Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."
Ölkə
25 İyul 2017 23:04

Samuxda baltalanan, saçı qırxılan qadının aqibəti: "Kənddə şaiyə yayıblar ki..."


Xəbər verildiyi kimi bu gün Azərbaycanda rəsmi xronikalarda deyildiyi kimi "ailə-məişət zəminində" daha bir qanlı cinayət hadisəsi baş verib. Xəbər verilirdi ki, Samux rayonunda 2 azyaşlı uşaq anası İlahə Pənahova adlı qadın əvvəlcə əri, qaynanası və qaynatası tərəfindən döyülüb, saçı qırxılıb. İşgəncələrdən xilas olmaq üçün atasının evinə qaçan gəlin orada daha dəhşətli aqibətlə üzləşib. Atası ona balta zərbəsi endirib, anası isə yayılan xəbərlərdə deyildiyi kimi, qızına "gəmiricilərin məhv edilməsi üçün nəzərdə tutulan zəhərli maddəni" zorla içirib.

İddia olunurdu ki, həmin qadını evdə başqa kişi ilə tutublar və bütün bu linç olayı da həmin xəyanət əməlinə görə baş verib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, Samux rayon Polis Şöbəsinin rəisi ilə telefon əlaqəsi saxladıq, rəis bizi idarənin növbətçi hissəsinə yönəltdi. İdarənin növbətçi hissəsindən isə bildirdilər ki, hadisə ilə bağlı bir nəfər saxlanılıb, faktı polis yox, Samux rayon prokurorluğu araşdırır. Samux rayon prokurorluğundan isə bildirdilər ki, hadisə "ailə-məişət zəminində" baş verib, qadına xəsarət yetirməkdə şübhəli bilinən atası, 1955-ci il təvəllüdlü Famil Məhərrəmov saxlanılıb. "Hazırda istintaq gedir, şahidlər dindirilir"-prokurorluq bildirib.

Hadisənin baş verdiyi Ziyadlı kəndinin sakinləri isə bildirdilər ki, mətbuatda bu hadisə ilə bağlı yayılan xəbərlərin çoxu yalandır. "Qadının 2 azyaşlı uşağı var, kənddə şaiyə yayılıb ki, o, başqa kişi ilə münasibətdə olub. Bu şaiyələrə görə onun ailəsində söz-söhbət yaranıb, qadının əri onun atasını evə çağırıb. Atası da qızına ər evində balta ilə xəsarət yetirib. Ərinin guya onu evdə başqa kişi ilə tutması, anasının ona zəhər içirtməsi haqda deyilənlər yalandır. Habelə qadının ərinin guya arvadı ilə evdə tutduğu kişini bıçaqlaması haqda deyilənlər uydurmadır, belə şey olmayıb. Bir daha təkrar edirəm ki, hadisə şaiyələrə görə baş verib, kənddə kimlərsə söz-söhbət yayıb ki, qadın nəsə axmaq iş tutub"-kənddə məsul işdə çalışan sakin adının çəkilməməsi şərti ilə  bildirib.

Yaralı qadın Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardımın baş həkimi Azad Quliyev virtualaz.org-a bildirib ki, yaralının vəziyyəti orta-ağırdır, həyatı üçün təhlükə yoxdur. "Başında 4-12 sm ölçüdə çapıq yarası , boynunda qançır izləri var, habelə qolundan yara alıb"-baş həkim bildirib. Qadının əri və qaynanası tərəfindən döyülərkən saçının qırxıldığı haqda məlumatla bağlı isə Azad Quliyev açıqlama vermək istəmədi, bildirdi ki, bu barədə prokurorluğun icazəsi olmadan danışa bilməz.

Baş həkim qadının orqanizmində zəhərli maddə izlərinə də rast gəlinmədiyini dedi: "Deyirlər ki, sirkə turşusu içib, ancaq qan və sidik analizlərində bu maddənin izinə rast gəlinmədi".

Dəqiqləşdirdik ki, qadının döyülməsi və linç edilməsi ilə bağlı hələlik onun əri, qaynanası və qaynatası məsuliyyətə cəlb edilməyib, lakin istintaqın gedişindən asılı olaraq vəziyyət dəyişə bilər.

Qayınanası və əri tərəfindən döyülüb, saçı qırxıldığı, daha sonra atası tərəfindən döyüldüyü iddia edilən Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ. sığınacağa yerləşdirilə bilər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Təmiz Dünya Qadınlara yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

"Samux rayon polis rəisinin müavini ilə danışdım, qayınanagil tərəfdən gəlinin başının qırxılması məsələsini təkzib etdilər. Hazırda Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının olan zərərçəkmişlə danışdım. Vəziyyəti normaldır. Xəstəxanadan sonra arzu etsə, sığınacağa daxil olacaq. Səhiyyə Naizrliyi operativ əlaqələndirdi minnətdaram", - deyə M.Zeynalova bildirib.

M.Zeynalova yalnız qadının özü ilə görüşdükdən sonra məsələ barədə dəqiq fikir bildirməyin mümkün olduğunu dedi.

Qayınanası və əri tərəfindən döyülüb, saçı qırxıldığı, daha sonra atası tərəfindən döyüldüyü iddia edilən Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ. ilə bağlı cinayət işi açılıb.

Bu barədə Samux rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildirilib ki, hazırda şübhəli şəxs kimi onun atası saxlanılıb. Atasının ifadəsi alınacaq, daha sonra qadının həyat yoldaşı və hadisəni törətməkdə şübhəli hesab edilən digər şəxslər də dindiriləcək.

Prokurorluqdan bildirilib ki, P.İ. hazırda xəstəxanada reanimasiya şöbəsində olduğundan o, ifadə verməyib.

Samux rayonu Ziyadlı kənd sakini 1988-ci il təvəllüdlü P.İ.-nin qaynanası və yoldaşı tərəfindən döyülməsi və intihara cəhd etməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ilə bağlı müxtəlif şayiələr var:

"Onun saçının qaynanası tərəfindən kəsilməsi yanlış məlumatdır. Normal ailədirlər, bu vaxta qədər heç bir münaqişə, problemlərini eşitməmişik. Gənc ailədir, sevib evləniblər, iki azyaşlı uşaqları var. Özü evdar qadındır, yoldaşı Gəncədə işləyir. Deyilənə görə, bir neçə gün əvvəl aralarında münaqişə olub. Qayınatası rəhmətə gedib, qayınanası onlarla birlikdə yaşayır. Yəqin ki, işə o da qarışıb. Sonra qadın uşaqlarını qoyub, atası evinə gedib".

Sakinlər deyir ki, elə hadisə də atası evində baş verib: "O, intihar etməyib. Deyilənə görə, ərinə xəyanət edib, buna görə də atası vurub. Ərinin, qayınanasının ifadəsini almaq üçün rayon mərkəzinə apardılar".

Hazırda qadın Gəncə Şəhər Təcili və Təxirəsalınmaz Yardım xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxananın baş həkimi Azad Quliyevqadının vəziyyətinin orta ağır olduğunu deyib: "Qadın dediyinə görə, esense içib, intihara cəhd edib. Lakin aparılmış toksikoloji müayinələr nəticəsində qanında və sidiyində zəhərlənmə əlaməti aşkar edilməyib. Onun başında, boğazında travmalar, sol əlində kəsiklər var. Dediyinə görə, özü intihara cəhd edib, qolunu kəsib. O bildirib ki, ailə münaqişəsi zəminində mübahisə olub, yaralanmaları də bu hadisə nəticəsində olub".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13