Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI
Digər
26 İyul 2017 16:28

Türkiyə və Azərbaycanın Ermənistanla bağlı dünyanı qorxuya salan PLANI


Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almaq üçün aparılan danışıqlar sonuncu mərhələyə çatıb.

Publika.az xəbər verir ki, Türkiyənin keçmiş müdafiə naziri Fikri İşıq ötən həftə danışıqların “son nöqtə”də olduğunu açıqlayıb.

Dünən prezidenti Rəcəb Tayyip Ərdoğan da S-400 raket kompleksinin alınması üçün imzaların atıldığı haqda danışıb.

Lakin Türkiyənin Rusiyadan belə silah alması NATO-da ciddi narazılıq yaradıb. ABŞ-da açıq şəkildə narahatlığını dilə gətirib.

ABŞ-ın narahatlığı bir NATO ölkəsinin Rusiyadan raket sistemləri almasıdır.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar hesab edir ki, məsələ yalnız silah məsələsi deyil.

“Məsələnin hərbi tərəfindən çox siyasi tərəfi var. Bu, əslində Türkiyənin Qərb dünyası ilə münasibətlərdə çatların dərinləşməsi, Rusiya, Çin, Hindistanla münasibətlərin inkişaf etməsi deməkdir. Ümumilikdə isə dünyanın güc mərkəzinin Avropa və ABŞ-dan Asiyaya doğru dəyişdiyi görünür”, - deyə o bildirib.

Onun sözlərinə görə, Türkiyə tədricən Qərbdən asılılığını azaldır və müstəqil siyasəti gücləndirir:

“Əslində Qərb ölkələrindən Yunanıstan, Bolqarıstan və Macarıstan da Rusiyadan silah alır. Lakin onlara etiraz etmirlər, Türkiyəyə isə etiraz edirlər. Səbəb də məhz Türkiyənin müstəqil siyasətini gücləndirməsi və üzünü Asiyaya doğru çevirməsidir”.

Hələlik, Moskva və Ankara arasında danışıqlar gedir və S-400-lərin Türkiyəyə satılacağı ehtimalı böyükdür. Rusiya üçün də bu təkcə hərbi ənməkdaşlıqdan ibarət deyil. Qərb qarşısında duruş gətirməyə çalışan ruslara görə, Türkiyə “qurtuluş mənbəyi” ola bilər.

Burada diqqət çəkən digər məqam Ermənistanla bağlıdır. Belə informasiyalar var ki, Türkiyə alacağı S-400 raket komplekslərini Yunanıstan, o cümlədən, Ermənistanla sərhəddə yerləşdirəcək. Əslində raketlərin Ermənistana tuşlanması dolayısı ilə Rusiyaya da təhdiddir. Çünki Rusiya Ermənistanda hərbi gücünü artırmasının əsas səbəbi heç də ovucunun içində olan ermənilər üzərində təsirə malik olmaq yox, NATO sərhədində (Türkiyə) möhkəmlənməkdir. Görünür, Ankara ilə Moskvanın anlaşmasında Rusiyanın Türkiyənin raketləri harada yerləşdirməsinə qarışmayacağı da var. Halbuki, Türkiyənin NATO ölkələrindən raket sistemləri almasında “raketlərin yerləşdirilməsi şərti” həmişə problem olub.

Bütün hallarda raket sistemlərindən birinin Ermənistana tuşlanması Azərbaycan torpaqlarını işğal edən İrəvan üzərində ciddi təzyiq yarada bilər. Ermənistanın ən böyük qorxusu isə Türkiyənin Rusiyada alacağı S-400 divizionlardan birini Azərbaycana verə biləcəyi ehtimalıdır. Məlumatlara görə, Rusiya Türkiyəyə ilkin olaraq iki S-400 divizionu satacaq, sonrakı illərdə bunun sayı arta bilər.

S-400 Azərbaycana verilə bilərmi? Bu, hələlik kiçik ehtimal kimi görünə bilər. Lakin mümkündür ki, Türkiyə bölgənin təhlükəsizliyində rolunu artırmaq üçün S-400-lərdən birini Naxçıvana yerləşdirsin. Buna heç kim etiraz edə bilməyəcək. Dolayısı ilə Rusiya da bu məsələdə maraqlı ola bilər. Çünki Azərbaycanın Rusiya istehsalı olan S-400-ə malik olması, Moskvanın bölgədə hərbi balans siyasətinə uyğun gəlir. Yəni Ermənistana “İskəndər”lər yerləşdirən Rusiya Türkiyənin Azərbaycana S-400 verməsinə göz yumaraq, həm də balansı qorumuş ola bilər.

Bu haqda hələlik konkret nəsə demək mümkün olmasa da, yaxın gələcəkdə məsələnin aydınlaşacağı gözlənilir.

Asif Nərimanlı

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13