Rəsmi nikah, yoxsa vətəndaş evliliyi? - Azərbaycanda dəyişən ailə modeli
Ölkə
21 İyul 2017 16:08

Rəsmi nikah, yoxsa vətəndaş evliliyi? - Azərbaycanda dəyişən ailə modeli


“Sevdiyim qızla bir yerdə yaşamaq istəyirəm. Hər dəfə söhbətlərimizdə bir – birimizə bir yerdə yaşayacağımız günü səbrsizliklə gözlədiyimizi deyirik. Çoxları buna qarşıdır. Mən dostlarımla bu barədə çox danışmışam. Onlar düşünürlər ki, vətəndaş nikahı bizim cəmiyyət üçün yaramır. Amma mən bunun belə olmasını istəməzdim. 20 yaşım var. Biz indi bir yerdə yaşa bilərik. Evlilik böyük məsuliyyətdir. Bu yaşda bu məsuliyyəti daşımaq da çətindir. Avropada olsaydım, çox güman ki, sevdiyim qızla ilk olaraq vətəndaş nigahı bağlıyardım. Bu həm də evlənmək istəyənlərin bir-birini tanıması üçün bir fürsətdir. Xarakterimizi, kaprizlərimizi, çətinliklərin, problemlərin öhdəsindən necə gəlməyimizi bu müddət ərzində öyrənə bilərik. Bəlkə xasiyyətimiz tutmadı, yola getmədik, tamam başqa dünyaların insanlarıyıq: Bunlar ailə qurandan sonra ortaya çıxsa, onda boşanmaq məcburiyyətində qalarıq. Halbuki, ilk olaraq vətəndaş nikahında yaşamaq olar. Problem olmasa, bir müddət sonra vətəndaş nikahını rəsmi nikaha çevirmək olar".

Bunu adını açıqlamaq istəməyən bir qəhrəmanım deyir. O, vətəndaş nikahının tərəfdarı olsa da, özünün və sevdiyi qızın ailəsinin bununla razılaşmayacağına qəti əmindir.

Ondan fərqli olaraq Əminə adlı müsahibim vətəndaş nikahında yaşayır. İlk evliliyi uğursuz olan Əminə əri həbsə girəndən sonra 2 uşağı ilə tək qalır:

"Təkbaşına iki uşağa baxmaq çətin idi. Daha sonra elə mənim kimi ilk evliliyi uğursuz olan bir kişi ilə tanış oldum. Getdikcə xasiyətimizin çox uyğun olduğunu hiss etdik və birgə yaşamağa qərar verdik. Rəsmi nikaha girib səs-küy yaratmaqdansa, sakitcə vətəndaş nigahı ilə evlənməyi seçdik. İndi birlikdə yaşayırıq və xoşbəxtəm. Övladlarımı öz övladları kimi sevir”.

Deyir ki, bir parça kağızın yoxluğu (nikah şəhadətnaməsi -red.) onların xoşbəxtliyinə heç bir əngəl yaratmır.

Vaxtı ilə cəmiyyətin sərt təpki ilə qarşıldığı vətəndaş nikahları son illər geniş yayılıb, xüsusən də şou-biznes nümayəndələri, iş adamları arasında. Vaxtilə vətəndaş nikahında yaşayanlar bunu cəmiyyətdən gizlətməyə çalışsalar da, artıq indi belə halların gizlədilməsinə ehtiyac duymurlar. Əksinə, sosial şəbəkələrdə yaşadıqları kişilərdən hədiyyə kimi aldıqları bahalı avtomobillərin, zinyət əşyalarının fotolarını paylaşıb reklam etməklə, sanki başqalarına acıq verirlər.

Azərbaycan qanunvericiliyi vətəndaş nikahı insitutunu tanımır. Qanun yalnız rəsmi, dövlət qeydiyyatından keçmiş nikahları tanıyır.

Bu yeni ailə modeli Azərbaycanın illərlə formalaşmış ailə insitutuna necə təsir göstərəcək, rəsmi nikahların vətəndaş nikahı ilə müqayisədə hansı üstünlükləri var və s. bu kimi məsələləri bu yazımızda araşdırmağa çalışmışıq.

Vətəndaş nikahı nədir?

Vətəndaş nikahı iki şəxsin heç bir dövlət və yaxud qeyri-dövlət orqanı ilə münasibət yaratmadan qurduqları könüllü ittifaqıdır. Vətəndaş nikahı ənənəvi nikahdan bir sıra məqamlarına görə fərqlidir. Belə ki, onun ənənəvi nikahdan başlıca fərqi izdivacın sənədlər üzərində deyil, faktiki xarakter daşımasıdır. Yəni vətəndaş nikahında yaşamağa başlayan insanlar heç bir sənədləşmə prosedurlarından keçmədən birgə yaşamaq barədə qərar verirlər. Onu da xatırladaq ki, Azərbaycanda mövcud olan vətəndaş nikahı xarici ölkələrdəkindən öz spesifikliyi ilə fərqlənir. Daha dəqiq, bizdə vətəndaş nikahları rəsmi dövlət orqanları tərəfindən tanınmasa da, dini kəbinlə təsdiq olunur.

Avropada isə hesab olunur ki, ortada istək, həyatı müəyyən müddət ərzində paylaşmaq istəyi varsa, bu zaman heç bir rəsmi sənədə ehtiyac yoxdur. Bu hal adətən hər iki tərəfi, qadını da, kişini də evlilik kimi rəsmi mərhələdən, bu mərhələnin yaratdığı gərginlik və məsuliyyət hissindən azad edir.

Bir neçə il öncə Bakıda gənclər arasında vətəndaş nikahı ilə bağlı keçirilən sorğunun nəticəsində bəlli olub ki, gənclər arasında vətəndaş nikahına pozitiv münasibət göstərənlərin sayı kifayət qədərdir. Vətəndaş nikahı ilə yaşam tərzinin tərəfdarlarının fikrincə, bu cür nikah onların daha müstəqil yaşamağa meylinin artmasından irəli gəlir.

Qeyd edək ki, avropalılar üçün nikaha girmək və ya nikahsız yaşamaq elə də böyük problem sayılmır. Avropada uşağın qeydiyyatı ilə bağlı məsələlər həllini tapdığı üçün bu problem heç ağıla gətirilmir. Həm də Avropa ölkələrində nikaha girərkən tərəflər nikah müqaviləsi bağlayır ki, bu da onlar ayrıldıqdan sonar hansısa mülki, əmlak problemləri yaratmır.

Statistika

Son zamanlar vətəndaş nikahına girənlərin sayı artmaqdadır. Vətəndaş nikahı zamanı heç bir rəsmiləşdirmə prosesləri aparılmadığına görə, qeyri-rəsmi nikahda yaşayanların statistikasını bilmək mümkün deyil.

Dövlət Statistika Komitəsinin qeyri-rəsmi nikahdan doğulan uşaqların sayı 2013-cü ildə 25069, 2014-cü ildə 25486, 2015-ci ildə 24038, 2016-cı ildə isə 26288 nəfər olub. Bu da il ərzində doğulan uşaqların təxminən 14 faizi qədərdir.

Rəsmi nikahın üstünlükləri

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdir müavini Seymur Məmmədov Publika.az-a açıqlamasında məsələnin daim komitənin gündəmində olduğunu bildirib. O, bu cür ailələrdə yaşanan başlıca problemin doğulan uşağın hüquqi statusu ilə bağlı olduğunu deyib:

“Bizim komitəyə adətən sənədi olmayan uşaqlara hüquqi status almaq üçün müraciət edirlər. Vətəndaş nikahları ilə bağlı hüquqi cəhətdən ən çox yaşanan problem belə ailələrdə doğulan uşaqların taleyidir. Adətən belə hallarda tərəflər bir müddət sonra ayrılır və uşağın kimdə qalacağı ilə bağlı problem yaranır. Məhkəməyə müraciət olunur. Lakin bəzən məhkəmə illərlə davam edə bilir. Alimentin verilməsi, valideynlərin hüquqi statusunu müəyyən edən sənədin verilməsi kimi məsələlərdə vətəndaş nikahı ciddi problemlər yaradır. Bu cür ailə qurulması komitəmiz tərəfindən dəstəklənmir. Onlar özləri dərk etməlidir ki, uşaqları statussuz insanlardır. Odur ki, belə ailədə doğulan uşaqlara ad, soyad vermək olmur, sənəd almaq olmur. Azərbaycan hüquqi dövlətdir. Ona görə hər bir vətəndaşın hüquqi statusu olmalıdır. Ona görə də statussuz bir şəxs necə hər hansı bir məktəbdə təhsil ala bilər? Onları heç bir müəssisə qəbul etməyəcək.

Düzdür, bu cür nikahlar qanuni baxımdan cinayət məsuliyyəti yaratmır. Sadəcə olaraq, bu cür ailələrin sonradan hansısa xəstəxanada, dövlət orqanında və s. ailə kimi qəbul olunmaması onların özünə sosial cəmiyyətdə yer tapmaması ilə nəticələnir. Çünki onlar faktiki bir yerdə yaşasalar da, hüquqi cəhətdən ayrı-ayrı adamlardır və rəsmi olaraq ailə sayılmırlar”.

Komitə rəsmisinin fikrincə, münasibətə girən zaman tərəflərdən ən azı biri təşəbbüs göstərməlidir ki, nikah rəsmiləşdirilsin: “Çünki bu nikahdan dünyaya gələn uşaq dövlət üçün sosial yükdür. Eyni zamanda, bunu valideyn məsuliyyətsizliyi kimi dəyərləndirirəm.

Bizim çox gözəl ailə dəyərlərimiz var. Avropada ata-anaya ailədə bizdəki kimi hörmətlə yanaşma yoxdur. Bu vətəndaş nikahı da bizə Avropadan gəlmiş bir ənənədir. Ona görə istərdik ki, gənclərimiz milli ailə dəyərlərimizə uyğun davransınlar”.

“Kəbindən kənar münasibət zina sayılır”

Ailə dəyərləri tarixən islam aləminin ən həssas yanaşdığı faktorlardan olub. Odur ki, həm mental baxımdan, həm də dini baxımdan vətəndaş nikahı Azərbaycan cəmiyyəti üçün yaddır. Qafqaz Müsəlmanları İdarəsinin nümyəndəsi, din xadimi Hacı Şahin Publika.az-a açıqlamasında vətəndaş nikahının islam aləmində qəbuledilməz olduğunu bildirib:

“İslam dinində evlənməyin qaydası budur ki, ailə qurarkən kəbin kəsilməlidir. Yalnız kəbin oxunduqdan sonra insan bir-birinə məhrəm sayılır. Ona görə dinimiz kəbindən kənar münasibətləri qəbul etmir. Dini nöqteyi nəzərdən insan yalnız kəbin vasitəsilə ailə qura bilər. Dinimizə görə, kəbindən kənar münasibət zina sayılır. Hansı ki, bu, böyük günahdır. Təbii ki, bu hüquqi baxımdan da insanlar üçün problem yaradır. Övladın zinadan doğulması mənfi bir haldır. Bu həm də uşağın psixoloji durumuna da təsir göstərəbilər. Daha yaxşı olar ki, insanlar öz ailə münasibətlərini qanunvericiliklə təsbit etsinlər. İnanclı insandırlarsa, allahın razılığı da olsun. Bu zaman həm hüquqi baxımdan, həm mənəvi baxımdan münasibətləri tənzimləmək asanlaşır. Yəni, ailə bir məsuliyyətdir. Quranda da qeyd olunur ki, ailə Allahın qüdrət nişanələrindən biridir. Ailə müqaəddəs bir bağlılıqdır. Qeyri-qanuni münasibətlər bu müqəddəsliyə xələl gətirir və ailə dəyərlərini aşınıdırır. Ailə dəyərləri sıradan çıxarsa, cəmiyyətimiz üçün mənəvi tənəzzülə imkan yaranmış olar”.

Əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi

Bu cür nikahlar psixoloji cəhətdən də insanlara təsirsiz ötüşmür. Bəzən belə ailələrdə doğulan uşaqlar cəmiyyətdə yaxşı qarşılanmır və onlar mənəvi travma ala bilirlər. Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov deyir ki, vətəndaş nigahı ailədaxili konfliktlərlə düz mütənasibdir. Ailədaxili münaqişələr artdıqca, boşanmalar artdıqca, vətəndaş nigahları da çoxalır.

“Bu prosesin özəyində insanın qarşısındakı şəxslə uzun müddət münasibətinin davam edəcəyinə inamın olmaması durur. Qərb ölkələri ilə müqayisə aparırlar. Orda cütlük bəzən 10-15 il bir yerdə yaşayır, daha sonra nikaha girir. Bildiyiniz kimi bu cür cütlüklər ayrılanda da ən böyük çəkişmə mülk bölgüsü zamanı yaşanır. Bu da tərəflər arasında psixoloji güvənsizliyin yaranmasına gətirib çıxarır. Vətəndaş nikahından uşaq dünyaya gətirmək də təqdirəlayiq deyil. Amma nəzərə alın ki, əvvəllər vətəndaş nikahına qarşı ictimai qınaq var idi. Artıq bu qınaq əvvəlki gücə malik deyil. Ona görə də bu prosesin genişlənməməsi üçün maarifləndirmə aparmaq lazımdır. Çünki bu proses arta-arta gedir”.

Psixoloqun fikrincə, psixoloji cəhətdən insanları vətəndaş nikahına çəkən ən əsas amil məsuliyyətdən azad olmaqdır: “Ortada sənəd yox, bir şey yox. Haçan istəsən, çıx get. İkinci bir tərəfdən, vətəndaş nikahlarının sayı artdıqca proses cəmiyyət üçün adiləşir. Əvvəllər adətən ilk evliliyi uğursuz olan şəxslər buna meyl edirdisə, indi heç evlənməyən şəxslər, hətta bəzən evin tək uşağı olanlar vətəndaş nikahında yaşamağı seçirlər. Bizim cəmiyyətdə böyüyən uşaqlar üçün bu gələcəkdə psixoloji gərginliyə gətirib çıxara bilər”.

Amin Nəzərli

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08