"Deyirdilər, Fikrət Qoca sənə görə ailəsindən ayrılıb..." - FOTO
Ölkə
25 İyul 2017 14:24

"Deyirdilər, Fikrət Qoca sənə görə ailəsindən ayrılıb..." - FOTO


Milli.Az qafqazinfo-ya istinadən Fikrət Qocanın həyat yoldaşı Raya xanımla müsahibəni təqdim edir:

- Fikrət Qocanın ədəbi mühitdə, ölkənin mədəni həyatında bəlli bir obrazı var. Bəs sizin gözünüzdə Fikrət Qoca kimdir? 

- Fikrət Qoca əsl insandır. O, dəyərli şair olmaqdan əlavə, həm də bir şəxsiyyətdir. Əgər tanışlığımızdan başlasaq, Fikrət həmişə deyir ki, biz meşədə görüşmüşük. Meşə deyəndə adama bir az qəribə gəlir. Ailəmiz hər il may ayında dincəlməyə gedirdi. Sovet dövründə mayın biri, ikisi, üçü bayram olurdu. Bu bayram da çox təmtəraqlı keçirilirdi. Biz elə institutda oxuyandan bayram günləri tez qaçıb valideynlərimizə baş çəkirdik. Bir təsadüf nəticəsində görüşdük. Onu da deyim ki, valideynlərimiz lap əvvəldən bir-birlərini tanıyıblar, dost olublar. Amma bizim aramızda yaş fərqi olduğuna görə o vaxtacan Fikrəti görməmişdim. Təbii ki, şeirlərini oxuyurdum. Onun Allahla bağlı şeirini oxuyanda məktəbli idim. Çox pis təsir etmişdi mənə. Düşünürdüm ki, Allahla belə danışmaq olar?! Allah bütün kainatı, canlıları yaradan varlıqdır, onun haqqında necə belə yaza bilib şair... Sonralar elə gətirdi ki, mən bu şairlə ailə qurdum. Amma həmişə demişəm, Allahla belə danışmaq olmaz. 

Əvvəllər şair Fikrətin yazdıqlarını qəzetlərdən, jurnallardan oxuyurdumsa, ailə qurandan sonra özünü yaxından tanımağa başladım. Fikrət əsl ziyalı olmaqla yanaşı, yaxşı insan və yaxşı atadır. Eyni zamanda da gözəl həyat yoldaşıdır. Biz onunla uzun bir ömür sürmüşük. Təbii ki, bu ömür yolu hər zaman düz, hamar olmayıb. Enişlərə, yoxuşlara rast gəlmişik, ancaq Allahın rəva gördüyü bütün sınaqlardan keçə-keçə bu günə gəlib çıxmışıq. Mən həmişə onun ilk oxucusu olmuşam. Ona bir ata, həyat yoldaşı və insan kimi böyük hörmətim var. 

- Siz dediniz ki, Fikrət Qocanı əvvəl uzaqdan tanıyırdım, sonra daha yaxından tanıdım. İlkin tanışlıqla sonrakı Fikrət Qoca arasında fərq var idimi? 

- Mən əvvəllər onun haqqında indiki kimi düşünmürdüm. İnsanlar öncədən necə duya bilər ki, qarşısındakı kimdir?! Şeirlərini oxumaqla da bir insanı tanımaq olmaz. Gərək onunla bir yerdə yaşayıb, müəyyən bir yol keçəsən. Əlbəttə, hər ailədə çətinliklər olur, heç kim deyə bilməz ki, mənim evim problemsizdir. Gərək o çətinliklərdən keçməyi bacarasan. Bu dediyim xoş günə də aiddir, pis günə də. Əgər bunu bacarsan, yaşayacaqsan və ömür sevgiylə, hörmətlə keçəcək. 

- Sizin əvvəlki müsahibələrinizi də oxumuşam. Tanışlıq məsələsinə gələndə nədənsə deyirsiniz ki, təfsilata varmaq istəmirəm. İstərdim ənənəni pozub bu dəfə tanışlığınız barədə ətraflı danışasınız. 

- Müəllim olsam da, çox danışmağı xoşlamıram. Ona görə də söhbətlərimdə təfsilata çox varmaq istəməmişəm. Yalnız dərsdə çox danışıram ki, mövzunu uşaqlara aşılaya bilim. Amma evdə belə deyiləm. 

Mən onda birinci kursda oxuyurdum. Həmişə çalışırdım ki, fürsət tapan kimi evə qaçım. Ona görə bizə 3-5 gün vaxt verilən kimi valideynlərimin yanına gedirdim. Həmişə ailəmin yanında özümü çox güclü hiss etmişəm. Elə oldu ki, həmin il mayda bizə 3 gün bayram verdilər, mən də bilet alıb getdim evə. Hər il Kür qırağının meşələrinə gəzməyə gedirdik. Təbiətin oyanan vaxtında quşların oxuması, ağacların yaşıllaşması, havanın istiləşməsi insana xoş təsir bağışlayır. Ona görə də biz də Kürün sahilinə gedir, bir gün səhərdən axşama kimi dincəlirdik. Təbiətin gözəlləşməsini seyr edirdik. Həmin gün təsadüfən Fikrətgilin ailəsi də gəzintiyə gəlmişdi. Mən Fikrəti ilk dəfə orada gördüm. O vaxta qədər sadəcə adını eşitmişdim. Həmin günü onlarla birlikdə keçirməli olduq. Səhər Bakıya qayıtmalıydım. Əvvəl məni tək göndərmək istəyirdilər. Sonra evdə dedilər ki, sabah, deyəsən, Fikrətgil də Bakıya qayıdır, elə səni də onlarla bir yerdə yola salarıq. Onlar da məni yaddan çıxarıb, getmişdilər. Yarı yolda yadlarına düşüb ki, bəs Eyvaz dayı zəng eləmişdi, qızı da aparın. Yoldan qayıdıb, məni götürdülər. Tanışlığımız belə başladı. 

- Fikrət müəllim sizdən 15 yaş böyükdür, aranızdakı bu yaş nisbətini həyatın hansı dönəmində, yaxud məqamlarında daha çox hiss etmisiniz? 

- Mən əvvəllər heç kimlə razılaşmırdım, elə öz dediyimi deyirdim. O yaşda elə sanırdım ki, hamıdan çox bilirəm. Fikrətin təmkinli yaşında mən hövsələsiz idim. Elə israr edirdim ki, mən deyən olmalıdı. Fikirləşdiyimi həmin dəqiqə söyləməliydim. Kimsə nəsə deyən kimi yubatmadan cavabını verirdim. Özümü saxlaya bilmirdim. Amma vaxt keçdikcə insanın düşüncəsi dəyişir, güzəştə getməyi öyrənir. Əgər ər-arvad güzəştə getməyi bacarırsa, onların həyatı axıra kimi xoş keçəcək. Amma güzəşt olmayanda çətin olur, iki qoçun başı bir qazanda qaynamır. Mən bunu həmişə uşaqlarıma da deyirəm. Tələm-tələsik qərar vermək olmaz. Belə qərarın axırı yaxşı olmur. Bəli, mən əvvəllər dözümsüz idim, amma sonra hər şeyi səbrlə yoluna qoydum. 

- Birgə yaşadığınız bu uzun illər ərzində Fikrət Qocadan nələri öyrənmisiniz? 

- Mən kimyaçıyam. Düzdür, məktəb illərində ədəbiyyata, mütaliəyə marağım hədsiz  idi, çoxlu kitablar oxumuşdum. Amma oxumaqla deyil, həyat məktəbi keçmək tamam başqa şeydir. Mən 45 il Fikrət Qoca məktəbi keçmişəm. İndi elə hiss edirəm ki, sanki iki ali məktəb qurtarmışam. Dözümlülüyü, səmimiyyəti ondan öyrənmişəm. Təbii, böyük-kiçiyə həmişə hörmətlə yanaşmışam, amma rahat yaşamaq üçün gərək bir az hövsələn və dözümün də olsun. Bir oxucu kimi Fikrətin əsərlərini çox sevirəm. Cavanlıqda hamı məhəbbət şeirləri oxuyur, fəlsəfi şeirlərə elə də maraq göstərmir. Amma yaşa dolduqca fəlsəfi şeirləri daha yaxşı başa düşməyə başlayırsan. Bəzən bir misrada bir neçə fikir haçalanır, ya toqquşur. Əgər sən oxuyanda o fikirlərin hər birini anlaya bilirsənsə, deməli, çox böyük bir yol gəlmisən. Mən də beləcə 45 illik Fikrət Qoca məktəbi keçmişəm. Düşünürəm ki, onun dünyasını tanımasaydım həyatda çox şeydən məhrum olardım. Bu məktəbi keçməklə mən bütün həyatı öyrənmişəm. 

- Bəs Fikrət müəllimin nəsr əsərlərinə münasibətiniz necədir? 

- Çox gözəl. Hamısını oxumuşam. Adətən, Fikrət hər hansı əsəri yazmağa başlayanda mən də hissə-hissə göz gəzdirirəm. Daha sonra çapdan çıxanda da təkrar oxuyuram. Bəzən həmin əsərlə bağlı müəyyən fikirlərimi bildirirəm. Təbii ki, mənim hər hansı söz deməyə haqqım çatmır, əsəri o yazıb, daha yaxşısını özü bilir, amma yenə də fikrimi söyləyirəm. Bir oxucu kimi onun əsərlərini bəyənirəm. Çox yaxşı nəsri var. "Dənizaltı xatirələr" povestini hələ cavan olanda oxumuşdum. Orada bir qadın obrazı var, əri müharibəyə gedir qayıtmır. Həmin qadın çətinliyə düşən kimi ərinin pencəyini geyinir və bununla özünü güclü hiss edir. Fikrət hər xəstələnəndə o əsər yadıma düşürdü. Mən bunları indiyə kimi heç Fikrətin yanında da deməmişəm. Çox ağır xəstəliklər keçirib şair. Ətrafdakılar deyirdilər ki, uşaqların balacadır, sən necə olacaqsan? Onda uşaqlar 6-cı sinifdə oxuyurdular, özüm də heç yerdə işləmirdim. Çox çətin vaxtlar idi. Amma göydə Allah, yerdə də Ulu Öndər Heydər Əliyev uşaqlarımı atasız qalmağa qoymadı. Bu xüsusda Fikrətin "Ölüm ayrılıq deyil" əsəri də dərin qatlara malikdir. 

- Son hadisəni - Fikrət Qocanın xəstələnməsini, sağalmasının tarixçəsini istərdim ki, ətraflı danışasınız. 

- Bilirsiniz ki, Ulu Öndər Heydər Əliyevin qızı hörmətli Sevil xanım bəstəkardır. Onda Fikrətlə hörmətli Sevil xanım bir yerdə mahnılar üzərində işləyirdilər. Mərhum prezidentimizə də Fikrətin xəstə olmasını Sevil xanım söyləmişdi. Fikrət razılıq vermirdi, biz bildirək. Sevil xanım bu xəbəri onun qohumlarından eşitmişdi. İsaq İbrahimov o vaxt bağ qonşumuz idi. O, öz bağının yarısını Fikrətə vermişdi ki, qonşu olaq. Onda bu xəstəliklə bağlı çox az məlumatımız var idi. Əvvəl-əvvəl düşünürdüm, bəlkə ağciyər vərəmidir. Sonra öyrəndik ki, tamam başqa xəstəlikdir. Bilirsiniz mənim kimya ilə yanaşı tibb bacısı diplomum da var, ona görə anlayırdım vəziyyət nə yerdədir. Nə qədər yola gətirməyə çalışsaq da, Sevil xanıma deməyə razılıq vermədi. O, başımıza gələnləri İsaq müəllimdən eşidib atasıyla əlaqə saxlamışdı. Onda Ulu Öndər Heydər Əliyev Moskvadaymış. Sevil xanım bildirdi ki, atam səni gözləyir, get Moskvaya. Şair Moskvaya Onkoloji İnstituta getməkçün buradan kağız aldı. Orada demişdilər ki, gərək bir ay gözləyəsən. Amma burada bir həkim var idi, mənim yanımda Fikrətə söylədi ki, yaşamaq üçün bir ayın qalıb. Moskvada olanda Ulu Öndər Heydər Əliyev xəbər tutmuşdu. Ondan sonra yenidən həkimə getmişdi və beləcə uşaqlarımız atasız, arxasız qalmadılar. Fikrət yenidən həyata qayıtdı. 

- Son illərdə və əvvəlki dönəmlərdə səhhət böhranları Fikrət Qocanın xarakterində, dünyaya baxışında hansısa dəyişikliklər yaradıbmı? Fanilik hissinin təlqinləri onun dünyaya baxışlarına təsir edibmi? 

- Onun həyata baxışı həmişə eyni olub. Amma insan yaşa dolduqca müəyyən fikirləri dəyişir. Məsələn, əvvəl hökmlü idisə, vaxt keçdikcə, xəstəliklə mübarizə apardıqca, tədricən kövrəkləşməyə başladı. İnsan ömrü boyu həyatla mübarizə aparır, elə bilir ki, ölüm yoxdur. Amma yaşadıqca görürsən ki, yox, geriyə gedirsən. Nə qədər çox yaşasaq da bir gün bu dünyadan gedəcək. Yaş ötdükcə insan yumşalmağa başlayır. 

- Olub ki, senzura Fikrət müəllimin kitabından 36 şeirini birdən çıxarıb. İndi o, artıq Xalq şairidir, dövlət mükafatı alıb, hamı elə bilir ki, şairin həyatı həmişə asan olub. Şairin çətin anlarında siz ona necə kömək olurdunuz? 

- Mən heç vaxt var-dövlət düşkünü olmamışam. Həmişə ilk növbədə ona can sağlığı arzulamışam. Allahın verdiyi ilə razılaşmışam. Çətinliklərimiz də olanda demişəm ki, Fikrət, darıxma, yavaş-yavaş hamısı keçəcək. Elə vaxt olub ki, heç mənim atam-anam da bizim çətinliklərimizi bilməyiblər. Belə şeyləri danışmağı xoşlamamışam. Övladlarımın qayğısına qalmağa çalışmışam, kiməsəyə bildirməmişəm ki, bizim çətinliyimiz var. İnsan müşkülləri adlaya-adlaya möhkəmlənir. Bəli, Fikrətin senzuradan keçməyən çox yazıları olub. Amma yenə də düşünmüşəm ki, vaxt ötdükcə hər şey öz yerini tapacaq. Bəzən elə olurdu ki, hansısa yazıya görə çox həyəcan keçirirdi. Həmişə ona deyirdim, hər qaranlıq gecənin bir işıqlı günü var. Biz bu deyimlərlə o çətinlikləri aşa-aşa bu günə gəlib çıxmışıq. Amma mən heç vaxt özümü kimdənsə yüksəkdə tutmamışam. Çalışmışam ki, həmişə xalqımızla bərabər gedim. Övladlarımı da belə tərbiyə etmişəm: siz bir gün milyonlar da qazansanız, bu xalqın bir nümayəndəsisiniz. Öyünməyin, özünüzü heç kimdən üstün tutmayın. Biz belə yaşamışıq... 

- Fikrət müəllim neçə illərdir ki, Yazıçılar Birliyində məsul vəzifədə çalışır. Təbii ki, işdə hirslənir, bəzən əsəbiləşir. Fikrət müəllimin o əsəb dalğalarının təlatümü evə də sıçrayırmı? 

- Yox desəm, yalan olar. Belə hallar hər insanda olur. O qapıdan girən kimi bilirəm ki, vəziyyət nə yerdədir. O saat da könlünü alıram ki, fikir vermə hamısı keçib gedəcək. Əvvəllər atasız, arxasız olmasınlar deyə övladlarım üçün narahat idim. Eləcə də özüm tək qalmaq istəmirdim. Həmişə də Allahdan dilədiyim bunlar olub. Şükür Onun böyüklüyünə ki, bizi bu günə gətirib çıxarıb, yəqin sonra da birgə sabahlara aparar... 

- Anar müəllimlə də uzunmüddətli dostluqları var. Sizin bu dostluğa münasibətinizi öyrənmək istərdim. 

- Fikrət və Anar müəllim cavanlıqdan yaxındırlar. Rəsul Rza ilə də ata-oğul münasibətləri var idi. O, Fikrəti şair kimi yetişdirməklə bərabər, eyni zamanda oğlu kimi də qayğısına qalırdı. Anar müəllimlə bir-birlərini o vaxtdan tanıyırlar. Bu tanışlıq da sonradan gətirib dostluğa, qardaşlığa çevrildi. Eyni zamanda, biz Vaqif küçəsindəki Yazıçıların binasında Anar müəllimlə qonşu olmuşuq. Mən onu bir yazıçı kimi oxuyurdum, insan kimi isə qonşu olandan sonra tanımağa başladım. Onlar çox yaxın dostdurlar. Bu hamının bildiyi kimi yox, tamam başqa cür dostluq, qardaşlıqdır. Çörəklərini də bir bölüb, heç vaxt bir-birinin əksinə getməyiblər. Həmişə çalışıblar ki, bir-birlərini qorusunlar. Həm də hər ikisi həmişə düz danışıb, düz danışanda da pis olursan. Ona görə də onlar bir-birlərini belə hallardan müdafiə etməyə çalışıblar. Dost dar gündə tanınar. Anar müəllim də həmişə çətin günlərində, xəstə olanda Fikrətin yanında olub. Hətta axır vaxtlar ürəyiylə bağlı problem yarananda da birinci özünü çatdıran Anar müəllim idi. 

- Dediniz ki, ailə həyatınızda yaxşı günlərlə yanaşı mübahisəli vaxtlar da olub. Belə vaxtlarda Fikrət müəllim sizin könlünüzü şeirlə alırdımı? 

- Mən elə şeirləri çox xoşlamıram. Ümumiyyətlə, qadının həddindən artıq təriflənməsinin tərəfdarı deyiləm. Bu səbəbdən heç vaxt belə şeyə ehtiyac olmayıb. Mən çətinlikləri yola verməyə çalışmışam həmişə. Vara da, yoxa da qane olmuşam. Bu xüsusiyyət də mənə ailəmdən keçib. Anamın da çox keşməkeşli həyatı olub. Ona görə də biz bunu öyrənə-öyrənə gəlmişik. 

- Fikrət müəllimin sizə ən doğma olan şeiri hansıdır? 

- Ən sevdiyim şeiri "Azəriyəm" şeiridir. 

Od oğluyam, alovlardan doğuldum
Alovlana-alovlana.
İlk bahardan doğuldum
Lalə kimi yana-yana.
Onun üçün də baxışımın odlara var bənzəri
Azəriyəm, azəri.

Böyük nəvəmiz Pərviz soyad olaraq babasının adını daşıyır - Pərviz Fikrətoğlu. VIII sinfə qədər ona özümüz baxmışıq. Onu nəvə kimi yox, övlad kimi görmüşük. O şeiri Pərvizə də öyrətmişdim. Həmişə soruşanda hansı şeiri bilirsən, cavab verirdi ki, "Azəriyəm" şeirini. Ona görə də bu şeir mənə ikiqat doğmadır. Heç vaxt onu yaddan çıxara bilmirəm. Çünki biz bu torpağın övladlarıyıq, azərbaycanlıyıq. Biz bunu heç vaxt unutmayacağıq.

Evimizdə ikinci Fikrət Qoca var. O, bu gündə yanımızdadır. Xaricdə olanda dilimiz olur, tərcüməçilik edir. Bakıda isə bizə öyüd-nəsihət verir. O, Qoca Fikrətdir. Allah hamının balalarını və nəvələrini qorusun. 

- Qızlarınızdan hansı Fikrət Qocanın yaradıcılıq yolunu davam etdirmək istəyib? 

- Böyük qızım Günay Qocayeva türkoloqdur, eləcə də ədəbiyyatı çox sevir. İndi Amerikada yaşayır. Eyni zamanda bəstəkardır, beş mahnısı var. İkinci qızımın adı isə Gülaydır. Onların hər ikisinin adını nənələri - Fikrətin anası qoyub. Günayın ədəbiyyata marağı olsa da musiqiylə daha çox məşğul olurdu. Amma kiçik qızım uşaqlığından şeirə maraq göstərir, 5-6 yaşı olanda stulun üstünə çıxıb öz şeirlərini oxumaq istəyirdi. Bir gün atası dedi ki, qızım, bunları yığışdır, qatla qoy bir qırağa. Ondan sonra Gülay dedi, atamın sözü qulağımda sırğadı, daha yazmayacağam. Ümumən imtina etsə də, arada tək-tək şeirlər yazır. 

- Bu yaşın ucalığından baxanda necə düşünürsünüz, sizcə Fikrət Qoca nələr edə bilərdi və nələr etdi? 

- Yazıçı elə bir insandır ki, ömrünün sonuna qədər fikirləşir ki, eləmədiyim nəsə qaldı. Amma Fikrət indiyə qədər bütün varlığı ilə yazıb yaradıb. Bütün həyatını ölkəsinə, xalqına, dövlətinə həsr edib. O, heç vaxt öz sözünü deməkdən çəkinməyib. Senzura olan vaxtlarda da üstüörtülü danışmağı sevmirdi, həqiqəti deyirdi. Buna görə də onu qəbul etmirdilər və yazdıqları senzuradan keçmirdi. Düşünürəm ki, Fikrət bacardığı qədər qarşısına qoyduğu məqsədlərə çata bilib. Ona layiq olduğu qiyməti də veriblər. Amma hər şeydən əvvəl mənə onun can sağlığı lazımdır. Ürəyi ilə bağlı problem yarananda həkim qızımla mənə dedi ki, ürəyinin aorta damarı cırılıb, hər şey bitib. Amma biz ümidimizi itirmədik. Cənab prezidentimiz İlham Əliyev bu işdə bizə kömək etdi və Fikrəti Türkiyəyə apardıq. Hörmətli prezidentimizə ailəlikcə minnətdarıq. Atası - ulu öndərimiz o vaxt Fikrəti ölməyə qoymamışdı, indi də oğlu - cənab prezidentimiz Fikrətə kömək etdi. Bu, mənə görə ən böyük qiymətdir. İndiyə qədər Fikrət yaşayıb, yanımda olubsa bu hər şeyə dəyər. 

- Fikrət Qocanın yaradıcı insan kimi kaprizləri nədən ibarətdir? 

- Fikrətin elə kaprizləri yoxdur. Mənə hər şeyə icazə verir. Əksinə elə kaprizlər məndədir. Kiməsə kitab verəndə o kitab qayıdana kimi danışıram. Hətta bəzi kitablarını gizlətmişəm ki, heç olmasa evdə bir nüsxəsi olsun. Bir şəkli itib, tez-tez bu barədə gileylənirəm. Çünki o elə şəkil idi ki, onu saxlamalıydı. 

- Şair sizdən öncə bir dəfə ailəli olub. Həmişə də mümkün qədər əvvəlki izdivacdan olan övladlarına kömək edib, yerbəyer olmasına çalışıb. Bütün bunlar zaman-zaman sizi narahat edirdimi? Ümumiyyətlə, onun keçmiş xatirələri bəzən sizin "əl ayağınıza" dolaşmırdı ki? 

- Övladı danmaq olmaz. Ona görə də mən həmişə Fikrətin uşaqlarına öz övladım kimi baxmışam. 45 ildir ailə həyatı qurmuşuq, bizdə elə söz-söhbət olmayıb. Oğlu Yalçın şair idi. Dünyasını dəyişib. Allaha ağır getməsin heç bilmirəm bu boyda dərdlə bizi sınamaq nəyə gərək idi? Mənim Fikrətim buna da dözür. Kaş sağ olsaydı, bu sualı onun özünə verəydiniz. Amma böyük qızı Pərvanədən də soruşa bilərsiz ki, mən onlara qarşı necə olmuşam. Əgər ailədə iki insan bir-birinə uyğunlaşa bilmirsə, burada övladın heç bir günahı yoxdur. Çox şeylər danışırlar: guya evli olduğu vaxtlarda məndən xoşu gəlib; bəziləri deyirdi Rayaya görə ailəsindən ayrılıb. Amma Fikrət birinci həyat yoldaşından ayrılandan düz 7 il sonra biz ailə qurmuşuq. Onda heç Fikrət Qocanı yaxşı tanımırdım. Övladlarına qarşı isə həmişə yaxşı olmağa çalışmışam. Çünki Allahdan qorxmaq lazımdır. Mənim də övladlarım var. Nə tökərsən aşına, o da çıxar qaşığına... 

- Müsahibə ərzində Fikrət müəllimin üstün keyfiyyətlərindən danışdınız, bəs onun xarakterindəki hansı xüsusiyyətlərin dəyişməsini istədiniz? 

- Xasiyyət Allah vergisidir, onu qətiyyən dəyişmək olmur. Əvvəldən necədirsə, axıra qədər də elə gedir. O xasiyyəti bir az yönləndirməyə çalışarsan, vəssalam.  

- Bəs Fikrət müəllimin hansısa şeiri və ya fikri olubmu ki, demisiniz kaş belə yazmazdı, deməzdi?
- Bəzən elə olur, deyirəm ki, gərək bu misra burada yazılmayaydı. Çünki bu fikir kiməsə toxuna, pis təsir edə bilər. Bəli, belə müdaxilələrim olub. Amma ümumilikdə Fikrətin israrla dəyişmək istədiyim elə bir yazısı yoxdur. Çünki o yazanda hərtərəfli düşünüb yazır. Həyat yoldaşı olsaq da, fikirlərimiz müxtəlifdir. Ona görə də bəzən sadəcə, öz fikrimi də deyirəm.

- Bir şairlə uzun müddət ailə həyatı yaşamış təcrübəli xanım kimi cavan şairlərin xanımlarına nə məsləhət görərdiniz?

-  Arzum odur ki, çətinliklərə dözə bilsinlər. Qaranlıq gecələrin əlbət ki, işıqlı günü də var. Çətinlik yarananda bir-birlərinə güzəştə getməyi bacarsınlar. Əgər insanlar çətin anlarda birgə addımlaya bilirlərsə, onlar axıra kimi də birlikdə yaşayacaqlar. 

Milli.Az







loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 23 avqust

Astroloji proqnoz - 23 avqust

23 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08