Vəkil Dünyamin Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib
Ölkə
20 İyul 2017 17:01

Vəkil Dünyamin Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib


Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat Dünyamin Xəlilov, Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov, Rauf Əliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Dünyamin Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsə qarşı irəli sürülümüş ittihamlar əsassızdır. Vəkil sabiq deputat barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Vəkil həmçinin Dünyamin Xəlilovun əmlakları üzərinə qoyulmuş həbsin götürülməsi ilə bağlı məhkəmənin qərar çıxarmasını istəyib.
Dünyamin Xəlilovun digər vəkili Elvin Səlimov da ittihamla razılaşmadıqlarını bildirib. O deyib ki, müdafiə etdiyi şəxs istintaq dövründə bildiyi məlumatları, informasiyaları istintaq orqanı ilə bölüşüb: "Bu işdə ən ağır cəza müdafiə etdiyim şəxsə verilib. Yeganə şəxsdir ki, bu iş üzrə onun barəsində həbs qətimkan tədbiri seçilib. Müvəkkilim Beynəlxalq Bank işi üzrə bildiklərini ibtidai istintaq və məhkəmə istintaqı dövründə arayışlar şəklində məhkəməyə təqdim edib. İttihamda yazıldığı kimi, müdafiə etdiyim şəxsin və digər şəxslərin qeyd edilən milyonları mənimsəməsi, ələ keçirməsi mümkün deyil. Bütün işlərə bank nəzarət edib. Bank elə bir qurumdur ki, oradan kimsə özbaşına bu qədər vəsaiti ala bilməzdi. Məlumdur ki, bu məbləğlə xaricdə layihələrin icrasına yönəldilib. Dünyamin Xəlilova qarşı ittihamlar ibtidai istintaq dövründən qərəzli olub. Onun nöqsansız fəaliyyəti göz qabağındadır. Onun fəaliyyəti, gördüyü işlərlə bağlı sənədlər ibtidai istintaq orqanına da təqdim edilib, cinayət işi materiallarında da yer alır. Məhkəmədə şahid ifadələrini, Beynəlxalq Bankın rəhbər şəxslərini dinlədik. Onlar suallara cavabında xaricdə layihələrin icra edildiyindən, pulların oraya köçürüldüyündən xəbərdar olduqlarını deyirlər. Hətta həmin pulların alınmasında onların da imzaları var. Amma ittiham olunan yeganə şəxs Dünyamin Xəlilovdur. Bu gün Dünyamin Xəlilov mənəvi baxımdan rahatdır. Çünki o və biz bilirik ki, ittihamda qeyd edilən məbləği Dünyamin Xəlilov mənimsəməyib. Çünki bu proseslər bank tərəfindən həyata keçirilib və pullar da həmin layihələrin icrasına yönəldilib".
Vəkil D.Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Məhkəmədə digər təqsirləndirilən və ev dustaqlığında olan şəxslər də son sözlə çıxış edib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını və ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər. Dünyamin Xəlilov isə son söz demək üçün məhkəmədən son vaxt istəyib.
Məhkəmə iyulun 24-nə təyin edilib.
Qeyd edək ki, 2015-ci ilin yayından Beynəlxalq Banka kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox işadamı və digərləri saxlanılıb. D.Xəlilov və digərləri ümumilikdə 50 milyon manat mənimsəmədə təqsirli bilinirlər. Həmin şəxslər ötən ilin fevral ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. Daha sonra Nərimanov Rayon Məhkəməsinin qərarı ilə D.Xəlilovun barəsində həbs qətimkan tədbiri və digər şəxslərin barəsində isə başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Həmin şəxslər Cinayət Məcəlləsini 179.3.1-ci (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə),213.2.1-ci (vergi ödəməkdən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma, külli miqdarda törədildikdə) 32.4,308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ilə ələ alma) və 32.4,309.2-ci (vəzifə səlahiyyətlərini aşma ilə ələ alma) maddələri ilə ittiham olunurlar.
İttiham aktında göstərilib ki, D.Xəlilov, Ş.Musayev və S.Seyfullayevin epizodları üzrə 36 nəfər fiziki şəxsə "Azərbaycan Beynəlxalq Bank" ASC-dən kredit verilib. Hazırda bank həmin kreditin - 3 milyon 359 min 399 manat məbləğində faiz borclarını tələb edir.
Bundan başqa, cinayət işində qeyd edilib ki, D.Xəlilov, M.Zeynalov, F.Əmiraslanov, Ş.Musayev, R.Əsgərov və Rauf Əliyev "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 85 milyon 355 min 786 manat məbləğində ziyan vurub. Həmin təşkilat dəymiş ziyanın ödənilməsi üçün mülki iddia qaldırıb.
İttiham aktına əsasən, təqsirləndirilən şəxslərdən yalnız sabiq deputat D.Xəlilov vergi ödəməkdən yayınıb. Belə ki, onun 1 milyon 752 min 359 manat pulu dövlət büdcəsinə ödəmədiyi göstərilib. Müvafiq qaydada qaldırılan mülki iddiaya görə, D.Xəlilovun həmin pulu dövlət büdcəsinə ödəməsi tələb olunur.
Zərərçəkmiş qismində tanınan iki bank və bir dövlət qurumu tərəfindən təqsirləndirilən şəxslərə qarşı ümumilikdə 90 milyon 467 min 544 manat mülki iddia qaldırılıb.
Xatırladaq ki, ötən il "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13