Əbu Dabi-Bakı reysi açıla bilər
Ölkə
26 İyul 2017 11:44

Əbu Dabi-Bakı reysi açıla bilər


Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov bu ölkənin baş qərargahı Əbu Dabi şəhərində yerləşən Etihad Hava Yolları şirkətinin rəhbərliyi ilə görüşüb.

Milli.Az xəbər verir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə dünyanın 10 ən yaxşı hava yolları şirkətləri siyahısına daxil olan şirkətin baş icraçı direktoru Piter Baumqartner, birinci vitse-prezidenti Əhməd əl Qubaisi, vitse-prezidentləri Əli Saleh əl Bəluşi, Vicay Punusami, Məhəmməd Abdulla əl Buluki və Aleks Fizerston, həmçinin digər rəsmiləri iştirak ediblər.

Görüşün əsas məqsədi aviaşirkətin Azərbaycana birbaşa uçuşlarının təşkil edilməsi istiqamətində müzakirələrin aparılması olub. Səfir D.Şikarov son illərdə Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərar və görülən tədbirlər nəticəsində ölkəmizin turizm potensialının gücləndiyini, körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 30 dəfədən çox artdığını, bu sahədə birbaşa təyyarə uçuşlarının vacibliyini diqqətə çatdırıb.

O, hazırda Dubay-Bakı, Şarja-Bakı və Dubay-Qəbələ istiqamətində həftədə 45-dən çox uçuşun həyata keçirildiyini, Əbu Dabidə açılması müzakirə edilən marşrut üçün böyük sərnişin potensialının olduğunu vurğulayıb.

Səfir BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abulla bin Zayed əl Nəhyanın cari ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan vətəndaşlarının BƏƏ-yə gələrək yerində viza alması məsələsində ümumi razılığın əldə oldunduğuna istinad edərək, Əbu Dabi-Bakı reysinin Azərbaycanlı sərnişinlər üçün də yeni və maraqlı istiqamət kimi cəlbedici olacağını qeyd edib, reysin açılmasının faydalı tərəflərini izah edib.

Tərəflər yaxın gələcəkdə şirkətin yüksək vəzifəli rəsmilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin təşkil edilməsi, yerində qiymətləndirmə və tezliklə reysin açılması istiqamətində müzakirələrin aparılması barədə razılığa gəliblər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13