Knyaza ev tikən, avtobusda “dava salan” azərbaycanlı: “Faşistlərin cibinə girirdik” - PORTRET
Digər
24 İyul 2017 17:17

Knyaza ev tikən, avtobusda “dava salan” azərbaycanlı: “Faşistlərin cibinə girirdik” - PORTRET


Səhər tezdən həmkarımız Etibar Hüseynovun Facebook-dakı paylaşımı diqqətimi çəkdi. Bəlkə də çoxlarınızın adını ilk dəfə eşitdiyiniz Hüseyn Axundov barəsindəydi. Fotosunu görməsəydim, bəlkə də keçib gedəcəkdim. Baho, Hüseyn dayı… Doğrudanmı o? Heç ağlıma da gətirməzdim. Və dəfələrlə görüşdüyümüzdə bircə kəlmə də bu barədə danışmamışdı.

 

Tanışlığımız isə 12 il bundan əvvələ gedir çıxır. 2005-ci ilin may ayına. Demək, Moskvada işlədiyim “Azerros” qəzetində Qələbənin 60 illiyi şərəfinə təntənəli ziyafət keçirilirdi. Eyni adlı diaspor təşkilatının rəhbərliyi Moskvada yaşayan azərbaycanlı müharibə veteranlarını dəvət etmişdi. Veteranlara bir-bir söz verilir, onlar da cəbhədəki xatirələrindən, öz rəşadətlərindən danışırdılar. Hamı da səssizcə onlara qulaq asırdı. Mənim yanımda əyləşmişdi Hüseyn dayı. Hər sağlığa reaksiya verir, badəni başına çəkib kirimişcə özü kimi veteranları dinləyirdi. Hər çıxışın sonunda isə bığaltı qımışırdı da.

 

Sağlıq demək növbəsi bu dəfə onun idi. Hamı əlində badə bu ucaboy, üzügülər kişinin nə deyəcəyini gözləyirdi.

 

- Hamınızı təbrik edirəm. Doğrudan da qələbəni bayram etməyə haqqınız çatır. Hərəmiz bir cəbhədə vuruşmuşuq. Aramızda yaralanmayan belə yoxdur. Şükürlər olsun ki, qələbənin 60 illiyini qeyd etməyə də ömrümüz yetdi.

 

“Sağ ol, bayramımız mübarək” alqışları zalı bürüdü. Hamı içməyə hazırlaşan da, Hüseyn dayı qəfil dilləndi. Özü də səsini bir qədər qaldıraraq:

 

- Amma bayaqdan hamınız elə danışırsınız ki, biz guya almanlarla yox, dovşanlara qarşı vuruşmuşuq. Biz qovmuşuq, onlar qaçıblar. Nədən belə danışırsız? Ayıbdır axı. Yadınızdan çıxıbmı müharibənin əvvəllərində bizi az qala qaşqaldaq kimi qırmaqları. Başımızı soxmağa yer axtarırdıq. (Bu vaxt yerdən narazı səslər gəlməyə başladı - S.M.) Hə, niyə donquldanırsız? Düzünü deyin də! Bəli, biz qəhrəmanlarıq, çünki müharibəni udmuşuq. Amma niyə etiraf etmirsiz ki, onlar da şir kimi döyüşürdülər axı. Sonacan vuruşurdular. Elə səngərlərdə ölürdülər. Yadınızdan çıxıbmı ölmüş alman əsgərlərini soymağımız? Ciblərinə girib şokolad, konserv götürürdük. Çəkmələrini soyundurub, geyinirdik. Poqonlarını söküb şinellərini geyinirdik. Yadınızdan çıxıbmı? Axı hamınız bunu eləmisiniz. Bunları niyə demirsiz? İçirəm o sağlığa ki, bir də müharibə gəlməsin bu torpaqlara!

 

Və bunu deyib də arağı başına çəkdi. Zalda ölü sükut vardı. Deyəsən, təkcə mən əl çaldım həmin vaxt.

 

Pərt olmadı Hüseyn dayı. Eləcə ayağa qalxdı. Gözlərini qıyıb gülümsündü. Başıyla işarə elədi ki, gəl bayıra çıxaq. Bayırda bir az gəzişdik. Heç nə danışmadı. Bircə onu dedi:

 

- Məgər düz demədim?

 

Başımla “hə” cavabını verdi. İçəri isə qayıtmadı. Heç hədiyyəsini də götürmədi.

 

- Məni “Şabolovka”ya qədər ötür.

 

Metro stansiyasına çatanda ev telefonunun nömrəsini də verdi.

 

- Ürəyin nə vaxt istəsə, zəng elə…

 

…Hüseyn dayını ondan sonra bir dəfə də gördüm. Bir xeyli söhbətləşdik də. Bircə onu dedi ki, rəssamdır, elə belə, özü üçün çəkir. Amma…

 

Amma sən deyə, Hüseyn dayı, yəni Hüseyn Axundov elə-belə adam deyilmiş…. 

 

***

 

28 aprel 1921-ci ildə Bakı şəhərinin Balaxanı qəsəbəsində anadan olmuşdu. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Balaca Hüseyn Mikayıl Abdullayev, Ağa Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət institutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci institutda görmək istəyiblər. İmtahan komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.

 

1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyin qismətiymiş ki, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinematoqrafiya universitetində davam etdirib. 1945-ci ildə oranı bitirdikdən sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.

 

“Mosfilm”də ştata götürülən ilk azərbaycanlı olub Hüseyn Axundov. İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadları ilə çiyin-çiyinə çalışıb. Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.

 

1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi – S.M.) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb.

 

Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işi ona həvalə edilib.

 

Rusiya Rəssamlar İttifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib.

 

Kinoda bir neçə epizodik rola da çəkilib. “I əməliyyatı və Şurikin macəraları” filmində Qayday onu çox xırda bir rol verib. Avtobusda qadına yer verməyən, sonradan isə Şurikin tərbiyələndirəcəyi həmin obraz yadınızdadırmı? Hə, o keçəl kişini deyirəm. Və o məşhur səhnə. Ardınca da dava. Həmin o keçəl kişi Hüseyn dayıdır.

 

İstər müharibədə, istərsə də sonradan SSRİ-nin və Rusiyanın bir neçə mükafatını, medallarını alıb. 2015-ci il fevral ayının 6-da ömrünün 94-cü ilində Moskvada vəfat edib.

 

Oğlu Tofiq Axundov Rusiyada məşhur sirk ustasıdır. O, həyat yoldaşı Lyudmila Axundova ilə birlikdə “Rəqs edən begemotlar” proqramı ilə dünyanın onlarla ölkəsində, eləcə də Azərbaycanda çıxış edib. 

 

Qızı Fəridə Hüseynova Moskvada tanınmış loqopeddir. Digər qızı Olqa isə mühəndis. Kiçik oğlu Elmar isə tanınmış pediatr.

 

Bax, belə. Kiçik bir təsadüf, daha bir azərbaycanlımızı da tanımağımıza səbəb oldu…

 

 





loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13