Prezident İlham Əliyev: "Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək"
Ölkə
21 İyul 2017 18:04

Prezident İlham Əliyev: "Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək"


"Pirallahı rayonunda turizmin inkişafı bundan sonra sürətlə gedəcək".

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Bakının Pirallahı qəsəbəsinin içməli su təchizatı layihəsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu gün Pirallahı rayonunun həyatında çox əlamətdar bir gündür: "İçməli su layihəsi istifadəyə verilir. Həm Pirallahı qəsəbəsinə, həm Gürgan qəsəbəsinə indi təmiz, içməli su veriləcəkdir. Bu, çox böyük hadisədir. Siz burada yaşayan insanlar yaxşı bilirsiniz ki, burada su problemi həmişə insanları çox narahat edir, incidirdi. İndi isə vətəndaşlara 24 saat ərzində təmiz, bütün ekoloji standartlara uyğun, Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su verilir. Bu, çox böyük layihədir, böyük vəsait tələb edən layihədir. Sırf sosial xarakter daşıyan layihədir ki, vətəndaşlar üçün təmiz, içməli su verilsin. Çünki su insanın həyatında əsas amillərdən biridir. Su sağlamlıqdır, təmizlikdir və əlbəttə ki, təmiz, içməli su hər bir insanın həyatında xüsusi yer tutur".

Prezident bildirib ki, son illərdə həm Bakıda, həm də demək olar ki, bütün bölgələrdə içməli su layihələri uğurla icra edilir: "Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşır və gələcəkdə görüləcək işlər var, çoxdur. Bura çəkilən 80 km uzunluğunda su xətti əlbəttə ki, böyük vəsait tələb edən layihədir. Çünki Ceyranbatandan Pirallahıya, Gürgana, eyni zamanda Xəzər rayonunun Zirə və Türkan qəsəbələrinə xətt çəkilibdir. Bundan başqa, bir neçə il bundan əvvəl Ceyranbatan su anbarında böyük bir təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir ki, bu da dünya miqyasında ən böyük təmizləyici qurğudur. Buna görə Pirallahıya içməli suyun gətirilməsi doğrudan da böyük layihədir. Həm texniki, həm də maliyyə cəhətdən böyük zəhmət və vəsait tələb edən layihədir. Ancaq bu layihə artıq reallaşıbdır. Biz bunu eləmişik və burada yaşayan vətəndaşlar üçün bu, çox gözəl bir hədiyyədir. Bununla bərabər, burada bütün digər məsələlər, infrastruktur məsələləri həll olunur, yəni biz Pirallahı rayonunun inkişafına kompleks şəkildə yanaşdıq. Gözəl körpü salınıb, bu körpünün tikilməsi də bu bölgənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına hesablanıb. Xəzər dənizinin indi təbii axını təmin olunur. Əvvəllər burada dənizdə müəyyən durğunluq var idi. İndi isə bu körpünün altından dəniz suları axır, eyni zamanda, gələcəkdə gəmilərlə, yaxtalarla Bakıdan bura gəlmək mümkün olacaq. Körpüdən nəhəng bir infrastruktur layihəsidir, uzunluğu 700 metrdən çoxdur. Aeroport yolundan Pirallahıya 4 zolaqlı, geniş, gözəl yol salınıb ki, bu da ən yüksək standartlara cavab verir. Ona görə də bu əsas infrastruktur layihələrinin icrası əlbəttə ki, yeni imkanlar yaradır. Qazlaşma tam təmin olunub, elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Bu gün yeni günəş elektrik stansiyasının açılışını qeyd edəcəyik. Sosial infrastruktur yaradılır. 85 yerlik xəstəxana təmir olunub, bir neçə məktəb təmir olunub, istiliklə təchiz olunub. 70-dən çox yaşayış binası təmir olunub, parklar salınır, yeni müəssisələr yaradılır.

Azərbaycanda əvvəllər, bu gün də hələ dərman istehsalı müəssisələri demək olar ki yoxdur. Biz birinci fabrikləri bura saldıq. İki fabrikin tikintisi gedir. Ora qoyulacaq sərmayənin həcmi haradasa 100 milyon dollara bərabərdir. Burada yeni iş yerləri, yeni istehsal yaradılacaq. İndi balıq yetişdirmə zavodunun təməli qoyulacaqdır. Bakı şəhərində bu günə qədər balıq bazarı olmayıb. Bu böyük bir çatışmazlıqdır. Çünki dəniz kənarında yerləşən şəhərlərin əksəriyyətində balıq bazarları olur. Bu, həm vətəndaşlara xidmət edir, eyni zamanda bu balıq bazarları bir növ turizm zonasına çevrilir. Burada gözəl bir kiçik bulvar salınıb. Balıq bazarı, balıq yetişdirmə müəssisəsi yaradılıb. Turizmin inkişafı bundan sonra sürətlə gedəcək. Böyük turizm layihəsi var - Gürgan qəsəbəsində. Pirallahı da gözəl bir cənnət yerə çevrilibdir, Həm vətəndaşlar üçün, həm də bütün Bakı sakinləri üçün, Azərbaycan vətəndaşları üçün və qonaqlar üçün çox gözəl şərait yaradılıbdır. Bütün bu gözəl hadisələr münasibətilə sizi təbrik edirəm".

İlham Əliyev əlavə edib ki, Pirallahı rayonu gənc rayondur: "5 ildir ki Pirallahı rayonu yaradılıbdır və yaranan gündən dərhal geniş quruculuq, abadlıq işləri aparılıb. Sizi bir daha təbrik edirəm və sizə yeni uğurlar arzu edirəm".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13