Daha bəsdir... – Ev ala bilməyən jurnalist yazır
Digər
22 İyul 2017 10:52

Daha bəsdir... – Ev ala bilməyən jurnalist yazır


Media əhlinin böyük həyəcan və intizarla gözlədiyi gün yetişdi. Jurnalistlər üçün tikilən ikinci binadan mənzil alan şəxslərin adı açıqlandı. Kimi sevindi, kimi məyus oldu. Ev alan seçimi ədalətli, siyahıdan kənarda qalanlar haqsızlıq olduğunu yazdı. Hələ də yazırlar...

 

Mən də kirayə yaşadığıma görə müraciət etmişdim. 15 illik jurnalist fəaliyyətim və gerçəkdən ehtiyacım olduğu üçün o binadan mənzil almaq istəyirdim. Yay məzuniyyətlərini çıxmaq şərti ilə bu 15 ildə 1 ay da jurnalistikadan kənarda qalmamışam, həmişə aktiv fəaliyyətim olub. Dediyim odur ki, həm xidmətim var, haqqım çatırdı, həm də ehtiyacım vardı. Amma ikinci dəfə də müraciətim qəbul olmadı. Heç üzülmədim, vecimə də almadım, desəm yalan olar. Mən də digərləri kimi böyük həyəcan və ümidlə gözlədim. Mən də üzüldüm. Ən çox da 6 yaşlı qızımın “ana, bəs bizə vermədilər?” deyib ağlamağına məhv oldum. Neyləməli? Bəzən ailədəki böyük problemləri uşaqlardan gizlətmək, nə qədər həssas davranmağa çalışsan da, onları kənarda saxlamaq olmur.

 

Yaşadığım üzüntüyə rəğmən, mənim “255 nəfərlik siyahı ədalətsizdir” deməyə dilim gəlmir. Çünki neçə evsiz həmkarım mənzil müjdəsi ilə sevindi. Nə yalan deyim, ehtiyacı olanların mənzil almasına evi olub haqqı çatanlardan daha çox sevindim. Çünki kirayə yaşamağın çətinliyini, ağrısını yaxşı bilirəm. Hər kəs öz dərdindən daha yaxşı anlayar. Amma evi olduğu halda mənzil alan jurnalistləri də qınamıram. Kiminsə bu sahədə uzun illər əməyi varsa, niyə də mükafatlandırılmasın? Bu da onun haqqıdır. Amma könül istərdi ki, siyahıda kirayə yaşayanlar daha çoxluq təşkil edərdi. Nə isə, oldu-bitdi.

 

Əslində bitməyinə bitib, amma bəzi həmkarlarımız hələ də bitirə bilmir. Elə yazımın canı da budur. Hələ o qarğış edənləri heç anlamıram. “Mənim olmadısa, heç kimin də olmasın” niyyəti çox çirkindir.  Ah-vayla nə dəyişəcək ki? Daha da çirkinləşmədən söhbəti bağlasaq. Vallah, kənardan çox bərbad görünür.

 

Qarğışsız-söyüşsüz, hay-həşirsiz üzüntünü, kədəri, lap elə etirazı da anlamaq olar. Kimsə kirayə pulunu ödəyə bilmir və bu binaya ümid bəsləmişdi, amma olmadı. Əlbəttə, üzüləcək, məyus olacaq. Amma məncə insana üzüntünü də ləyaqətlə, qürurla yaşamaq yaraşır. Üzüldün, özünü ələ al, ən azı evsiz həmkarlarının sevincinə şərik olmağı bacar. Kinini, nifrətini, paxıllığını qusmağın kimə faydası var ki? 

 

Haqlı narazılıqlar da mümkündür. Düşünə bilərsiniz ki, filankəsin heç haqqı çatmırdı, evi olduğu halda yenə mənzil aldı. Lap elə haqsız yerə mənzil alan varsa, onu da Allahına həvalə edib, belə bitirin.

 

Bütün halda bitirin, daha bəsdi.

 

P.S. Hə bir də, mənzillə bağlı təklifim var. Jurnalistlərin evsizlik problemini daha köklü həll etmək üçün elə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun nəzdində  mənzil təsərrüfat birliyi kimi bir qurum yaradıla bilər.  Deyək ki, 1-2 otaqlı evdə yaşayan jurnalistə mənzil şəraitini yaxşılaşdırmaq üçün ev verilib. Həmin şəxs yeni mənzilinə köçəndə köhnə evini bu quruma təhvil versin. Həmin qurum isə təhvil aldığı evi kirayə yaşayan başqa bir jurnalistə bağışlasın. Beləcə, kirayə problemi daha çox həllini tapmış olar.

 

 

 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08