"Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil"
Ölkə
24 İyul 2017 18:04

"Moskva-Bakı münasibətlərinin inkişafı Rusiyada müəyyən bir qüvvənin ürəyincə deyil"


"Rusiya və Azərbaycan prezidentlərinin Soçidə keçirilən görüşü qəfil, lakin gözlənilən idi. Bu görüş iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakterli olduğunu bir daha təsdiqlədi".

Milli.Az xəbər verir kİi, bunu APA-ya açıqlamasında iyulun 21-də Soçidə Rusiya və Azərbaycan prezidentləri arasında keçirilən görüşü şərh edən Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov bildirib.
 
Politoloqun fikrincə, Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ əslində 2013-cü ilin yayından başlayıb: "Vladimir Putinin Bakıya səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcı idi. Bu səfərdən sonra Azərbaycanla Rusiya arasında demək olar ki, bütün sahələrdə - siyasət, iqtisadi-ticarət, hərbi-texniki əməkdaşlıq, humanitar, neft-energetika və digər sahələrdə münasibətlər yüksək sürətlə inkişaf etməyə başladı. Rusiya və Türkiyə arasında böhran olan zaman Azərbaycan çox müdrikcəsinə davrandı. Rusiyaya qarşı Qərbin sanksiyaları zamanı Bakı Moskvanı dəstəklədi. İki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsində məhz Azərbaycan prezidenti İlham Əliyevin böyük rolu qeyd olunmalıdır. Soçidə keçirilən görüş də münasibətlərin yeni mərhələsinin məntiqi davamıdır".
Rusiya və Azərbaycan arasında gərginliyin olması kimi arqumentlərə cavabı Putin və Əliyev Soçidə verdilər
S. Markov mətbuatda iki ölkə arasında münasibətlərin gərgin olmasının səbəbləri barədə yazılanların inandırıcı olmadığını vurğulayıb: "Bəli, iki ölkə arasında problemlər var. Bu təbiidir. Hansısa məsələlərə yanaşmada iki ölkə arasında fərqli mövqenin olması təbiidir. Rusiya vətəndaşı bloger Lapşinin həbsi, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi kimi kiçik problemlər iki ölkə arasındakı münasibətlərdə gərginliyin olması anlamına gəlmir. Çünki bunlar olduqca xırda siyasi problemlərdir. Rusiya-Azərbaycan münasibətlərinə geniş aspektdən baxmaq lazımdır. Bütün bu arqumentlərə cavabı Vladimir Putin və İlham Əliyevin Soçidə keçirilən görüşü verdi. Təbii ki, Moskva və Bakı arasındakı siyasi və hərbi-texniki əməkdaşlıq sahəsindəki münasibətlər Ermənistan rəhbərliyini çox narahat edir. Ermənistan rəsmiləri çıxışlarında bunu açıq etiraf edirlər. Soçi görüşü onu göstərdi ki, iki ölkə arasındakı münasibətlər müsbət məcrada inkişaf edir. Lakin bu inkişaf müəyyən bir qüvvənin heç də ürəyincə deyil. Rusiyadakı bu qüvvə dövlət orqanlarında, o cümlədən Xarici İşlər Nazirliyində yerləşir. Onlar Rusiya və Azərbaycan arasındakı hansısa xırda problemi elə şişirdirlər ki, guya münasibətlər həddən artıq gərgindir".
 
Siyasi ekspertin fikrincə, Soçidə İlham Əliyevlə Vladimir Putin arasında məsləhətləşmələr boş yerə keçirilməyib: "Əminəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması da məsləhətləşmələrin əsas müzakirə predmetlərindən biri olub. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan hazırda yeni münaqişə astanasındadır. Danışıqlar dondurulub. Ona görə ki, "status-kvo" Ermənistana sərf edir. İrəvan əsaslı danışıqları blok edir. Danışıqlar bərpa olunmasa, hərbi əməliyyatların başlanması demək olar ki, qaçılmazdır. Danışıqlar masasına necə qayıtmalı, münaqişənin nizamlanması ilə bağlı yeni müqavilə necə olmalıdır, bütün bu məsələləri Putin-Əliyev görüşündə müzakirə edilib".
 
S. Markovun fikrincə, yaxın vaxtlarda Rusiya və Ermənistan prezidentləri də görüşəcəklər: "Hesab edirəm ki, Rusiya-Ermənistan danışıqları keçiriləcək. Ya yeni razılıq əldə olunacaq, ya da hərbi əməliyyatlar olacaq. İndi məsələ daha sərt qoyulub".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13