Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”
Ölkə
23 İyul 2017 23:04

Neft şirkətinin keçmiş işçisi külli miqdarda pulu mənimsəyib “SOCAR-ın vitse-prezidenti qohumumdur”


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Şəkər Məmmədova sədrlik edib.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, Aybəniz Xəlilova, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə, 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Törətdiyi cinayət əməlinə görə Bənövşə Süleymanovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən B.Süleymanova ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. O, vətəndaşlardan aldığı pulları keçmiş həyat yoldaşı Elmar Paşayevə verdiyini deyib.

Prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib. Şahid ifadəsində bizneslə məşğul olduğunu, keçmiş həyat yoldaşı ilə birgə nikahda olduqları dövrdə kafe aldığını, həmin kafeni işlətdiyini deyib: "Mən Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxuduğum vaxtlardan işləmişəm. Ailədə həmişə gəlir gətirən mən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb".

E.Paşayev qeyd edib ki, Bənövşə Süleymanovanın vətəndaşlardan aldığı pullardan ona heç nə çatmayıb.

B.Süleymanova isə keçmiş ərinin dediklərini təkzib edib: "Həmin pullar hesabına özünə kafelər alıb, ailəsini dolandırıb, bu yolla varlanıb. Məni otellərə aparırdı. Otelin pulunu da məndən alırdı. Atamın pullarını məndən alırdı. Sonradan məni dəlixanaya salıb məhkəmə yolu ilə boşadı. Məni dəli kimi qələmə verib, uşaqları öz himayəsinə götürdü. Mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Deyirdi, mənim adımı hallandırma. Mən "Maştağa"da yatanda vətəndaşların məndən şikayət etdiklərini eşitdim. Beş ay orada yatdım. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxarın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlar da pulların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib. Mənə deyirdi ki, məni satma. Müstəntiqlə birləşib məni bu günə qoydular".

Hakimin "Sənə deyəcəkdi ki, get özünü dağdan at, atacaqdın?" sualına təqsirləndirilən şəxs "ona inanmışdım" deyə cavab verib.

Şahid keçmiş həyat yoldaşının yalan danışdığın, onu heç bir otelə aparmadığını, bir dəfə dəniz kənarına getdiklərini göstərib: "Yalan danışır. Boşanandan sonra dəlixanada olub, sonra da türmədə".

Qeyd edək ki, məhkəmə prosesi boyunca keçmiş ər-arvad bir-birlərinin ünvanına kəskin ifadələr, ittihamlar səsləndiriblər. Məhkəməyə sədrlik edən hakim tərəfləri sakitləşdirib.

Daha sonra şahid qismində Elzadə Paşayeva ifadə verib. O, ifadəsində gözəllik salonunda işlədiyini, Bənövşənin mütəmadi olaraq onun yanına gəlib-getdiyini göstərib: "Özünü yuxarıdan aparırdı, pula pul demirdi, yüksək maaş aldığını söyləyirdi. Beş manatlıq işə otuz manat verirdi. Sonra dedi ki, ailə qururam, toyum olacaq. Toyu olandan bir müddət sonra mənə mesaj yazdı ki, qızıllarımı itirmişəm, faizə 12 min manat pul götürmək istəyirəm, alım qoyum yerinə. Xalamoğlu Mərkəzi Univermaqda işləyirdi. Onları tanış elədim. Qızıl alıb pulunu hissə-hissə ödəyirdi".

Şahid ifadəsində göstərib ki, Bənövşə ilə aralarında münasibət getdikcə daha da möhkəmlənib. Bənövşə ona həyat yoldaşını SOCAR-a işə düzəldə biləcəyini, bunun üçün 25 min manat pul lazım olduğunu deyib: "Deyirdi ki, Xaliq Məmmədovun yaxın qohumuyam, ərini işə düzəldəcəyəm, əgər alınmasa, pulunu qaytaracağam. Həyat yoldaşım İlhamla SOCAR-ın binasının yanına gəldik, sənədlərlə bir yerdə pulu verdik".

Şahidin dediklərinə görə, iş alınmadıqda B.Süleymanova ona qarşıdan Avropa Oyunları gəldiyini deməklə vaxtı uzadıb. Beləliklə, il yarım keçib. Nə işə düzəlib, nə də pulları geri qayıdıb: "İki il tamam olanda pullarımı istədim. Dedi ki, vermişəm başqa bir qadına".

Zərərçəkmiş qismində dindirilən Aybəniz Xəlilova ifadəsində təqsirləndirilən şəxsin onun qızı ilə bir yerdə işlədiyini deyib: "Evimizə gəlib-gedən adam olub, bir yerdə çörək kəsmişik. Qızım işdən çıxmışdı. Sonradan Bənövşə zəng vurub dedi ki, iş yeri açılıb, on min manat şirinlik vermək lazımdır. O qədər pulumuz olmadığını söylədim. Deyirdi ki, şirkətin vitse-prezidenti atamın bibisinin yoldaşıdır. Borc pul, kredit götürüb verdik. Həmin ərəfədə SOCAR-da qəza oldu, işçilər dənizdə batdı. Bizə deyirdi ki, indi qarışıqlıqdır, düzələcək. Bənövşəyə ayrı-ayrı vaxtlrda 18 min manata kimi pul vermişik, indiyə qədər bir manat da qaytarmayıb".

Zərərçəkmiş ifadəsində deyib ki, pullarını ala bilmədikdə B.Süleymanovanın yaşadığı ünvana yollanıb. Qapının yanında dayanıb Bənövşənin evə nə zaman gələcəyini gözləyib: "Bu vaxt gördüm ki, iki nəfər də Bənövşənin qapısına yaxınlaşdı. Mənə dedilər ki, sən də pula görə gəlmisən? Elə bil məni cərəyan vurdu. Aldadıldığımı həmin vaxt başa düşdüm. Mən onun həbs olunmağını istəmirəm, pullarımızı qaytarsın".

Proses iyulun 26-da davam edəcək.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08