"Bəzi ixtisasları üzrə qəbul planı tam dolmur" - Təhsil Nazirliyi
Digər
21 İyul 2017 16:17

"Bəzi ixtisasları üzrə qəbul planı tam dolmur" - Təhsil Nazirliyi


 

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması ilə bağlı APA-ya müsahibəsi.

 

- Yaqub müəllim, bu il qəbul imtahanlarında bir sıra ixtisaslar üzrə qəbul ballarının diferensiallaşması zərurəti nə ilə bağlıdır?

 

- Günümüzün ali təhsillə bağlı əsas hədəfi rəqabət qabiliyyətli kadr hazırlığıdır. Müasir dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas amillərdəndir. Bunun üçün hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institutsional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi vacib amildir. İnsan kapitalının yeni inkişaf fəlsəfəsi bilik iqtisadiyyatının formalaşmasında həlledici həlqədir. Bunun üçün də ali təhsilin əlçatanlığının təmin edilməsi mühümdür.

 

Ölkəmizin ali təhsil müəssisələrinə əvvəlki illərdə olduğu kimi, qəbul zamanı müsabiqədə iştirak etmək üçün minimal bal əksər ixtisaslar üzrə 200 bal həddində saxlanılıb. Eləcə də ölkə üçün prioritet hesab olunan ixtisaslar, o cümlədən “İnşaat mühəndisliyi”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi”, “Kompüter elmləri”, “İnformasiya texnologiyaları” və bu kimi bir sıra ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün minimal keçid balı yüksələrək 250 və 300 bal müəyyənləşdirilib. Bu da qəbul prosesinin nəticələrinin keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərib.

 

Hər il olduğu kimi, qəbulun nəticələri Təhsil Nazirliyində təhlil olunur. Son bir neçə ilin statistik təhlilləri göstərir ki, əsasən özəl ali təhsil müəssisələrində və regionlarda yerləşən bir sıra dövlət ali təhsil müəssisələrində bəzi ixtisasları üzrə tələbə qəbulu yerləri tam dolmur. Bu faktı, eyni zamanda regionların sosial inkişafını, eləcə də əhalinin sosial durumunu və bölgədə yaşayan gənclərin ali təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə sözügedən universitetlərdə qəbul ballarının diferensiallaşması həyata keçiriləcək. Bu proseslə bağlı müsbət nümunə kimi onu demək olar ki, son illərdə tətbiq olunan praktika - kənd təsərrüfatı ixtisaslarına qəbul ballarının diferensiallaşması bu sahədə ali təhsil almaq istəyənlərin sıralarının genişlənməsinə səbəb olub.

 

Qeyd edilən tədbirlərin həyata keçirilməsi kadr hazırlığı keyfiyyətinin yüksəldilməsi, ali təhsil müəssisələrinin maliyyə durumunun yaxşılaşdırılması, bölgələrdə yaşayan gənclərin ali təhsilə əlçatanlığının təmin edilməsi və bütövlükdə ölkənin sosial-iqtisadi inkişafına yönəlib.

 

- Bu il ali təhsil müəssisələrinə hansı yeni ixtisaslar üzrə tələbə qəbulu aparılacaq?

 

- Ölkə iqtisadiyyatının çox şaxəli inkişafı istiqamətləri və bu istiqamətlər üzrə dövlət tərəfindən qəbul olunmuş strateji sənədlər, ölkə başçısının sərəncamı ilə yeni tipli Bakı Mühəndislik Universitetinin yaradılması ölkənin ali təhsil müəssisələrində bir sıra yeni ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığını tələb edir. Ölkədə son illərdə nəqliyyat, sənaye və inşaat sektorundakı dinamik inkişafı nəzərə alaraq növbəti tədris ilindən bu sahələr üçün “Sənaye mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi” və “Şəhərsalma” ixtisasları üzrə tələbə qəbuluna başlamaq nəzərdə tutulub.

 

- Yaradıcı ali təhsil müəssisələrinin magistraturasına qəbulla bağlı hansı yeniliklər nəzərdə tutulub?

 

- Nazirlər Kabinetinin qərarı ilə ali təhsil müəssisələrinin magistratura səviyyəsi ixtisasların təsnifatında dəyişiklik olub. Bu dəyişikliyə görə mədəniyyət və incəsənət ixtisasları qrupu üzrə fundamental tədqiqat tələb etməyən 15-ə qədər ixtisaslaşma üzrə təhsil müddəti 2 ildən 1,5 ilə endirilib. Bu ixtisaslarda təhsilalanlar elmi tədqiqatla məşğul olmayacaq və onlar tədqiqatçı kimi deyil, mütəxəssis kimi hazırlanacaq.

 

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisaslar üzrə müsabiqə şərtlərini Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edir. DİM-in yaydığı məlumata görə, müsabiqə şərtləri ilə əlaqədar Təhsil Nazirliyinin 13.07.2017-ci il tarixli məktubuna əsasən 2017/2018-ci tədris ili üçün bəzi ali təhsil müəssisələrində müəyyən ixtisaslar üzrə ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən az olmayan (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq olunmur) abituriyentlərin buraxılması nəzərdə tutulub.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13