Eyyub Hüseynov: "Azərbaycanda təhlükəli yağlar satılır"
Digər
26 İyul 2017 14:42

Eyyub Hüseynov: "Azərbaycanda təhlükəli yağlar satılır"


Metbuat.az Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovla müsahibəni təqdim edir:

- Azad İstehlakçılar İctimai Birliyini necə yaratdınız?

- Mən uzun müddət təhsil sahəsində çalışmışam. Bu təşkilatdan öncə son iş yerim Kommersiya Texnikumu idi. Sovet vaxtı orada marketinq və menecmenti öyrədirdik. Daim fikir verirdim ki, alıcıların hüquqlarından heç kəs danışmır. Fikirləşirdim ki, biznesi, dövləti, ordunu saxlayan istehlakçıdır. Nə üçün istehlakçıların hüquqları qorunmasın?

1995-ci ildə “İstehlakçıların hüquqlarının qorunması haqqında” Azərbaycan Respublikasının qanunu qəbul olunub. Həmin qanunun 27-ci maddəsində qeyd olunub ki, istehlakçılar birləşib özlərinin hüquqlarını qoruyan təşkilat yarada bilər. Mən 1997-ci ildə istehlakçıların hüquqlarını qoruyan ilk Azad İstehlakçılar İctimai Birliyini yaratmaq üçün təşəbbüs göstərdim. 1 il ərzində dəfələrlə Ədliyyə Nazirliyi təşkilatı qeydə aldı, sənədləri vermədi, qeydiyyatı ləğv etdi. Uzun mübarizədən sonra 1997-ci ilin 31 yanvarında Azad İstehlakçılar Birliyi dövlət qeydiyyatına alındı. 1998-ci ildə beynəlxalq əlaqələr qurmağa başladıq. Gürcüstanın İstehlakçılar təşkilatı ilə əlaqə yaratdıq. Artıq 1998-ci ildə AİİB Beynəlxalq İstehlakçılar təşkilatının (Comsumers İnternational) üzvü oldu. 1998-ci ildə məni Belçikanın Tomas Mor universitetinə ixtisasartırma kursuna çağırdılar. "Comsumers İnternational"-a üzv olduqdan sonra dünyanın 120 ölkəsi ilə əlaqə yarandı.

Bu günə kimi Azad İstehlakçılar Birliyi Azərbaycanı 120 ölkədə təbliğ və təmsil edir. Bir çox qeyri-hökumət təşkilatlarından fərqli olaraq AİİB siyasiləşməmiş qeyri-hökumət təşkilatıdır. Dünyanın yeganə istehlakçı təşkilatıdır ki, istehlakçı hüquqlarını tam təmənnasız qoruyur. Ona görə ofisimizdə ayrıca bir şüar var: “Xoşbəxtlik almaq deyil, təmənnasız verməkdir, xidmət göstərməkdir”. Biz bu ideologiya ilə yaşayırıq.


- Təşkilat necə maliyyələşir?

- Biz yeganə istehlakçı təşkilatıyıq ki, Avropa İttifaqının 4 layihəsini həyata keçirmişik. Beynəlxalq donorların dəstəyi ilə 40-a qədər layihəyə qrant almışıq. Mən özüm 50-yə yaxın xarici ölkədə Azərbaycanı təbliğ və təmsil etmişəm. Qrantlar olmayanda təşkilatın saxlanılmasına mənim övladlarım köməklik edir.

Dünyanın yeganə təşkilatıdır ki,istehlakçı hüquqlarını tam təmmənasız qoruyur.

Sizin sayt vasitəsi ilə demək istəyirəm ki, artıq 5 ildir ümumi yığıncaqda istefa vermək istədiyimi bəyan edirəm. İstəyirəm sələfim olsun, işin sirlərini ona öyrədim. Əgər bu təşkilatı təmmənnasız idarə edən olacaqsa, gəlsin idarə etsin.

- Daha çox hansı sahələrə aid şikayətlər alırsınız?

- Ən böyük biznes qurumlarından, səfirliklərin nümayəndəliklərindən, prezident adminstrasiyasından, xarici ölkələrin nümayəndəliklərindən şikayətlər alırıq. Onu da deyim ki, ildən-ilə şikayətlərin spektri dəyişir. Təşkilat ilk yaranan vaxt ən çox rabitədən şikayət gəlirdi. Əhaliyə yersiz rabitə pulları yazılırdı. Hazırda şikayətlərin spektrini araşdırsaq, mürəkkəb cihazlardan, mobil telefon, kompüterlərdən şikayətlər daxil olur. Ölkəyə gətirilən mobil telefonların keyfiyyətsizliyi ilə bağlı şikayətlər çoxdur. İstifadə etmədikləri halda mobil telefonların internetə qoşulması, yersiz pullar yazılması məsələsi poblemlər arasındadır. İnternet üzərindən alınan mobil telefonlar, mürəkkəb texniki cihazlar arasında problemlər var.

Çox təəssüf ki, bəzən istifadə olunmuş malları yeni mal kimi istifadəçiyə satırlar. Məsələn, təşkilatımıza göndərilən bir şikayəti nəzərinizə çatdırmaq istərdim: istehlakçı 1100 manata telefon alıb, bir müddətdən sonra telefon işləməyib. Məlum olub ki, hardasa istifadə olunmuş telefon olub. Hazırda, istehlakçının hüququnu pozduqları üçün bu məsələni araşdırırıq.

İstehlakçıların şikayətləri arasında 2-ci yerdə xidmət sahələri; avtomobillərin texniki xidmətləri, insanların məişət xidmətləri və s. dayanır.

Şikayətlər arasında 3-cü yerdə ərzaq malları ilə bağlı olan problemlərdir. Ərzaq malları seqmentində ən çox çirklənmiş seqment spirtli içkilərdir. Ölkə bazarında monitorinq aparsaq, görərik ki, spirtli içkilər üzərində buraxılma tarixi və yararlılıq müddəti yoxdur. Külli miqdarda yararsız içki əhaliyə satılır.

- İndiyə qədər sizə daxil olan ən qeyri-adi şikayət nə olub?

- 45 yaşlı bir vətəndaş min dollara sağlamlıq kağızı olan it alıb. 2 ay sonra itin ayağında əyrilik əmələ gəlib. İstehlakçı öyrənib ki, itin ayağını əməliyyat etdirmək üçün 3 min dollar pul lazımdır. İti satan yerdən 3000 manat tələb edən istehlakçıya cavab isə bu olub ki, “sizə sağlam it vermişəm”.

 Azad İstehlakçılar Birliyinə həmin vətəndaş müraciət edib. Mən qarşı tərəflə mediatsiya üsulu ilə (qarşılıqlı zəng edirik) problemi həll etməyə çalışdım. Qarşı tərəf itin pulunu qaytarmağa hazır olduğunu, istehlakçı isə iti qaytarmayacağını bildirdi. Biz də beynəlxalq əlaqələrimizdən istifadə etdik. Nəticədə bizə xəbər gəldi ki, iti saxlayan yerə baxış keçirək. Məlum oldu ki, itin saxlandığı yer çox hamar parketdir. İtin ayaqları sürüşüb bu vəziyyətə düşüb. Vətəndaş evində dəyişiklik etdi, daha sonra itin ayaqları düzəldi.

- Daxil olan şikayətlərə nə qədər müddətə baxılır?

- Ərizələrin çoxu danışıq yolu (mediatsiya) ilə həll olunur. Şikayət bizə daxil olduğu təqdirdə, əgər qarşı tərəfin nömrəsini bilirəmsə, 65 faiz şikayət danışıq üsulu ilə həll olunur. Dünyanın heç bir yerində bu metoddan istifadə edilmir. Danışıq üsulu ilə həll olunmayan məsələlərdə isə ekspert gedib danışıq aparır. İstehlakçının hüququnun pozulduğunu qarşı tərəfə başa salır və məsələ təxminən 10-15 dəqiqəyə həll olunur.


- Gün ərzində nə qədər şikayət daxil olur?

- Bizim mərkəzi ofisə 3, 4 yazılı şikayət daxil olur. Telefon zəngləri ilə 10-a qədər şikyət olur. O cümlədən, 25 rayon təşkilatına da anoloji miqdarda şikayətlər daxil olur və demək olar ki, daxil olan şikayətlərin 80 faizi müsbət həllini tapır.

- Aidiyyatı qurumlarla bərabər istehlakçıların hüququnu pozan hər hansı məhsulu bazardan çıxarmısınızmı?

- 20 il ərzində 18 növə qədər malı bazardan çıxarmağa nail olmuşuq. Yalnız istehlakçının baykotu vasitəsi ilə. İstehlakçının baykotu bazar iqtisadiyyatı üçün ən effektiv metoddur. İstehlakçının beynəlxalq hüquqlarından biri onun seçim hüququdur. İstehlakçı seçimində sərbəstdir. Azad İstehlakçılar İctimai Birliyinə istehlakçılar tərəfindən inam var. Ölkədə 7 filtersiz siqaret istehsal edən firmanın bağlanmasına nail olmuşuq.

- İstehlakçıların maarifləndirilməsi ilə əlaqədar ölkəmizdə hansı işlər görülür?

- Azad İstehlakçılar İctimai Birliyi yaranandan çox fəal iş aparıb. Afrikada keçirilən 16-cı dünya konqresində AİİB-in “İstehlakçı Maarifçiliyi”, yəni, KİV-in apardığı “İstehlakçı Maarifçiliyi” bütün dünya üçün örnək kimi qeyd olunub. Hazırda, ofisimizdə 21 min bu təşkilat haqqında, istehlakçı maarifçiliyi barədə məqalə, 200 saata yaxın video, audio materillar saxlanılır. Onu da qeyd edim ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti İstehlakçı Hüquqlarının Müdafiəsi Dövlət Xidməti son 2 ildə dünyada analoqu olmayan işi görüb. Onlar sms-lər vasitəsi ilə milyonlarla insana istehlakçıların hüquqları ilə bağlı məlumatlar göndərib. Ancaq istehlakçı nə qədər maariflənsə də, o yenə diletantdır.

- Yağ alarkən nələrə diqqət edək? Yağın təbii, yaxud qarışıq olduğunu necə anlayaq?

- Yağlarla bağlı ölkənin əmtəə bazarında problemlər var. Azad İstehlakçılar Birliyinə istehlakçılar yağların seçimi ilə bağlı müraciət edirlər. Keçən il kərə yağları barədə həddindən artıq məlumat gəldiyini nəzərə alıb Yeni Zelandiyaya dünya konqresinə gedən zaman Azərbaycan üçün hazırlanan yağ zavoduna getdim. Yeni Zelandiyada istehsal olunan, Azərbaycan üçün nəzərdə tutulan yağların daşınma qrafikini öyrəndim. Araşdırmalarım nəticəsində məlum oldu ki, Yeni Zelandiyadan ölkəmizə standartlara uyğun yağ idxal olunur. Bəzən o ayrıca 200 qr, 250 qr ölçülərdə markalanır. Yeni Zelandiya yağları haqqında fikirlərim tam normaldır. Ancaq əmtəə bazarında spred yağ adı altında bəzən istehlakçının bilmədiyi kərə yağı imitasiya edən yağların satıldığını müşahidə edirik, əlbəttə, üstünə spred yazılıbsa, bu, qarışıq maldır. Çox təəssüflər olsun ki, istehsalçılar həmin məhsulları elə markalayırlar ki, istehlakçı aldanır. Kərə yağı seçərkən aşağıdakı məsləhətlərə qulaq verin.

- Kərə yağı qablaşdırılıbsa, onu sıxın. Hansı yağ ələ bərk gəlirsə, deməli o təmiz kərə yağıdır. Qarışıq və ya marqarin yağlar mütləq boş olur.

- İstehlakçının şübhələndiyi və güvəndiyi yağı eyni tavada əridin. Qısa müddətə hansı tez ərisə, bu təmiz kərə yağıdır.

- Təmiz kərə yağı açıq sümüyü rəngdə, donmuş şəkildə, kəsiləndə parçalanıb tökülən, səlis kəsilməyən, kəsildikdə bütün qatlarında eyni rəng müşahidə olunan yağdır.

-  Kərə yağı alan zaman seçmə üsuluna və markalanmasına fikir verin. Əgər markalanmada istehsalçının ünvanı, adı, telefonu, standartın nömrəsi, malın buraxılma tarixi, son yararlılıq müddəti və s. göstərilibsə, belə kərə yağlarına üstünlük vermək olar.

- Marketlərdən kərə yağları aldıqda önə yığılmış yox, arxaya yığılmış yağlara fikir verin. Bəzən marketlərdə önə yararlılıq müddəti çıxmağa az qalmış, arxaya isə təzə yağları qoyurlar. Hər bir mal yeni buraxıldığı zaman elə bir halda saxlana bilər ki, o artıq yararsız vəziyyətə düşər, yəni, yağın yararlılıq vaxtının çıxmaması şərt deyil, malın o cümlədən, kərə yağının saxlanma şəraiti çox mühüm rol oynayır. Əgər kərə yağı bükülübsə, etiketləri əzilibsə, bu o deməkdir ki, daşıyanda istiliyə məruz qalıb, artıq belə yağ çirklənmiş yağ hesab olunur. Kərə yağının etiketləri çox səlis bükülmüş olmalıdır. Bütün dediyimiz rekvizitlər, standartın nömrəsi və digər rekvizitlər üstündə olmalıdır. Kərə yağı alan zaman bu məsələlərə fikir verin.

“İstehlakçıların Hüquqlarının Müdafiəsi” haqqında qanuna görə, istehsalçının hüququ var ki, şübhələndiyi malın gigiyenik, uyğunluq sertifikatlarını, qiymət sənədlərini tələb etsin.

Kərə yağları da digər bir çox mallar kimi istehsalçının tələbləri ödənmədiyi halda geri qaytarılan mallar siyasındadır. 14 gün yararlılıq müddəti keçməyibsə, dəyişdirilə və ya qaytarılıb qiyməti geri alına bilər.

Bu cür problemlər bitki yağlarında da var. Təəssüflər olsun ki, etiketi ilə tərkibi fərqli olan yağlar az deyil. Azad İstehlakçılar İctimai Birliyi bu yağın tərkibini araşdırıb. Qarğıdalı yağı kimi imitasiya olunur, satılır, lakin məlum olub ki, qarğıdalı yağı deyil. Bizə məlum oldu ki, xarici istehsalçı firma Azərbaycan sponsorunu aldadır. Azərbaycanda kifayət qədər mükəmməl laborotoriyalar olmadığı halda xarici istehsalçılar bəzən etiketində qarğıdalı yazılıb, lakin tərkibində qarğıdalı yağı olmayan yağlar idxal edir.


Ciddi problemlərdən biri də zeytun yağları ilə bağlıdır. 6-dan çox ölkədən Azərbaycana zeytun yağı idxal olunur. İstehlakçılara müraciət edirəm ki, yerli zeytun yağlarına üstünlük versinlər. Yerli zeytun yağları ekoloji təmizdir. İtaliya, İsveçrə, Yunanıstan, Türkiyə kimi ölkələrdən zeytun yağları gətirilir, lakin bəzən bunların üzərinə “mix”(qarışıq) yazılır. “Mix” yazılmış yağlar o deməkdir ki, bir hissəsi zeytun, digər hissəsi isə başqa bitki yağlarıdır. Belə yağları almazdan əvvəl etiketini oxuyun. “Dövlət dili haqqında”, “İstehlakçılar hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununa görə, malların etiketində xarici dillərlə yanaşı, Azərbaycan dilində tam informasiya olmalıdır. İstehlakçılara müraciət edirəm, etiketində Azərbaycan dilində informasiya olan yağlara üstünlük versinlər. Çünki bu cür markalanmayan yağlar bəzən qaçaqmal yolu ilə gətirilmiş yağlar olur.

Bəzən bazarda marqarinlərin, bitki yağlarının, kiçik miqdarda kərə yağının qarışmasından olan yağlar da var. Öncə qeyd etdiyim kimi bunlar spred yağlardır. Ancaq istehlakçının hüququ var, o bilməlidir ki, hansı yağı alır.

Uzun müddət Azərbaycanda palma yağı ilə bağlı mübahisələr olub. 2 il öncə Brazilya Ümumdünya Konqresinə səfərimdə bu məsələlərə aydınlıq gətirdim. Məlum oldu ki, palma yağları heç də təhlükəli deyil. Palma yağlarının texniki məqsədlər üçün olanları var. Təbii ki, bu, arzuolunan deyil. Azərbaycana gətirilən palma yağlarından yeyinti kimi istifadə etmək olar. Təsadüfi deyil ki, palma yağları İsveçrədə, Almaniyada istehsal olunan körpə qidalarının tərkibində var.

Soya yağları Azad İstehlakçılar İctimai Birliyində, o cümlədən dünyada istehlakçıların hüquqlarını qoruyan təşkilatların gündəliyində genetik modifikasiya olunmuş (GMO) yağ kimi dayanır. Soya, ümumiyyətlə GMO məhsuldur.

- Adətən mağaza və apteklərdə “Alınan mal geri qaytarılmır” yazısına rast gəlirik. Bu, istehlakçının hüquqlarının pozulmasıdır?

- Bir sıra mallar istisna olunmaqla, Nazirlər Kabinetinin qərarı ilə gigiyenik tələblərə həssas olan mallar; diş fırçaları, alt paltarları, çimərlik paltarları, uşaq oyuncaqları, parfümeriya malları, qiymətli metallar da bura daxildir, onlar istisna olmaqla, bütün ərzaq malları, o cümlədən, dərman malları, geyimlər 14 gün müddətində kassa çekini tələb etməklə dəyişdirilə bilən və dəyişdirməyə malı olmasa, qaytarılan mallar siyahısındadır. O cür şüar yazan biznes qurumları biliksiz adamlardır. Özlərini antireklam edirlər, əslində, istehlakçılar elə şüarları görəndə üz çevirib getməlidir.

- Piştaxtalarda satılmayıb qalan qidaların, xüsusilə çörəklərin aqibəti necə olur?

- Azərbaycanda satılmayan malların aqibəti çox qaranlıqdır. Dövlət orqanları monitorinq keçirib vaxtı keçmiş qidaları yığır. Qarşı tərəfi cərimə edir, akt tərtib edirlər və təhvil verirlər satıcıya ki, apar məhv elə, sonra gətir bizə göstər ki, məhv eləmişəm. Onların yararlılıq tarixi dəyişdirilib rayonlara göndərilir. Və yaxud peçenyelərin kağızı çıxarılıb paketə bükülür. Nəticədə, bu qidalar məhv edilmir və istehlakçıların zəhərlənməsinə səbəb olur. Biz bunun sübutunu apteklərdəki növbələrdən görə bilərik.

- Ölkəmizdə satılan süni uşaq qidaları sağlamlığa zərər vura bilər?

- Ölkəmizdə ana südü ilə əmizdirmək faizi (44 faiz) xarici ölkələrlə nisbətdə çox aşağıdır. AİİB artıq 15 ildir ki, ana südü ilə əmizdirmə üzrə beynəlxalq qurumun üzvüdür. Biz çalışırıq ki, Azərbaycanda ana südü ilə qidalanma faizi yuxarı qalxsın.

Ümumdünya Səhiyyə Təşkilatının ana südü ilə qidalandırmağa dair konvensiyası, rekemendasiya sənədləri var. Həmin sənədlərdə göstərilir ki, körpə qida sponsorları ilə pediatrların əlaqələri qadağan olunur. Ancaq bizə gələn məlumatlar göstərir ki, elə doğum evindəcə körpələrə süni qida verilir. Süni qida sponsorları ilə pediatrların sıx əlaqəsi var. Valideynlər övladlarının sağlam olmasını istəyirsə, uzun müddət ana südü ilə qidalandırmalıdır.

- Ölkəmizdə istehsal olunan məhsulları almağa niyə qorxuruq?

- Çox acınacaqlı haldır. Bilmirəm, Azərbaycanı bu vəziyyətdən çıxartmaq üçün nə etmək lazımdır ki, pulumuz öz ölkəmizdə qalsın. Bu məsələni həll etmək üçün 2011-ci ildə USAD ABŞ İnkişaf Agentliyi bizə müraciət edib və Azərbaycan mallarına etibarlılığın artırılması məqsədilə təlim keçib. USAD beynəlxalq təşkilatı bilir ki, istehlakçıların bizə hörməti var və qərara aldıq, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını təsis edək. 120 ölkəyə xəbər verdik ki, Azərbaycanda bu cür nişan (island) olan mallar ictimai nəzarət altındadır və əhali belə mallara etibar etsin. Çox təəssüf, Azərbaycan xalqının istehlakçı mədəniyyəti zəifdi. Azərbaycan qida mallarının təhlükəsizlik nişanı artıq 6 müəssisəyə şamil edilib. Düşünürəm ki, dövlət qurumları insanlar arasında elə bir təbliğat aparmalıdır ki, yerli mallara tələbat olsun.

Aysel Yaqubqızı / Metbuat.az

"Bizə xəstənin xəstə etdiyi gəlir, xəstə özü gəlmir" - Elnur Rüstəmov / MÜSAHİBƏ - Oxumaq üçün tıkla

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Mazolu bir gündə sağaldan

Mazolu bir gündə sağaldan

21 Avqust 2017 18:02
Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 22 avqust

Astroloji proqnoz - 22 avqust

22 Avqust 2017 00:08