Dünənin və bu günün məşhur imzaları - REPORTAJ
Digər
22 İyul 2017 19:17

Dünənin və bu günün məşhur imzaları - REPORTAJ


Bu gün Azərbaycan mətbuatının 142 yaşı tamam olur. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi tərəfindən Azərbaycanın ilk çap nəşri - "Əkinçi" qəzeti buraxılıb. Elə bugünkü süjetimizin qəhrəmanları da həmkarlarımızdır.

 

Hidayət Elvüsal... 1990-cı illərin fəal qəzet oxucuları bu imzanı yaxşı xatırlayır. Bir zamanların ən populyar və sevilən imzalarından olan Hidayət Elvüsal ömrünün 47 ilini mətbuata həsr edib. Jurnalist fəaliyyətinə Kəlbəcərdə orta məktəbdə oxuyarkən "Yenilik" qəzetində başlayıb. Universitet illərində Azər­bay­can Döv­lət Radio­su ilə əmək­daş­lıq edib. Daha sonra məşhur "Azərbaycan gəncləri" qəzetində işləyib. Deyir, jurnalistika onun həyatıdır, özünü onsuz təsəvvür etmir: "Jurnalistika bir həyatdır, yurddur, adam burdan ayrılsa... Balığı sudan çıxarırsan, bax, jurnalistika da mənim üçün belə bir şeydir - adamın nəfəsi kəsilər. Təsəvvür edin - neçə ildir təqaüddəyəm, amma yenə yazıram. Olmur, havam çatmır, mütləq yazmalısan ki, özünə gələsən, dincələsən".

 

Hidayət Elvüsal jurnalist fəaliyyəti boyunca daha çox müsahibə və reportajlar, hekayə və povestlər yazıb. O, eyni zamanda mahnı mətnlərinin də müəllifidir, 1990-cı illərdə MDB məkanında yeganə informasiya qəzeti olan "Səhər"də redaktor müavini vəzifəsində çalışıb. Ona ən çox populyarlıq qazandıran isə "Belə-belə işlər" rubrikası ilə dərc etdiyi yazıları olub: "4 səhifəlik qəzetdə 60-dan çox informasiya gedirdi. 20 Yanvar hadisələrində ancaq "Səhər" qəzeti çıxırdı. O qəzet tarix idi, 2 milyon tirajla çıxırdı. İlk dəfə 20 yanvarda Azərbaycan xalqı Şəhidlər Xiyabanında qəzetin nə demək olduğunu gördü, söz təzədən başlayır gördülər, yeni şərtlər ortaya çıxdı, yeni məsələlər gəldi".

 

Hidayət Elvüsal o dövrdə jurnalistikanın daha maraqlı olduğunu deyir. Onun fikrincə, sözün qədrini bilməyən adam heç nəyin qədrini bilə bilməz: "O zaman daha maraqlı idi deyə bilərəm də, bilmərəm də. O zaman bir sözün üstündə insanın başına böyük bəlalar gələrdi. İndi kim nə istəyir yazır, amma o zaman çox böyük sənətkarlıq tələb edirdi. Ezop dili deyilən bir anlam var, o zaman da belə bir şey var idi risk edib söz demək".

 

Veteran jurnalist deyir ki, bu gün jurnalistikada çatışmayan cəhətlərdən biri də ixtisaslaşmanın olmamasıdır. Hidayət Elvüsal həm də Milli Mətbuat günü münasibətilə mənzil alan jurnalistlərdən birdir. Deyir ki, bu onun üçün gözlənilməz olub: "Həmkarlarımı təbrik edirəm. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Çalışdığımız, işlədiyimiz illər hədər getməyib, nə vaxtsa qiymətləndirilir. Ona görə cənab prezidentə bir daha təşəkkür edirəm".

 

1990-cı illərdə parlayan və hələ də populyarlığını qoruyub saxlayan imzalardan biri də Xalid Kazımlıdır. O da mənzillə mükafatlandıran jurnalistlər arasındadır. Musavat.com saytının redaktoru Xalid Kazımlı üçün də bu hədiyyə gözlənilməz olub. Deyir ki, jurnalistikaya 12 yaşından marağı yaranıb, jurnalist olmaq həyatının amalı olub. 22 ildir "Yeni Müsavat" qəzetində işləyir. Həm də Samir Sarı imzası ilə tanınan Xalid Kazımlı artıq 30 ildir jurnalistikadır: "Samir Sarı imzası mənim o vaxt əmim oğlu var idi, jurnalist olmaq istəyirdi, mən də onun adını duyurmaq istəyirdim, daha sonra Sarı əlavə etdik maraqlı səslənsin deyə. Samir Sarı imzası Xalid Kazımlı imzasından daha çox sevildi. Çalışıram ciddi yazılarla satirik yazılar qarışmasın, oxucu Samir Sarı imzasını görəndə bilsin ki, bu yumorist və satirik janrda olacaq. Amma Xalid Kazımlı imzası ilə reportajlar, publisistik esselər olur".

 

Xalid Kazımlının fikrincə, bu gün jurnalistikada xeyli problemlər var. Onları aradan qaldırmaq üçün ilk növbədə araşdırma jurnalistikasını inkişaf etdirmək lazımdır: "Oxucularla səmimi olmaq, yalan yazmamaq lazımdır. Əgər həqiqəti deyə bilmirsənsə, yalan deməyə məcbursansa, bu yerdə müdrikcəsinə susmaq daha yaxşıdır. Jurnalistikada bu gün xeyli problemlərimiz var, oxuculara çatmaq problemi var, oxucu problemi var. Azərbaycan mətbuatında qəzet oxucularının sayı 1% həcmindədir".

 

Hidayət Elvüsal və Xalid Kazımlı... Həsən bəy Zərdabi ilə uzun bir yola çıxan Azərbaycan mətbuatının dünənki və bugünkü imzalarını bir süjetdə qarşı-qarşıya gətirdik. Onların simasında bütün həmkarlarımızı Milli Mətbuat günü münasibətilə APA TV-nin kollektivi adından təbrik edirik.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08