Aynur Camal: "Mehriban xanım Əliyeva Avrasiyada bənzəri olmayan siyasi xadimdir"
Ölkə
26 İyul 2017 9:08

Aynur Camal: "Mehriban xanım Əliyeva Avrasiyada bənzəri olmayan siyasi xadimdir"


“Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı "Yeni Müsavat" qəzetinə müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir:

(əvvəli ötən sayımızda)

Aynur Camalqızı: "Jurnalistlərə ev verilməsi niyə bu qədər müzakirə olunmalıdır?"

“Hər kəs Vətənə xidmət etməli, əlini daşın altına qoymalıdır”
- Aynur xanım, rəhbərlik etdiyiniz media qurumu ilə bağlı oxucuları nə kimi yeniliklər gözləyir? Yeni layihələriniz olacaqmı?

- Mövcud layihələrimizi daha da gücləndirmək üçün var gücümüzlə çalışırıq. Xüsusən onlayn xəbər portallarımızın başqa dillərdə versiyalarının yaradılması üzərində düşünürük. Axar.az Azərbaycan, ingilis, rus dillərində və əski əlifba ilə 4 versiyada fəaliyyət göstərir. Yeni layihələrimiz var. Amma hələ ki onları reallaşdırmaq imkanlarımız məhduddur. Ən böyük arzularımızdan biri İnternet TV layihəmizi başlamaqdır. Bunun üçün hər cür şəraitimiz, maddi-texniki bazamız, güclü komandamız var. Və bir də “Xocalı.ws” saytı üzərində tamamlama işləri gedir. Bu, ermənilərin 6 dildə yayılan eyniadlı saytına cavab vermək və dünyada erməni yalanlarını ifşa etmək məqsədilə nəzərdə tutulur.

- İndi də ölkə gündəmi ilə söhbətimizi davam edək. Dağlıq Qarabağ konflikti ətrafında gedən prosesləri necə dəyərləndirirsiniz?

- Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən yaralı yeridir və dövlət başçısından tutmuş ən sadə vətəndaşa qədər hər kəs bu münaqişənin ədalətli həllini istəyir, buna çalışır. Prezident İlham Əliyevin münaqişənin həlli, ərazi bütövlüyümüzün bərpası üçün etdiyi diplomatik manevrlərin əminik ki, nəticəsi olacaq. Qaldı ki, münaqişə ətrafında baş verən proseslərə, olduqca mürəkkəb görünür. Əslində ötən il “aprel müharibəsi”ndən sonra yeni reallıq yarandı və ordumuz işğalçını danışıqlar masasına oturmağa məcbur etdi. Vyana və Sankt-Peterburq görüşlərində Azərbaycanın əli daha güclü idi, hətta İrəvan rejimi nə qədər təkzib etsə də, masada ərazilərin qaytarılması məsələsinin müzakirə olunduğu bəlli idi. Lakin sonradan proses yenidən dalana dirəndi. Fikrimcə, danışıqlar prosesinin yenidən dalana dirənməsində Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə yanaşı, geostrateji vəziyyətin dəyişməsi də rol oynadı. Yəni işğalçı yaranmış vəziyyətdən istifadə edərək, danışıqlardan qaçdı. Sonrakı dövrdə Rusiyanın Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsini dəyişmək üçün atdığı addımlar, verdiyi silah dəstəyi düşmənin “aprel müharibəsi”ndə aldığı zərbəni dırnaqarası unutmasına və yenidən dikbaş danışmasına səbəb oldu.

“Etiraf etməliyik ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin açarı Rusiyadadır”

- Ermənistan hətta cəbhə bölgəsində yeni təxribatlara əl atdı...

- Bəli. Hazırda münaqişə ətrafında vəziyyət yenidən gərginləşir və bu, danışıqlar prosesinin bərpa edilməsi ilə nəticələnə bilər. Əslində həmsədrlər səviyyəsində substantiv danışıqların bərpası üçün addımlar atılırdı və nazirlərin Brüssel görüşünü bu qəbildən hesab etmək olar. Amma işğalçı Ermənistan rejimi Füzulinin Alxanlı kəndinə hücuma keçərək, mülki azərbaycanlıları qətlə yetirməklə prosesi pozmaq üçün hiyləyə əl atdı. Lakin düşmənin hiyləsi baş tutmadı və prezident İlham Əliyevin dediyi kimi, heç bir şərti qəbul edilmədən Ermənistan danışıqlar masasına qayıtdı. Brüssel görüşü buna nümunədir. İndi Rusiyanın təşəbbüsü ilə prezidentlərin görüşünün keçiriləcəyi gözlənilir. Bu görüşdən çox şey gözləmək olar. Çünki münaqişənin həllinin açarı etiraf etməliyik ki, Rusiyadadır. Rusiyanın münaqişəni həll etmək istəklərinin işartıları görünür. Təbii ki, Moskva prosesi öz maraqları çərçivəsində yoluna qoymaq istəyir. Amma əminəm ki, rəsmi Bakı maraqlarımıza uyğun olmayan hər hansı razılaşmaya getməyəcək. Bu, mümkün deyil.

- Sonuncu Soçi görüşü haqda düşüncələriniz nədir? Prezidentlərin bu görüşü nəsə vəd edirmi?

- Prezidentlərin Rusiyada gözlənilən görüşündən öncə prezident İlham Əliyevin Soçidə rusiyalı həmkarı ilə görüşməsi də diqqət çəkir. Bu görüş ikitərəfli münasibətlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından da əhəmiyyətli idi. Təsadüfi deyil ki, erməni mediası Soçi görüşünün Ermənistanın əleyhinə olduğu haqda yazır. Fikrimcə, Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət Rusiyada gözlənilən görüşdən sonra aydınlaşacaq. Ya Azərbaycanın tələb etdiyi kimi, substantiv danışıqlar davam edəcək və konkret nəticələr olacaq, ya da söz yenidən Azərbaycan ordusunun olacaq. İkinci variant Ukrayna və Suriya cəbhəsində Qərblə döyüşən Rusiyaya sərf etmir. Bu baxımdan, yaxın gələcəkdə hansısa nəticələrin ola biləcəyinə ümid edə bilərik. Lakin hər şeyi yenə də zaman göstərəcək.

- Aynur xanım, Azərbaycanda qorxunc ailədaxili münaqişələrin sayı artır. Media rəhbəri kimi siz də bu xəbərləri yaxından izləyirsiniz. Sizcə, insanların qəddarlaşmasının səbəbi nədir?

- Bu problem bütün dünyada var. “Ailədaxili münaqişə” deyəndə daha çox qadınlar nəzərdə tutulur. Çünki zorakılıqdan əziyyət çəkənlər əsasən qadınlardır. Aparılan araşdırmalara görə, dünyada hər 4 qadından biri ailədaxili zorakılığa məruz qalır. Amma məncə, bu daha çox müsəlman toplumlarında özünü göstərir. Çünki müsəlman qadınlar daha çox təhsildən yayındırılır, kiçik yaşda ailə qurmağa məcbur edilir və tamamilə kişinin - ərin basqısı altında qalır. Bu, ilk növbədə təhsillə bağlı məsələdir. Təhsilli insanlar ailədaxili zorakılıqlardan çox-çox uzaqdırlar.

Ər və arvadın hər ikisi təhsillidirsə, problemi çözə, çıxış yolu tapa bilirlər. O baxımdan da düşünürəm ki, hər bir valideyn öz övladlarının təhsil almasına xüsusi önəm verməlidir. Qadınla kişinin bərabərhüquqlu olması, nəhayət, qəbul olunmalıdır. “Mən kişiyəmsə, hər şey edə bilərəm, sən qadınsansa evdə oturmalısan, ərinə tabe olmalısan” zehniyyəti dövlətləri və toplumları məhvə aparır. Amma açığı, mən elə hesab etmirəm ki, ailəiçi zorakılıq Azərbaycanda kütləvidir. Bəzən bu psixoloji problemlərdən də qaynaqlanır. Təəssüf ki, bizim ölkədə insanlar psixoloq dəstəyi almağa hələ də hazır deyillər. Halbuki bu, ehtiyacı olan insanlara xeyli kömək edə bilər.

“Ya Azərbaycanın tələb etdiyi kimi, substantiv danışıqlar davam edəcək və konkret nəticələr olacaq, ya da söz yenidən Azərbaycan ordusunun olacaq”

- Azərbaycanlı qadınların hazırkı durumunu, təhsil səviyyəsini, idarəetmədə iştirakını necə qiymətləndirirsiniz?
- Qadınlar Azərbaycanın tarixində həmişə mühüm rol oynayıb və bu gün də dövlətimizin, cəmiyyətimizin inkişafında onların rolu böyükdür. Bu gün qadınlarımız biznes sektorundan tutmuş, siyasi qərarların qəbul olunması prosesinə qədər bütün sahələrdə aktivdirlər. Təbii ki, buna onların məhz yüksək səviyyədə təhsilli olması imkan verir. Bütün bunların nəticəsi olaraq xanımlarımızın ölkənin idarəetməsində iştirakı getdikcə artır. Fikrimcə, Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü böyük işlər və hazırda idarəetmədə tutduğu mövqe Azərbaycan qadınının simasını və yüksək səviyyəsini özündə əks etdirir. Mehriban xanım Əliyeva birinci vitse-prezident olaraq bütün xanımlarımızı ölkənin idarə edilməsində layiqincə təmsil edir. Və biz Azərbaycan qadınları olaraq, onunla həmişə fəxr edirik.
Fikrimcə, Mehriban xanım Əliyeva insana olan sevgisi, təşkilatçılıq bacarığı, parlaq zəkası və digər xüsusiyyətləri ilə təkcə müsəlman Şərqində qadına ilk dəfə azadlıq verən Azərbaycanda yox, həm də elə bütün müsəlman və türk dünyasında qadınların nəcib simasıdır. Müsəlman Şərqində müəyyən fəaliyyətləri ilə tanınmış xanımlar olub, hətta aralarında siyasətçilər də çıxıb. Lakin Mehriban xanım Əliyeva siyasəti insanlara xidmətə çevirən bir siyasətçi kimi bütün Avrasiyada bənzəri olmayan siyasi xadimdir. Nə tarixdə, nə də hazırkı dövrdə onun bənzəri var.

- Bəs dünya siyasətində hansı qadınları təqdir edirsiniz? Sizcə, qadınların hegemon dövlətlərin başında olması dünya siyasətində nəyi dəyişə bilər?
- Uzun illərdən bəri insanlarda belə bir inam var ki, qadınlar daha ədalətlidirlər. Onlar yüksək vəzifələrdə, dövlətin idarə olunmasında, siyasi qərarların qəbulu prosesində iştirak etsələr, dünya daha ədalətlə idarə olunar. Açığı, mən də buna inananlardanam. Təsəvvür edək ki, ABŞ, Rusiya, Çin, həmçinin Avropa Birliyinə rəhbərliyi qadınlar edir, dünyanın indikindən daha gözəl ola biləcəyini düşünürəm. Çünki kişilər daha sərtdir və dünyanı bədbəxt edən müharibə kimi qərarları asanlıqla verirlər. Qadınlar belə təhlükəli qərarları verərkən ən azı iki dəfə düşünərlər.
Simpatiya bəslədiyim qadın liderlərə gəlincə, bir vaxtlar Marqaret Tetçerə böyük rəğbətim olub. Bununla yanaşı, Avrasiyada İndira Qandi, Benazir Bhutto kimi siyasətçi qadınlar da olub. Azərbaycan tarixində Sara Xatun kimi diplomat, Möminə Xatun kimi qurucu, yaradıcı xanımlar olub və hər biri rəğbətə layiqdir. Lakin mənim ən böyük rəğbətim Mehriban xanım Əliyevayadır. Çünki Mehriban xanım Sara Xatun qədər diplomat, Möminə Xatun qədər yaradıcı və dünyanın qadın liderlərində olan bütün müsbət keyfiyyətləri özündə birləşdirən Azərbaycan qadınıdır.

- Təsadüfi deyil ki, dünyada gedən münaqişələrdən ən çox qadınlar və uşaqlar əziyyət çəkir... Bu kimi hallara daha çox müsəlman ölkələrində rast gəlinir. Bunun səbəbini nədə görürsünüz?
- Bəli, təəssüf ki, bu da bir reallıqdır. Mən bunu ilk növbədə həmin ölkələrdə dini xurafatın, cəhalətin hökm sürməsi, təhsilin aşağı səviyyədə olması ilə əlaqələndirirəm. Çox təəssüflər olsun ki, zəngin neft yataqları sayəsində iqtisadiyyatda böyük nailiyyətlərə nail olan, illik büdcəsi fantastik həddə çatan bəzi müsəlman ölkələri həmin kapitalı insan kapitalına çevirmək istəmir. Bu, onların əsas yanlışlarından biridir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu gün bir çox müsəlman ölkəsində baş verən qanlı hadisələr, silahlı münaqişələr məhz geosiyasi maraqların toqquşmasından irəli gəlir. Bəzi Qərb dairələri İslamı siyasiləşdirərək müsəlman ölkələrində qarışıqlıq yaratmaqla bu dini gözdən salmağa çalışır, terroru məhz İslamla əlaqələndirməyə cəhd göstərirlər. Hədəf aydındır: bu zəngin torpaqları ələ keçirmək, orada hökmranlıq etmək. Hökmran güclər bu hədəfə çatmaq üçün ən qəddar üsullara əl atırlar və bundan da ən çox qadın və uşaqlar əziyyət çəkir. Amma bu güclərin qarşısında dayanmanın da yolu yalnız elmdən, təhsildən, maariflənmədən keçir. Güclü və bilgili toplumlara kənardan heç bir qüvvə təsir göstərə bilməz. Müsəlman dünyası bunu, nəhayət, anlamalıdır.

“Fikrimcə, Mehriban xanım Əliyevanın Azərbaycan üçün gördüyü böyük işlər və hazırda idarəetmədə tutduğu mövqe Azərbaycan qadınının simasını və yüksək səviyyəsini özündə əks etdirir”

- Azərbaycan yeganə müsəlman ölkələrindəndir ki, bizdə sabitlik hökm sürür. Sizcə, bunu qorumaq üçün nə etməliyik?
- Bu, birbaşa prezident İlham Əliyevin yürütdüyü düzgün siyasətin nəticəsidir. Azərbaycan işğalçı Ermənistan istisna olmaqla, bütün qonşuları ilə bərabərhüquqlu münasibətlər qurub, həmçinin dünyanın güc mərkəzləri arasında balanslı siyasət yürüdür. Misal üçün, Azərbaycanın dünyanı bölüşdürmək uğrunda mübarizə aparan hegemon güclərin hər biri ilə bərabər səviyyəli münasibətləri var, o cümlədən daim dini müstəvidə siyasi maraqları toqquşan İran və ərəb dünyası ilə yaxşı əlaqələrə malikdir. Bu gün ölkəmiz həm enerji təhlükəsizliyi, həm də strateji baxımdan Avropa Birliyi üçün vazkeçilməz tərəfdaşdır. Kiçik ölkə olmağımıza baxmayaraq, nəhəng Çin bizimlə bərabərhüquqlu əməkdaşlıqda maraqlıdır. Bütün bunlar ağıllı və düşünülmüş siyasətin nəticəsidir. Sınaqdan çıxmış balanslı siyasətlə yanaşı, Azərbaycan həm də bütün şərtlərdə qardaş Türkiyənin yanındadır.
Dünya siyasətini tərəzi, hegemon ölkələri isə çəki daşları olaraq düşünək. Bəzən tərəzinin bir gözü daşın ağırlığından əyilir. Azərbaycan hansı gözün əyilməsinə, hansı cəbhənin əlinin güclü olmasına baxmayaraq, daim öz tarazlığını qoruyur. Bunun yeganə səbəbi prezident İlham Əliyevin sərrast diplomatik manevrləridir. Məhz buna görə Azərbaycan lideri ABŞ-da da, Rusiyada da, Avropada da, Çində də yüksək hörmətlə qarşılanır. Fikrimcə, Azərbaycan indiki dünya şərtlərində çox xoşbəxt ölkədir. Bu xoşbəxtliyi qorumağın yeganə yolu isə heç bir təmənna gözləmədən dövlətə xidmət etmək, hər zaman bu dövlətin və onun lideri İlham Əliyevin yanında dayanmaqdır. Bizdən vətəndaş olaraq böyük şey tələb olunmur. Sadəcə olaraq, hər kəs öz çalışdığı sahədə Vətənə xidmət etməli, hər kəs daşın altına əlini qoymalıdır.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13