“Bank of Baku” maliyyə göstəricilərini açıqlayıb
İqtisadiyyat
28 İyul 2017 20:11

“Bank of Baku” maliyyə göstəricilərini açıqlayıb


Bakı. 28 iyul. REPORT.AZ/ “Bank of Baku”ASC bu ilin ikinci rübü ərzində əldə etdiyi maliyyə göstəricilərinə dair hesabatını açıqlayıb. Hesabata əsasən bankın ilin birinci yarısında faiz gəlirləri 32,2 mln. manat, faiz xərcləri isə 14,2 mln. manat təşkil edib. Nəticə etibarilə, bu dövr ərzində bankın xalis faiz gəlirləri 17,99 mln. manat həcmində olub.
"Report" xəbər verir ki, qeyd edilən rübün yekununa əsasən bankın əməliyyat mənfəəti 3,87 mln. manat, gözlənilməz digər fəaliyyətlərdən ümumi gəliri isə 2,81 mln. manat təşkil edib ki, bu da öz növbəsində mümkün zərərlərin ödənilməsi üçün ayrılan ehtiyatlar nəzərə alınmadan bankın 6,68 mln. manat həcmində mənfəət əldə etdiyini göstərir.
Bank qarşılaşa biləcəyi mümkün zərərlərin ödənilməsi üçün qeyri-işlək kreditlərə qarşı 32,72 mln. manat həcmində ehtiyat vəsait ayırıb. Bankın devalvasiyadan sonra yaranmış ümumi iqtisadi vəziyyətin fonunda geri ödəniş etməkdə çətinlik çəkən müştərilərin qeyri-işlək kreditlərinə qarşı yaratdığı ehtiyatlarının nəticəsində hesabat tarixinə 26,04 mln. manat zərəri olub. Zərər olaraq göstərilən məbləğ bankın ümumi ehtiyatlarına ayırdığı vəsaitin əsasında formalaşıb.
“Bank of Baku” aprel-iyun tarixləri arasında müştərilərinə kredit verməkdə davam edib və nəticə etibarı ilə rüb ərzində kredit portfelini 12,5 mln. manat artıraraq ümumi kredit portfelini 346,02 mln. manata çatdırıb.
Qeyd edək ki, bankın depozit portfelində fiziki və hüquqi şəxslərin tələbli depozitlərinin ümumi məbləği rüb ərzində 20,86 mln. manat həcmində artaraq, rübün yekununda ümumilikdə 57,64 mln. manat təşkil edib. Dövr ərzində fiziki və hüquqi şəxslər tərəfindən qəbul edilən müddətli depozitlər də həmçinin 12,91 mln. manat artıb və nəticə etibarilə əmanət portfeli 271,05 mln. manata yüksəlib.
Statistikaya əsasən, son 6 ay ərzində “Bank of Baku”nun bütün növ plastik kartlar üzrə ümumi dövriyyəsi 100 mln. manat həcmini ötüb. Bankın açıqladığı maliyyə hesabatına əsasən ani likvidlik əmsalı rüb ərzində 11% artaraq 194%-ə çatıb.
Hesabatın əhatə etdiyi dövrdə bankın nizamnamə kapitalının artırılması ilə bağlı mühüm qərar verilib. Belə ki, 23 iyun 2017-ci il tarixində keçirilmiş Səhmdarlarının Ümumi Yığıncağında Bankın cari nizamnamə kapitalının artırılmasına dair qərar qəbul olunub. 

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 21 avqust

Astroloji proqnoz - 21 avqust

21 Avqust 2017 00:08
Avqustun 21-nə olan

Avqustun 21-nə olan

21 Avqust 2017 00:22