Prezident İlham Əliyev: “Düşmən çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb”
Ölkə
20 İyul 2017 14:31

Prezident İlham Əliyev: “Düşmən çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb”


Bakı. 20 iyul. REPORT.AZ/ “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır”.
“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimindəki çıxışında deyib.
“Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı. Xarici ölkələrin media nümayəndələri ya bilməyərəkdən, ya da qəsdən ictimai fikrə bu münaqişə ilə bağlı yalan və təhrifedilmiş informasiyalar ötürürdülər. Burada əlbəttə ki, erməni lobbisinin də böyük rolu var. Çünki onlar hər gün bizim əleyhimizə işləyirlər, hər dəqiqə onlar üçün birinci hədəf Azərbaycandır. Çünki bilirlər ki, Azərbaycan güclənir, Azərbaycanın böyük imkanları var, Azərbaycan dövləti və Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz ərazi bütövlüyünü bərpa edəcək. Ona görə erməni lobbisi və onlara yaxın olan siyasi xadimlər, xüsusilə erməni lobbisinin pulu ilə idarə olunan dırnaqarası siyasətçilər ictimai fikrə Azərbaycanla və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yalan informasiyalar ötürürlər. Biz bu meyli sındıra bildik”, - dövlət başçısı vurğulayıb.
O deyib ki, bu gün həm dövlətlərarası münasibətlərdə, həm ictimai rəydə Azərbaycanın mövqeyi daha çox dəyər qazanır: “Təsadüfi deyil ki, mənim son səfərlərim çərçivəsində imzalanan sənədlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xüsusi müddəa var və orada göstərilir ki, ölkələrin ərazi bütövlüyü, suverenliyi, sərhədlərin toxunulmazlığı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Bu, artıq o ölkələrin ictimai fikrində yaranmış dönüşün təzahürüdür. Əlbəttə ki, biz də, ilk növbədə, çalışırıq və çox israrla, təkidlə deyirik ki, sənədlərdə mütləq bu bənd olmalıdır. Yəni, ictimai fikirdə bu dönüş yaradıldı, münaqişə ilə bağlı Azərbaycanın haqq işi, haqlı mövqeyi daha da böyük üstünlük təşkil edir. Düşmən bundan çox narahatdır, demək olar ki, təşvişdədir, döyüş meydanında məğlubiyyətə uğrayıb, hüquqi müstəvidə bizim mövqeyimiz çox möhkəmdir. Tarixi ədalət də bizim tərəfimizdədir. Çünki Dağlıq Qarabağ və nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın ərazisi də bizim tarixi torpağımızdır. İqtisadi cəhətdən zəif, yoxsul, xarici ianələrlə güclə dolanan Ermənistan ilə bugünkü inkişaf edən güclü Azərbaycanı müqayisə etmək olmaz. Bizim yeganə zəif yerimiz media məkanı idi. Bu zəifliyin təbii səbəbləri var idi. Çünki erməni diasporu aparıcı ölkələrdə, xüsusilə münaqişə ilə bağlı ölkələrdə güclü imkanlara malikdir. Böyük biznes şəbəkələri var. Onlar bəzi siyasətçiləri ələ alıblar. Onlar dövlət qurumlarına soxulublar və bu imkanlardan istifadə edib münaqişə ilə bağlı öz mövqelərini işıqlandırırlar. Artıq bu istiqamətdə də dönüş yarandı. Biz gərək öz səylərimizi daha da gücləndirək. Həm dövlət qurumları, ictimai qurumlar, media qurumları bu məsələ ilə bağlı vahid siyasət çərçivəsində fəaliyyət göstərməlidirlər. Bu gün bu, belədir və mən çox istəyirəm ki, bu siyasət daha da gücləndirilsin”.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08