Azərbaycanda milyonluq layihə - HƏR ŞEY HAZIR, BİRCƏ...
Digər
24 İyul 2017 17:33

Azərbaycanda milyonluq layihə - HƏR ŞEY HAZIR, BİRCƏ...


Bosniya və Herseqovinda 17-49 yaş arası qadınların ən çox izlədiyi televiziya proqramı öz ölkəsində bütün telekanalların bir illik şikayət limitini 3 həftədə dolduran, saraydakı oturma qaydaları, yeməkləri, geyimləri, mebellərinə qədər bir çox tarixi faktın yanlış təqdim edildiyi, həm də türk kinematoqrafının son illərdəki ən məşhur tarixi teleserialı oldu. Söhbət Azərbaycan da daxil olmaqla 42 ölkədə 200 milyondan çox tamaşaçının izlədiyi Türkiyənin “Möhtəşəm yüzyıl” serialından gedir.

Azərbaycan izləyicisinin də sevərək izlədiyi Osmanlı sultanı Sultan Süleyman Qanuninin həyatından bəhs edən serial Türkiyənin orta əsr tarixini, mədəniyyətini, o dövrün zədagənlərinin həyat tərzini və adət-ənənələrini geniş auditoriyaya çatdıra bildi.

Zaman-zaman səhvlərə yol verilsə də, serial Türkiyənin qədim tarixini milyonların izləməsi üçün əvəzsiz bir vasitə oldu.

Bəs Azərbaycanda necə, bu cür tarixi seriallar çəkilə bilərmi?

Məhz bu sualın cavabını Publika.az-ın “Müfəttiş” layihəsində araşdırmağa çalışdıq.

Azərbaycanda tarixi serial çəkilə biləcək əsərlər var və onlar üzərində işləyərək yaxşı bir ssenari ortaya qoymaq olar. Bunu bir neçə il əvvəl İranda çəkilən “Dumanlı Təbriz” serialı sübut etdi. İranlı rejissorlar 200 il bundan öncə İran-Rusiya münasibətlərini özündə əks etdirən, Azərbaycanın tanınmış dramaturqu Məhəmməd Səid Ordubadinin “Dumanlı Təbriz” romanı əsasında eyni adlı serial çəkdilər.

Ölkəmizdə serialların çəkilməsi üçün dövlət tərəfindən telekanallara bir neçə dəfə vəsait ayrıldı. Bu vəsait hesabına telekanallar nisbətən yüngül, məişət mövzularında serial çəkdilər.

İctimai Televiziyanın “Carçıfilm” yaradıcılıq birliyi isə məhz Qarabağın tarixi haqqında doqquz seriyadan ibarət “Qarabağnamə” serialı çəkəcəyini bəyan etdi. Lakin bu layihə telekanalda baş verən rəhbər dəyişikliyindən sonra yarımçıq qaldı. Milli Televiziya və Radio Şurası ilə telekanal arasında yaşanan qalmaqal məhkəməyə qədər gedib çıxdı.

Bir sözlə, tarixi serial ayaqlanmadan - beşiyində boğuldu. Amma son illər telekanallarda seriallarda dirçəliş müşahidə edilir. Müşahidələr göstərir ki, tarixi serial çəkməyə maraq çox azdır. Bəzi fikirlərə görə, telekanallar bu cür serial yayımlamaqda maraqlı deyil. Çünki onsuz da tamaşaçı dairəsi məhdudlaşan televiziyalar əyləncə verilişləri sayəsində topladıqları auditoriyanı “itirmək” istəmir. Buna görə də, prodakşnlar daha çox məişət mövzularında serial çəkir. Bəziləri isə prodakşnların özünün bu mövzudan qaçdığı qənaətindədir.

Qoyduğu pulu çıxarmaq arzusu, reytinq tələbi

Əvvəlcə sualımızın cavabını bir neçə dəfə serial çəkilişi üçün ayrılan vəsaiti telekanallar arasında bölüşdürən Milli Televiziya və Radio Şurasından (MTRŞ) öyrənməyə çalışdıq.

Qurumun Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Publika.az-a açıqlamasında tarixi serial çəkilməməsinin bir neçə səbəbi olduğunu dedi: “Bu gün serialı əsasən prodakşnlar çəkir. Onlar da qoyduqları pulu çıxartmaq istədiyinə görə reytinq gətirən, yüngül, məişət mövzularına daha çox diqqət ayırır. Təkcə bizdə deyil, dünyada bu tendensiya müşahidə olunur. Prodakşnlar, ssenaristlər sponsorları maraqlandırmaq üçün bu cür mövzulara müraciət edirlər. Digər tərəfdən tarixi serialın çəkilməsi həm də ciddi məsuliyyət tələb edən işdir. Ona görə də bir çox prodakşn və yayımçılar buna risk etmirlər. Bu mövzunun cəmiyyət tərəfindən necə qarşılanacağı sual doğurur. Xarici təcrübələr də göstərir ki, bəzən tarixi serialın ssenarisi, çəkilən aktyorlar tamaşaçı tərəfindən qəbul edilmir, tənqidlərə səbəb olur. Bu mənada prodakşnlar tarixi serial mövzusuna riskə getmirlər”. Bununla yanaşı MTRŞ rəsmisi hesab edir ki, dövlət büdcəsindən maliyyələşən yayımçılar bu məsələdə ilk addım ata bilərlər: “Əlbəttə, tarixi serialın çəkilişində dövlətin iştirakı olmalıdır. Çünki tarixi mövzuda serial çəkməyi hələ ki, prodakşnlara tam həvalə etmək olmaz. Bu məsələ çoxaspektlidir. Biz də dövlət büdcəsindən vəsait ayrılanda ciddi mövzuda serialların çəkilməsini tövsiyə etmişdik. Düzdür, bu məsələ müəyyən qədər qınandı. Lakin birmənalı şəkildə serialların hansı mövzuda çəkilməsi ilə bağlı kriteriyalar müəyyən etməmişdik. Ümumilikdə yanaşsaq, bu sahə ölkəmizdə yenidir. Müəyyən ixtisaslaşmadan, peşəkarlaşmadan, habelə cəmiyyətin sosial sifarişi qəbul edəcək səviyyəyə çatmasından sonra tarixi mövzuda seriallar izləyə biləcəyik. Prodakşn və yayımçılar bu mövzulara maraq göstərəcək. Hələ ki, dövlətin bu mövzuda sifariş verməsinə ehtiyac yoxdur. Olduğu halda Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə belə seriallar çəkilişinə dəstək olunur”.

Boş-boş söhbətlərə yer ayırırlar

İllərdir Azərbaycan tarixinin hər bir dövrünün araşdıran, bununla bağlı kitablar çap etdirən AMEA Tarix institututunun direktor müavini Cəbi Bəhrəmov hesab edir ki, tarixi mövzuda serial çəkmək çox yaxşı olsa da, ondan əvvəl tarixi mövzuların televiziyada təqdimatı lazımdır: “Bu gün Azərbaycan tamaşaçısının heç də hamısı qədim dövrdən müasir tarixə qədər tam məlumatlı deyil. Qonşu ölkələrdə bu cür verilişlər var. Tarixçilər efirdə hər hansı bir tarixi mövzu üzərində müzakirə aparırlar. Bizdə bu cür verilişlərə yox, boş-boş söhbətlərə yer ayırırlar.

Bizim institutda tariximizin bütün dövrləri araşdırılır. Bütün məlumatlar mənbələrə əsaslanır. Nə zaman bizə film çəkmək üçün müraciət edilib, onlara müsbət cavab verilib. Heç bir təmənnasız bütün araşdırmalarımızı ssenaristlərə təqdim etmişik. Halbuki, dünyada bu işlər müqavilə əsasında ödənişlə həyata keçirilir. Gənclər və İdman Nazirliyi “Sarı gəlin”, Azərbaycan qadınlarının Azərbaycan tarixində rolu, İrəvanla bağlı tarixi məlumatlar əldə etmək üçün müraciət etmişdi. Onlara da lazımi məlumatlar verilib. İkinci dünya müharibəsində Azərbaycanın, bizim qadınlarımızın arxa cəbhədəki rolundan film, serial çəkilə bilər. Təki rejissorlar, televiziyalar buna maraqlı olsun”.

“Mənə bəlli deyil”

Kinoşünas, aktrisa Həmidə Ömərovanın sözlərinə görə, tarixi serial ölkənin zəngin mədəniyyəti, tarixi, adətlərinin insanlara çatdırmaq üçün əvəzsiz vasitədir:

“Tamaşaçıların heç də hamısı sənədli filmlərə baxmaq marağında deyil. Lakin serial və kinonun bədii gücü tamaşaçını ekrana bağlaya bilir. Çünki serial tarixi faktları estetik və emosional formada çatdırmağa imkan verir. Müharibələr, sərkərdələr haqqında filmlər hər zaman diqqəti çəkib. Bu gün isə seriallarımızın əksəriyyəti ailə-məişət mövzusundadır, tarixi serialla bağlı addımlar olmur. Bildiyim qədərilə bir müddət əvvəl “Dədə-Qorqud”u çəkmək istəmişdilər”.

H.Ömərova hesab edir ki, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadinin tarixi əsərləri tarixi serialların çəkilməsi üçün yaxşı bir vəsait hesab edilə bilər.

“Mən özüm də həvəslə həmin serillarda rol almaq istəyərdim. Lakin belə serialların nə üçün çəkilməməsi mənə bəlli deyil. Ancaq kinoşünas kimi hesab edirəm ki, tarixi serialların çəkilməsinə ehtiyac var”.

Bəs telekanallar bu məsələdə nə düşünür. Dövlət tərəfindən ayrılan vəsaitə serial çəkmədikləri halda, bundan sonra tarixi serial çəkmək barədə planları varmı?

Adi serialdan 15-20 dəfə artıq vəsait lazımdır

Space teleşirkətinin icraçı direktoru Kamil Şahverdiyev tarixi serial çəkməyin çox çətin olduğu qənaətindədir: “Həmin dövrün geyimlərindən tutmuş, mühitin təsvirinə qədər çox vəsait lazımdır. Bu gün istənilən küçədə dram janrında serial çəkilişi aparmaq olar. Ancaq tarixi serial çəkmək bu qədər asan deyil. İnanmıram ki, bu gün hər hansı özəl telekanalın tarixi serial çəkməyə imkanı olsun. Çünki ona adi serialdan 15-20 dəfə artıq vəsait lazımdır. Bu məsələ prodakşnların da imkanı xaricindədir. Geyimlərə, dekorasiyanın qurulmasına milyonlarla vəsait lazımdır. Bizdə isə o qədər vəsaiti olan prodakşn yoxdur”.

K.Şaherdiyev deyir ki, maddi dəstək olub çəkildiyi halda hər bir telekanal bu cür serialı yayımlamaq istəyər: “Türkiyədə çəkilən “Möhtəşəm Yüzyıl” serialı böyük reytinq gətirdi. Təkcə Türkiyədə deyil, 50-dən artıq ölkəyə satıldı. Yəni tarixi serialla da yüksək reytinq əldə etmək mümkündür. Rusiya efirlərində son illər tez-tez tarixi seriallar görürük. Hətta bu ölkədə son 3-4 aydır serialların əksəriyyəti 40-50-ci illərə aiddir. Yəni tarixi serial bizim tamaşaçının da marağında ola bilər”.

O telekanalların büdcəsi yetərlidir

Təmsil etidiyi telekanalın tarixi serial çəkmək imkanında olmadığını deyən ATV-nin mətbuat katibi Turan İbrahimov bu məsələdə dövlət büdcəsindən maliyyələşən televiziyaların daha real olduğunu vurğulayıb: “Komediyalarla başlayan serial tarixi bu gün dram janrı ilə canlanır. Lakin melodramları çəkmək üçün lazım olan vəsaiti əldə etməkdə belə prodakşnlar çətinlik çəkir. Bu məqamda büdcəsi dramlardan dəfələrlə çox vəsait tələb edən tarixi seril çəkmək çox çətindir. Bu cür serial çəkmək üçün hər bir detala xüsusi diqqət ayrılmalıdır: geyimlər, çəkiliş məkanları, qrimlər həmin dövrü əks etdirməlidir. Bütün bunları təmin etmək üçün real reklam bazarı yetərli deyil. Özəl telekanallar reklam gəlirlərilə büdcə formalaşdırır. Bu gün reklam sektorunda büdcə çox aşağıdır. Bu mənada Azərbaycan Dövlət Televiziyası, İctimai Televiziya dövlət büdcəsindən maliyyələşir, həm də əlavə reklam gəlirləri var. Ona görə də tarixi mövzuda serial çəkmək üçün bu telekanalların büdcəsi yetərli ola bilər”.

T.İbrahimovun fikrincə, ölkəmizdə tarixi serial çəkə biləcək rejissorlar və çəkiləcək aktyorlar kifayət qədərdir, maliyyə problemi olmazsa, bu sahədə uğurlu işlər görmək olar: “Tarixi kinoda təcrübəmiz var və bunu seriala da gətirə bilərik. Yaxşı mövzuda yüksək səviyyədə çəkilmiş seriala Azərbaycan izləyicisi maraqla baxacaq. Hesab edirəm ki, Babək, Şah İsmayıl Xətai ilə bağlı maraqlı serial çəkə bilərlər”.

Qalmaqallı tarixi serial təcrübəsi olan İctimai televiziyadan bildirdilər ki, tarixi serialların çəkilişi ilə bağlı müəyyən layihələr var. Hazırda onların üzərində iş gedir. Layihə mərhələsində olduğundan isə konkret söz deyilmədi.

Altı rəqəmli məbləğ

Televiziyalar kimi prodakşnlar da tarixi serial çəkməmələrinin səbəbini maliyyə ilə əlaqələndirirlər.

“Pozitiv media” prodakşn şirkətinin direktoru, rejissor Rövşən İsax deyir ki, bütün rejissorlar vətəndaşı olduğu ölkənin tarixindən film çəkmək istəyər: “Tarixi serial çəkmək üçün böyük maliyyə dəstəyi lazımdır. Bu dəstəyi yalnız dövlət verə bilər. Özəl telekanalın belə böyük layihəni maliyyələşdirməyə gücü çatacağına inanmıram. Bir neçə il əvvəl dövlət tərəfində serialların çəkilməsi üçün vəsait ayrıldığı kimi bu cür serialların çəkilməsinə pul ayrıla bilər. Bu iş sponsorun gücü səviyyəsində deyil. Yaxşı bir tarixi serial çəkmək üçün altı rəqəmli məbləğə, neçə milyonlara ehtiyac var. Xüsusən də, bir neçə əsr əvvələ aid tarixi serialı sponsor dəstəyilə çəkmək mümkün deyil”.

Rejissor hesab edir ki, tarixi seriala tamaşaçının da marağı az olmayacaq: “Yetər ki, iş səviyyəli olsun. Bütün səviyyəli işlərə tamaşaçının marağı var. yetər ki, onu peşəkar səviyyədə hazırlayasan.Çünki ən maraqlı mövzuda da, bərbad film, serial çəkmək olar, həmçinin çox maraqsız hesab edilən mövzuda maraqlı iş ortaya qoyub tamaşaçı toplamaq. “Bizim tamaşaçının zövqü zəifdir” deyənlərlə razılaşmıram və buna inanmıram. Tamaşaç yaxşı məhsula baxacaq”.

Belə bir ehtimal yaxın gləcəkdə yoxdur

Tarixi mövzuda filmlərin çəkilməsində təşəbbüs göstərən Mədəniyyət və Turizm Nazirliyinin Kino şöbəsinin sektor müdiri Yusif Şeyxov yaxın gələcək üçün belə bir ehtimalın olduğunu düşünmür: “Teleserial sifariş vermək bizim nazirliyin formatı deyil. Biz kinofilmlər çəkilməsi ilə məşğuluq, müxtəlif studiyalar və prodakşnlara müraciət edirik. Buna baxmayaraq, biz də tarixi mövzuda serial çəkilməsinin tərəfdarıyıq. Qonşu ölkələrdə bu məsələdə yaxşı ənənə var. Bizdə də serial çəkilə biləcək əsərlər var. “Qılınc və qələm”i oxuyanda sanki gözünün qarşısında bir serial çəkilir. Nə vaxtsa bu cür layihələrin gerçəkləşməsi üçün tədbir görülə bilər. Lakin yaxın gələcək üçün belə bir layihə yoxdur”.

Demək, tarixi seriala çəkilmək istəyən aktisa, aktyorlar, rejissor, məlumatları verəcək institut, tarixi əsər, yayımlayacaq telekanallara qədər hər şey hazırdır. Bir qalır lazım olan vəsaiti ayırmaq. Tərəflər bu məsələdə maddi dəstəyi yalnız dövlətdən gözləyir. Lakin iş adamları bu cür layihələrə dəstək verə bilərlər. Biz də qonşu Türkiyə kimi serial çəkib, dünya ölkələrinə satıb, yaxşı gəlir də əldə edə bilərik. Niyə də yox?

Gülxar Şərif

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 15 avqust

Astroloji proqnoz - 15 avqust

15 Avqust 2017 00:13
Adriana Limadan şok etiraf

Adriana Limadan şok etiraf

10 Avqust 2017 15:02
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13