Şəhriyar, vay bizim halımıza...
Ölkə
25 İyul 2017 12:34

Şəhriyar, vay bizim halımıza...


Təxminən 1-2 il əvvəl analarımızın bizim üçün etdiyi fədakarlıqların ömür boyu mənəvi ağrısını çəkdiyimiz haqda bir yazı yazmışdım. Həmin gün gecəyarısı dəyər verdiyim bir aktrisadan mesaj gəldi: "Yazınızı oxudum. Nə deyim... Qızlarıma iki vəsiyyətim var: mükəmməl təhsil alın və ərə getməyin, münasibətinizi rəsmiləşdirməkdən qaçın. Yox, bu, mümkün deyilsə, onda uşaq doğmayın!!! Uşaqlarımızı çox sevirəm, lap çox... Amma dəqiq bilirəm ki, onlar, məhz onlar bizim - iki bir-birini sevən insanın həyatını məhv etdilər".

Əminiydim, monitorun o başındakı qadın ağrıyırdı indi, barmaqları titrəyirdi, udquna bilmirdi, gözündəki yaşı axıda bilmirdi. O yaş nə oyanlıq olurdu, nə bu yanlıq. Onun ömrü, həyatı, illəri kimi...

Dünən isə bu barədə şair Şəhriyar del Gerani yazmışdı: "Evlilik qədər mənasız birgəyaşayış növü tanımıram. Təsəvvür edin, adamlar bir-birinə o qədər inanmırlar, gedib dövlətdən kağız-kuğuz da alırlar. Ki, biz bir-birimizlə yaşamağa razıyıq. Razısan, razısan da. Get yaşa. Nə küçə-küçə dolanırsan? Sən demə o kağız da ona görə alınır ki, sabah ayrılanda-zadda bir-birindən mal-mülk davası eləməsinlər. Yəni ol məşum kağız birlikdəlik üçün yox, ayrılıq üçün hesablanıb. Vay-vay! 

Onlarla dost-tanış cütlüklər var ətrafımızda, hamısı zəlil qalıb uşaqların əlində. Günləri-güzəranları yox. Nə vacibdir? A bədbaxın balası, onsuz da bu dünyada adam əlindən tərpənməli deyil, noolub? Nə həşirdi? Hərə bir ucdan doğub-törəyir. Yer kürəsi müvazinətini itirir".

Hə, bu dəfə bunu bir kişi  yazmışdı, özü də satirik dildə. O, bunu yazanda nə barmaqları əsmişdi, nə gözündə yaşı donmuşdu. Ya dostları ilə lağ-lağı etdiyi yerdə yazmışdı, ya siqaret çəkdiyi yerdə, ya içdiyi yerdə, ya da nəbilim... Amma yenə də əminəm, müşahidələrindən doğan ağrı yazdırmışdı bunu. Şəhriyar zarafat eləmirdi, dolamırdı sizi, inanın ki, dolamırdı. Lakin mən yenə də təəccübləndim, Şəhriyar hələ də anlamayıbmı ki, həqiqəti, özü də bu qədər ağrılı bir həqiqəti belə bəzəyib-düzəyib deməzlər, bu janrda yazmazlar?! Belə ağrını gərək kənddə-kəsəkdə, qohumda-qonşuda nə qədər ağbirçək, ağıçı varsa yığıb, ortaya qoyub ağlayasan ki, səni başa düşələr. Ya da Xoşqədəm Hidayətqızının verilişində çıxıb bağıra-bağıra, boğuşa-boğuşa deyəsən ki, ciddiliyinə varalar. Belə həqiqəti bütün çılpaqlığı ilə deməlisən, Şəhriyar! Sillə kimi çırpmalısan adamların üzünə. Yozmağa yer qoymayasan gərək, nə var, onu deyəsən gərək. Yaz bütün gördüklərini, eşitdiklərini, ağrıdıqlarını. Onların dilində, onların əxlaqının, mənəviyyatının dilində yaz özü də.

Məsələn, yaz ki, evdə gəlinin yeri yaxşı olmayan kimi ərinin könlünün xoş vaxtına salıb ikinci, sonra üçüncü uşağı doğur, bəli, məhz doğur, bununla da evdə guya yerini bərkidir. Başında qırmızı bantik, əlində gül buketiylə şəklini çəkib votsapa qoyur, oldu qəhrəman ana, nümunəvi "Azərbaycan kadını", xoşbəxtlərin xoşbəxti. Sabah da uşaq böyüyüb soruşanda ki, ay ana, biz necə dünyaya gəlmişik? Deyir, ə, elə söz danışma, ayıfdı. Allahın anatomiyasını da oxumayıb adam, əlbəttə, ayıbdı.

Qoy birini də mən yazım ki, gözəllik salonlarının əksəriyyətində belə "ali" söhbətlərin əlindən 5 dəqiqə otura bilmirik: "Az, dalından dəyəcəm, getsin. Bircə dəfə demir ki, əri Rusyetdədi, qoy bunun evinə bir toyuq alım, sosiska alım, evdə iki uşağı var. Keçən dəfə üzüyümü verdim ki, apar sat. Dedim, bəlkə başa düşə ki, pula ehtiyacım var. Yenə qanmadı, üzsüz-üzsüz üzüyü satıb, pulunu gətirdi. Ondan mənə kişi olar?" Vallah belə də dedi. Yazığım gəldi o sosiskadan məhrum uşaqlara, elə yazığım gəldi ki...

Hələ bunlar bir yana, ümumiyyətlə, savadlı, ya savadsız olsun, dünyagörüşü, intellekti olsun, ya olmasın, elə adamlar var ki, onlar evlənməməlidi, ailə qurmamalıdı. Evin, ailənin yükü onluq deyil, məişət dərdi çəkmək, bazarlıq etmək, uşaq böyütmək, tərbiyə etmək, onun hər ehtiyacının dalınca qaçmaq onluq deyil. Bu, ona həqiqətən yükdür, bu, onun çiyninə ağırlıq edir. Tutaq ki, bu xarakterli insan dünyaya ata, ana olmaq üçün gəlməyib, yazıb-yaratmaq, dünyanı gəzmək, kitab oxumaq, filmə baxmaq, düşünmək üçün gəlib. O, ancaq bunları edəndə yaxşı olur, rahat olur, xoşbəxt olur. Hökmən bədbəxtmi etməlidir özünü də, məcburən dünyaya gətirdiyi uşağını da? Ana-ata infarkt keçirib, oğlunu-qızını evlənməyə məcbur durumdamı qoymalıdı? Olmazmı birgəyaşayışa hazır olan, sevə bilən, yetkin adamlar, uşaq yetişdirməyi bacaran, ailə və övlad məsuliyyətini dərk edən, cəmiyyətin, bəşəriyyətin başına daş olub düşməyən insan yetişdirə bilən adamlar evlənsin? Sabah zibil atmaq, kartof almaq, ət çəkmək üstdə, nəbilim, kirayə ev, maaş azlığı, qır-qızıl ala bilməmək üstdə boşanıb 2-3 uşağı da taleyin, nadan və qəddar cəmiyyətin ümidinəmi qoymalıdılar hökmən?.. Ya da ayrılmayıb, 40 yaşına çatan övladın belə başına vuralar ki, bəs mən sənə görə dözüb oturdum əzazil atanın evində, bəs sənin anan bilirsən nə ilandı, siz olmasanız, çoxdan yola salmışdım. Övlad da 40 il sevgisiz ailədə, dava-dalaşın içində olduğu bəs deyilmiş kimi, bu yaşında hələ bir minnət də eşidir...

Bu yaxınlarda bir aktrisanın 2 aylıq uşağı dünyasını dəyişdi. Məlum oldu ki, anası ona uşağın yaşına uyğun olmayan qida verib. Onun ana olmağı zəruri idimi, bəşəriyyətimi xilas edəcəkdi bu? Qoy gedib klipinə çəkilsin, 20-30 min manat alıb porno-filmə çəkilsin, gərək o damı övlad dünyaya gətirib, əlində girinc qala?

Bilirəm, bunu yazmağım da xətrinizə dəyəcək, bu da "ayıf"dı. Amma ürəyim yanır, yazmalıyam. Bu yaxınlarda Türkiyə telekanallarının birində yayımlanan verilişin videosunu izlədim. Deməli, ginekoloq danışır ki, ucqar kəndlərdə çoxuşaqlılığın qarşısını almaq üçün qadınlara uşaqlıqdaxili vasitələr (spirallar) qoyulub. Uşaqlıq daxilinə yerləşdirilən spiral spermatozoidlərin hərəkətini zəiflədir və bununla da mayalanma prosesini pozur. Qadınlar axşam evə gələndə ərləri soruşub ki, sizi xəstəxanaya niyə aparmışdılar? Qadınlar deyəndə ki, bəs bizə nəsə dəmir taxdılar. Bunu eşidən kişilər də elə biliblər ki, dövlət qadınlardan agent kimi istifadə etmək istəyir. Hər dəfə cinsi aktı həyata keçirəndə uca səslə vətənə, dövlətə sadiqlik haqqında moizələr oxuyurmuşlar. Gülməyin. Guya bizdə bu proses həyata keçirilsə, fərqli situasiyamı ortaya çıxar?

Hə, Şəhriyar, sən də durub həqiqətin başına yüz oyun açıb, sonra yazırsan. Elə özümüz oyuna düşmüşük də, özümüz də bilmirik nə oyuna. Ağla, Şəhriyar, ağla, ağlar gündəyik.  Cahil yığınına söz başa salmaq olmur. Üstəlik, onlar çoxalırlar. Lap belə heyvanlar kimi törəyirlər, çoxalırlar. "Vay bizim halımıza!" deyib ağla...

Sevinc Fədai
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13