İllərdir dəyişməyən 40 yaşlı İzzət Bağırov cavan qalmasının sirlərindən danışdı - FOTO
Şou-Biznes
27 İyul 2017 17:58

İllərdir dəyişməyən 40 yaşlı İzzət Bağırov cavan qalmasının sirlərindən danışdı - FOTO


"40 yaşım var, bu günə qədər dilimə nə spirtli içki, nə də ki, siqaret dəyib. İnsanı pis günə qoyan nədir? Əlbəttə ki, içki və siqaret. Ömür boyu zərərli vərdişlərdən uzaq olmuşam. Allaha bağlı olan adamam, haramı, çirkin əməlləri heç vaxt özümə yaxın buraxmamışam. Allah da bəndəsinin çirkinlikdən, haramdan uzaq olduğunu görüb ona gözəl ömür bəxş edəcək, həm də cavan saxlayacaq. Çoxları elə bilir ki, saçıma rəng qoymuşam. Allaha and olsun ki, saçıma boya qoymamışam"

Publika.az xəbər verir ki, bu sözləri məşhur müğənni İzzət Bağırov müsahibəsində deyib.

- Azərbaycanda gənclər arasından davamçınız ola biləcək birini görürsünüz?

- Bacımın qızı Almaxanım müğənnidir. Amma o, xanəndəliklə məşğul olur. Yeri gəlmişkən qeyd edim ki, Almaxanım Azərbaycanda muğam müsabiqəsində gözəl ifaları sayəsində yüksək nəticə əldə edərək qalib gəlib. Digər bacımın oğlu Tahir də müğənnidir.

- Onlara dəstək olursunuz?

- Bacardığım qədər yardım edirəm. Yaxın münasibətim olanlara təklif edirəm ki, bəzi veriliş və konsertlərdə onları da dəvət etsinlər. Amma imkan olmayanda heç kimi məcbur edə bilmərəm axı. Nə olsun ki, mən populyar ifaçıyam. Elə məqamlar var ki, onları həll etməyə mənim də gücüm çatmır.

- Artıq uzun illərdir ki, müğənni kimi fəaliyyət göstərirsiniz. Sizi hazırda Azərbaycanda gənc ifaçılar və onların oxuduğu mahnılar qane edir?

- Keyfiyyətli mahnılar oxuyanlar çoxdur, eyni zamanda bəyənmədiyim mahnılar da var. Əfsuslar olsun ki, bayağı və keyfiyyətsiz mahnı oxuyan müğənniləri dinləyənlərin sayı milyonları keçir. Bu fakt məni bir sənətçi kimi həqiqətən də narahat edir. Yüksək zövqlə yazılmış mahnıların isə dincləyicisi az olur.

- Sizcə, bunun günahı kimdədir?

- Bilmirəm. Əslində bu, bütün ölkələrdə belədir. Məsələn, “Gangam style” mahnısını mən yüksək səviyyəli iş adlandırmazdım. Halbuki, bütün dünyada birdən-birə yayıldı. Hətta o mahnı dahi bəstəkarların əsərlərindən daha yaxşı tanındı.

- Siz mahnı seçimində nəyə diqqət edirsiniz?

- Təbii ki, sözlər də, musiqi də təsirli olmalıdır. Son vaxtlarda 10, 15 il əvvəl oxuduğum mahnıların yeni versiyalarının hazırlanması ilə məşğul oluram. Çünki instaqram səhifəmə bununla bağlı çoxlu xahişlər gəlirdi. Tələbatları nəzərə alaraq bu addımı atdım. İzləyicilərimin 15 il əvvəl oxuduğum mahnıları xatırlaması mənim üçün çox qürurverici hadisədir.

- Bir qədər də şəxsi həyatınız haqqında danışaq. 3 oğul atası olmaq çətin deyil ki?

- Hər bir uşaq öz valideynini özünə örnək götürür. Ata evdə uşaqlarının yanında içki içsə, siqaret çəksə, söyüşlə danışsa, hər hansı pis hərəkət etsə, övaldı da onu təkrarlayacaq. İndiki uşaqların beyni kompüter kimidir, gördüklərini dərhal yaddaşlarına yazırlar. Mənim oğullarım evdə nə görüblərsə, onu da götürürlər. Gündəlik namazımı qılıram, oruc tuturam, bir sözlə, ibadətlə məşğul oluram. Namaz qılmağa başlayanda 3-ü də yanımda düzülüb mənimlə birlikdə dua edib, namaz qılır.

- Özünüz öyrədirsiniz?

- Vaxtım olduqca qaydaları oğullarıma öyrədirəm, amma onları heç vaxt məcbur etmirəm ki, namaz qılsınlar. Və heç vaxt istəməzdim ki, müğənni olsunlar. Yaxşı təhsil alıb həkim və digər peşə sahibləri olmasını istərdim.

- Səbəb?

- İndi sevilən və yaddaqalan müğənni olmaq çox çətindir. Nə olsun ki, kanallar çoxdur. Gənc ifaçıların çox az hissəsi uğur qazana bilir. Burada şansın da rolu var. Müğənni olmaq üçün təkcə səs lazım deyil, özünəməxsus tərzin olmalıdır. Bəziləri qalmaqalla gündəmə gəlməyə çalışır, təbii ki, bunun da ömrü az olur.

- İzzət bəy, illər keçir, amma siz heç dəyişmirsiniz. Belə cavan qalmağınızın sirri nədir?

- Heç bir sirri yoxdur, sadəcə düzgün qidalanıram. 40 yaşım var, bu günə qədər dilimə nə spirtli içki, nə də ki, siqaret dəyib. İnsanı pis günə qoyan nədir? Əlbəttə ki, içki ilə siqaret. Ömür boyu zərərli vərdişlərdən uzaq olmuşam. Allaha bağlı olan adamam, haramı çirkin əməlləri heç vaxt özümə yaxın buraxmamışam. Allah da bəndəsinin çirkinlikdən, haramdan uzaq olduğunu görüb ona gözəl ömür bəxş edəcək, həm də cavan saxlayacaq. Çoxları elə bilir ki, saçıma rəng qoymuşam. Allaha and olsun ki, saçıma boya qoymamışam.

- Kişilərin estetik əməliyyat etdirməsinə necə baxırsınız?

- Baxır nəyə. Kişilərin saç əkdirməsini çox normal qəbul edirəm. Kişinin də kompleksləri ola bilər, onları əməliyyat aradan qaldıraraq özünə olan inamını artırır. Həmçinin burnuna görə kompleks keçirən kişilərin də estetik cərraha müraciət etməsində heç bir mənfi hal görmürəm.

- Müasir tibb sayəsində insanlar bir çox qüsurları aradan qaldırır. Amma bəzən qadınlar bu imkanlardan sui-istifadə edir, özünü tamamilə dəyişdirir...

- Onlara qarışmıram, heç fikir də vermirəm.

- Sizcə, valideyn məsləhəti, yoxsa sevgi üzərində qurulan ailələr daha sağlam olur?

- Həm valideyn məsləhəti, həm də sevib evlənənlər arasında boşanma hallarına rast gəlinir. Burada iki insanın münasibətlərinin uyğunluğu böyük rol oynayır.

- Siz sevib ailə qurmusunuz?

- Bu barədə heç vaxt danışmıram, yalnız onu deyə bilərəm ki, mənim üçün həm öz qərarım, həm də valideynlərimin xeyir-duasının olması vacibdir.

- Kişilər hansı qadınlara ilk baxışda və ömürlük aşiq olur?

- Hər kişinin öz zövqü var, müxtəlifdir.

Aytən










loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08