“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib
Ölkə
25 İyul 2017 20:04

“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, proses təqsirləndirilən şəxslərin son söz söyləməsi ilə davam edib.

Təqsirləndirilən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev son sözündə verilən ittihamları qəbul etmədiyini deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin birliyin aldığı kabel məhsullarının qiymətinin şişirdilməsi ilə bağlı aşkarladığı faktlar əsassızdır:

"Biz məhkəmə dövründə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Amma təəssüflər olsun ki, vəsatət təmin edilmədi. Mən sübut edə bilərəm ki, Maliyyə Nazirliyi tərəfindən tərtib olunan yoxlama materialları tamamilə formaldır və bu göstərişlə yazılıb. Mənim günahım yalnız ondan ibarətdir ki, əlavə əməkhaqqı almışam və onun vergisini ödəməmişəm. Buna görə vəkillərimə dedim ki, mənə bəraət istəməyin. Mən bəraət alacağam".

A. Mustafayev barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edib.

"Optik Qurğular" İdarəsinin sabiq rəisi, təqsirləndirilən Namazəli Məmmədov son sözündə gördüyü işlərdən danışıb və 20-yə yaxın kitabın müəllifi olduğunu diqqətə çatdırıb. O, müəllifi olduğu kitabları məhkəməyə təqdim edib. N. Məmmədov verilən ittihamları qəbul etmədiyini və hər zaman dövlətə sadiq qaldığını deyib:

"Çünki verilən ittihamlar mənə aid deyil. Mən vətən üçün böyük işlər görmüşəm. Məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Digər təqsirləndirilən, "Rabitə Mülki Tikinti" MMC-nin sabiq direktoru Emin Məmmədov da çıxışında 35 il rabitə sahəsində çalışdığını və fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini deyib:

"Mənim günahım nədir ki? Qiymət şişirdilmə ittihamı veriblər. Özəl müəssisədirsə qiyməti istənilən formada şişirdə bilərlər".

E.Məmmədov da barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Sonra təqsirləndirilən Qəmbər Bəybalayev son sözlə çıxış edib. O, barəsində ədalətli qərar çıxarılmasını istəyib.

Bundan sonra məhkəmə kollegiyası müşavirəyə gedib. Sabah prosesdə hökm oxunacaq.

Xatırladaq ki, iyulun 19-da keçirilən prosesdə Vidadi  Zeynalov, Məhəmməd Məmmədov, Beytulla Hüseynov, Oqtay Rüstəmov son söz deyiblər.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən V. Zeynalovun 14 il, B. Hüseynovun 15 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını istəyib.

Prokuror xahiş edib ki, təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakları dəymiş ziyanın ödənilməsinə yönləndirilsin və həmin əmlakların üzərindən həbs götürülməsin.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13