Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar - Bakıda şok olay
Ölkə
28 İyul 2017 13:44

Həkimlər ağır xəstəni polis bölməsinin qabağına atdılar - Bakıda şok olay


Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bugünlərdə Bakıda çağırışa gedən təcili tibbi yardım stansiyasının işçilərinin sərxoş şəxslər tərəfindən döyüldüyü xəbəri yayılıb. Məlumata görə, hadisə gecə yarı paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsi Telnov küçəsində baş verib.

7 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının əməkdaşları olan həkim Aynurə Şamilzadə və feldşer Günay Həziyeva çağırış üzrə restoranların birinə gediblər. Lakin iddialara görə, tibb əməkdaşları hadisə yerində xəstənin yaxınları tərəfindən döyülüb. Tibb əməkdaşlarının mətbuata verdikləri açıqlamaya əsasən, xəstə içkinin təsirindən şok vəziyyətdə olub. Yaxınları isə onun xəstəxanaya aparılmasına qarşı çıxıb və mübahisə də bu səbəbdən baş verib.

Lakin qarşı tərəf, xəstə Salmanova Nuriyyə Elman qızı redaksiyamıza gələrək olanları təkzib edib. Şikayətçinin sözlərinə görə, həkimlərin döyülməsi tamamilə yalandır. Əksinə, xəstənin yaxınlarına təzyiq göstərilib: "İyulun 15-də restoranların birinə sünnət toyuna getmişdik. Təxminən saat 11 radələrində restorandan çıxdıq. O anda halım pisləşib, yıxılmışam. Yaxınlarım və tanışımız olan Elvin təcili tibb yardım çağırıblar. Həkimlər iki dəfə mənə iynə vurub, təzyiqimi ölçüblər. Bununla da işlərini bitmiş hesab edərək getmək istəyiblər. Lakin özümə gəlmədiyimi görüb yaxınlarım tələb ediblər ki, məni xəstəxanaya aparsınlar. Tibb əməkdaşları isə bildiriblər ki, mənim kimi xəstəni xəstəxanaya aparmaq üçün səlahiyyətləri yoxdur, qanun buna icazə vermir. Bizimkilər də vəziyyətim ağır olduğu üçün narazılıq ediblər. Lakin həkimlər dirəniblər ki, aparmayacağıq. Təsəvvür edin ki, təcili tibbi yardım maşınının sürücüsü mənə görə xərəyi düşürüb, həkimlər də buna qəzəbləniblər ki, kim sənə icazə verdi ki, xərəyi düşürəsən!".

Şikayətçinin sözlərinə görə, təcili tibbi yardım əməkdaşları mübahisə zamanı bacısı Günel Salmanovanı itələyiblər. Nəticədə bacısı qolundan ciddi xəsarət alıb: "Mübahisənin sonunda tibb əməkdaşları məni xəstəxanaya aparmağa razılaşıblar. Bu zaman bacım təcili tibbi yardım maşınında mənimlə getmək istəyib. Lakin həkimlər buna mane olub və bacımı maşından yerə itələyiblər. Bacım qolundan ciddi yara alıb, sümüyü çatlayıb. Hazırda bacımın qolu gipsdədir və bu barədə tibbi ekspertizadan keçib. Beləliklə, maşına bizim ailəmizin tanımadığı bir restoran işçisini götürərək məni xəstəxanaya aparmaq adı ilə hadisə yerini tərk ediblər".

Şikayətçi bildirib ki, həkimlər onu şok vəziyyətində xəstəxana adı ilə 34 saylı polis bölməsinin qabağına atıblar: "Məni apardıqdan sonra ailəmiz bütün xəstəxanalarda məni axtarıb. Həmin vaxt şok vəziyyətində olduğumdan olanlardan xəbərsiz olmuşam. Elə bu vəziyyətdəcə həkimlər məni xəstəxanaya aparmaqdansa polis bölməsinin qabağına atıblar. Məni ərazidəki skamyanın üstünə qoyublar. Deyilənə görə, bir neçə dəfə skamyadan yıxılmışam, yalnız polislərin köməyi ilə məni yerdən qaldırıblar. Ayılanda onu gördüm ki, polis məndən yaxınlarımın telefon nömrəsini istəyir. Təsəvvür edin ki, həkimlər mənə yardım etmək əvəzinə, köməksiz vəziyyətimdə məni aparıb 34 saylı polis bölməsinin qabağına atıb. Bu hansı qanunda, insanlıqda yazılıb?!"

Şikayətçi olayla bağlı aparılan istintaq haqda da danışıb: "Olaydan sonra bacımı və məni istintaqa çağırdılar, ekspertizadan keçdik. Elvinin isə izahatını alan kimi həbs edib 48 saatlıq cəza verildi. Daha sonra iş prokurorluğa göndərildi və Kürdəxanıda yerləşən təcridxanaya aparılaraq barəsində 3 aylıq həbs-qətimkan qərarı çıxarıldı. Hazırda Elvin heç bir günahı olmadan təcridxanadadır. Həkimlər iddia edir ki, guya döyülüb, sağ qolu sınıb. O tibb bacısının qolu necə sınıb ki, saatlarla polis bölməsində 4-5 səhifəlik izahatlar yazıb. Amma mənim bacımın qolu sındığından, o öz izahatını yaza bilmədi, yerinə mən yazdım. Yalnız imza yerinə birtəhər qol çəkə bilmişdi. Bizim ailə üzvlərimizdən heç kəs həkimlərə xəsarət yetirməyib, bu yalandır. Üstəlik, lap tutaq ki, mən içkili olmuşam, hansı qanunda yazılıb ki, həkim şok vəziyyətində olan xəstəni xəstəxana adı ilə polis bölməsinin qabağına atıb getsin?"

Qeyd edək ki, faktla bağlı Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsində araşdırma başlayıb.

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Astroloji proqnoz - 20 avqust

Astroloji proqnoz - 20 avqust

20 Avqust 2017 00:08