Vətəndaşları aldadan bir qrup vəzifəli şəxs HƏBS EDİLDİ
Ölkə
27 İyul 2017 16:34

Vətəndaşları aldadan bir qrup vəzifəli şəxs HƏBS EDİLDİ


Azərbaycan Respublikasında həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan mütərəqqi islahatların tərkib hissəsi kimi son illər əhalinin mənzilə olan ehtiyacının ödənilməsi, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülməkdədir.

Lakin buna baxmayaraq, öz şəxsi mənafelərini güdmək məqsədilə dövlətin iqtisadi-maliyyə münasibətlərinə, əhalinin sosial müdafiəsinin həyata keçirilməsi sahəsində siyasətinin nüfuzuna xələl gətirən, vətəndaşların mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədən bəzi iş adamlarının qanun qarşısında ifşa və məsuliyyətə cəlb edilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ardıcıl və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi və Baş Prokurorluğun birgə yaydığı məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyitərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında "579 SSA" MMC özəl müəssisəsinin vəzifəli şəxslərinin Agentliyin adından qanunsuz istifadə edərək dələduz hərəkətləri ilə bağlı araşdırma aparılmışdır.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində MMC-nin təsisçisi Salayev Eldar Ağaşirin oğlu və şirkətin direktoru vəzifəsində işləyən Qafarov Məhəmməd Elman oğlunun qabaqcadan əlbir olaraq öz qulluq mövqelərindən istifadə etməklə Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən tikilən binalarda mənzil satışını həyata keçirmək səlahiyyətləri olmadığına baxmayaraq, Bakı şəhər sakini Samir Məmmədova (ad, soyad şərtidir) sosial mənzil alınmasında köməklik göstərəcəklərini yalandan vəd etmişlər. İlkin ödəniş adı altında həmin vətəndaşın 5 min manat məbləğində pulunu ələ keçirmələrində, həmçinin cinayəti gizlətmək məqsədilə özləri tərəfindən təsdiq edilmiş və məzmununa bilə-bilə yalan məlumatları daxil etdikləri mənzil alqı-satqısına dair rəsmi sənədləri ona verməklə vəzifə saxtakarlığı etmələrində şübhələr üçün əsaslar yarandığından fakta görə cinayət işi başlanıb.

E.Salayev və M.Qafarov Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.3 (dələduzluq qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunmaqla, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, cinayət işinin istintaqı zamanı və həyata keçirilən operativ əməliyyat-axtarış tədbirləri ilə həmin vəzifəli şəxslər tərəfindən güzəştli şərtlərlə sosial mənzillərin satılması adı altında digər 25 nəfər vətəndaşın da əmlaklarının ələ keçirilməsi faktları müəyyən olunub.

Hazırda "579 SSA" MMC-nin vəzifəli şəxsləri tərəfindən törədilməsi ehtimal olunan digər cinayətlərin aşkar edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilməklə, qeyd edilən şəxslərin qanunazidd əməllərinə məruz qalmış vətəndaşlardan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə müraciət etmələri xahiş olunur.

Eyni zamanda, güzəştlə mənzil almaq hüququ olan vətəndaşlara tövsiyə olunur ki, bu cür neqativ hallarla rastlaşmamaları üçün Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı "ASAN xidmət" mərkəzlərində və Sumqayıt "ASAN xidmət" mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən təşkil olunmuş "Güzəştli mənzil" xidmət məntəqələrinə müraciət etsinlər.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 17 avqust

Astroloji proqnoz - 17 avqust

17 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13