarətdir ki, biz siyasi və iqtisadi islahatları paralel şəkildə aparırıq. Hesab edirəm ki, bu da çox düzgün və düşünülmüş siyasətdir. Çünki demokratiya baxımından inkişaf etmiş ölkələrə nəzər salsaq görərik ki, onların mütləq əksəriyyəti iqtisadi cəhətdən də inkişaf etmiş ölkələrdir. Yəni maddi rifah, iqtisadi və sosial inkişaf demokratik inkişaf üçün əsas şərtdir. Azərbaycanda həm demokratik inkişaf, həm də sosial-iqtisadi inkişaf paralel gedir. Hesab edirəm ki, buna görə də bizim cəmiyyətimizdə təkamül yolu ilə islahatlar aparılır, dərinləşir və siyasi və iqtisadi islahatlar daha da dərinləşməlidir".

Prezident vurğulayıb ki, söz azadlığı Azərbaycanda tam təmin edilibdir, heç bir məhdudiyyət yoxdur: "Mənə verilən son məlumata görə, Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Belə olan halda söz azadlığı ilə bağlı heç bir problem ola bilməz. Düzdür, bəzi hallarda bizi bəzi qeyri-hökumət təşkilatları tənqid edir, hətta ittiham edirlər. Amma bu ittihamların heç bir əsası yoxdur və bu, sadəcə olaraq qərəzli mövqedir. Bunun səbəbi də bəllidir. Amma real vəziyyətə baxdıqda biz hamımız görürük ki, Azərbaycanda söz azadlığı və bütün başqa azadlıqlar tam təmin olunub. Azərbaycanda sərbəst toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı, vicdan azadlığı, mətbuat azadlığı təmin olunub və təmin olunacaq. Bundan sonra da Azərbaycan iqtisadi və siyasi inkişaf yolu ilə getməlidir. Hesab edirəm ki, bizim qısa müstəqillik tariximiz onu göstərir ki, bu, yeganə düzgün yoldur. Çünki o qədər də asan olmayan geosiyasi vəziyyətdə Azərbaycan ilk növbədə öz müstəqil siyasətini qoruya və möhkəmləndirə bilib, heç bir xarici təsir altına düşmür".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13