Voleybolun Bakıya gəlişi ilə tarixə düşən ilklər - LAYİHƏ
Digər
29 İyul 2017 12:22

Voleybolun Bakıya gəlişi ilə tarixə düşən ilklər - LAYİHƏ


Apasport.az saytı bu gündən etibarən AFFA yanında Media Komitəsinin layihə müsabiqəsinin qaliblərindən olan “Voleybol: tarixi zəfərlər və gələcəyə baxış. Prioritetlər: Azərbaycanda voleybolun ənənələri, inkişaf mərhələləri və klub voleybolunun tənəzzülü” istiqaməti üzrə silsilə yazılara start verir. Ölkə voleybolunu daim diqqətdə saxlayan “apasport” “Azərbaycan voleybolu: Müstəqilliyin 25 ili” layihəsində məqamları oxuculara çatdıracaq.

 

İlk yazımızda voleybolun tarixi, bu idman növünün Azərbaycana gəlişi, ilk komandalar, ilk qələbələr və ilk uğurlardan söhbət açacağıq.

 

Müəllimin “övladı”

 

Bu idman növü XIX əsrin sonlarında ABŞ-da yaranıb. Massaçusets ştatının Holiok şəhərində əsası qoyulan voleybolun yaranma ili kimi 1985-ci il qəbul olunub. Kollecdə bədən tərbiyəsi müəllimi işləyən Villyam Morqan bu idman növünün atası hesab edilir. Amma daha bir, o qədər də geniş yayılmayan versiya var ki, bu oyunu amerikalı yanğınsöndürənlər fikirləşiblər. 122 yaşı olan voleybolun qaydaları bu müddət ərzində dəfələrlə dəyişdirilsə də, milyonların sevgisi azalmayıb.

 

İlk illərində okeanın o tayından populyarlıq qazanan voleybol Avropaya I dünya müharibəsi (1914-1918) ərəfəsində amerikalı hərbiçilər tərəfindən gətirilib. Müharibədən sonra isə “köhnə qitə”də bu idman növü kütləviləşməyə başlayıb. 1922-ci ildə ABŞ voleybolun Yay Olimpiya Oyunlarının proqramına salınması təklifi ilə çıxış edib. Yalnız 35 il sonra – 1957-ci ildə Beynəlxalq Olimpiya Komitəsi bu idman növünün Olimpiya proqramında yer alması barədə qərar verib. Bu qərara əsasən 1964-cü ildən Tokioda keçirilən Olimpiadada tamaşaçılar yeni növü seyr etmək imkanı qazanıblar.

 

Bakıya 91 il əvvəl gələn oyun

 

Azərbaycanın da uzun illər tərkibində olduğu SSRİ-də voleybol 1917-ci ildən sonra təşəkkül tapmağa başlayıb. Öncə Rusiya və Ukraynada voleybola maraq yaradan təbliğatçılar sonradan Qafqaz ölkələrində bu idman növünə sevgi yaradıb. Dövlət təbliğatının bir hissəsi olan bu işi Moskva teatrının artistləri, Bədən Tərbiyəsi İnstitutunun tələbələri icra edirdilər. Onlar bölgələrdə nümunəvi oyunlar keçirməklə maraq yaradırdılar.

 

Bakıya da voleybol məhz bu qonaqların sayəsində gəlib. Moskvanın İnqilab və Kamera teatrlarının artistləri 1926-cı ildə Bakıda ilk voleybol oyununu keçiriblər. Həmin il də Azərbaycan Voleybolunun yaranma tarixi kimi qəbul edilir. İlk voleybol bölməsini isə bədən tərbiyəsi təlimatçısı Nikolay Arunovun rəhbərliyi altında dəmiryol işçiləri yaradıb. Sonradan neftçilər və tələbələr də onlara qoşulublar. Bu yolla da “Qornyak”, “Dinamo”, “Kommunalnik” kimi komandalar formalaşmağa başlayıb. 1932-ci ildə isə ilk Bakı çempionatı təşkil olunub və həmin yarışın ən güclüsü adını dəmiryolçular qazanıblar.

 

İlk sınaq

 

Moskvada şəhərlərarası ilk oyunlar 1927-ci ildən təşkil olunmağa başlayıb. Artıq növbəti il voleybol Ümumittifaq Spartakiadanın proqramına salınıb. Bu turnirdən əvvəl Azərbaycan komandasının ilk sınağı baş tutub. Tiflisdə meydan sahibləri, Bakı və İrəvanın kişi voleybolçularının iştirakı ilə yarış keçirilib. Komandamız turnirin qalibi olmaqla, tarixinin ilk uğurunu qazanıb. Bu isə onlara Spartakiadada iştirak hüququ verib. Voleybolçularımız bu yarışda mükafatçılar sırasına düşə bilməyiblər.

 

İlk qələbə

 

Spartakiadadan 5 il sonra ilk SSRİ çempionatı baş tutub. 1933-cü ilin yazında 5 kişi və 5 qadın komandasının iştirakı ilə təşkil olunan yarışda Bakı da təmsil olunub. Ukraynanın Dnepropetrovsk şəhərində keçirilən ilk rəsmi yarışda qadınlardan ibarət komandamız çıxış edib. Bakı şəhər yığması Moskva, Xarkov və Dnepropetrovsk voleybolçularına eyni – 0:2 hesabı ilə uduzub. Çempionatdakı yeganə, tariximizdə ilk rəsmi qələbəni Minsk komandası (2:0) üzərində qazanan həmyerlilərimiz çempionatı 4-cü yerdə başa vurub.

 

İlk medal və debüt

 

1 ildən sonra ölkə çempionatını Moskva qəbul edib. Bu dəfə 9 kişi və 9 qadın komandası mübarizə aparıb. Xanımlarımız ikinci cəhdində ilk böyük uğuruna imza ataraq, yarışı gümüş medalla başa vurublar. Moskvaya 0:2, Xarkova 1:2 hesabı ilə uduzan voleybolçularımız Rostov, Dnepropetrovsk, Leninqrad, Qorki, Minsk və Daşkənd komandalarını hər 2 setdə məğlub ediblər.

 

1934-cü il kişi voleybolçularımızın SSRİ çempionatında debütü ilə də əlamətdar olub. Lakin komandamız 8 oyundan yalnız 4-də qalib gələrək, 6-cı yerlə kifayətlənib.

 

İlk voleybol bayramı

 

1935-ci il martın 12-dən 17-dək keçirilən 3-cü SSRİ çempionatı Azərbaycanda təşkil olunub. Paytaxt Bakının “Dinamo” İdman Zalında 12 kişi və 12 qadın komandası gücünü yoxlayıb. Ölkəmizdə keçirilən ilk voleybol yarışı kimi tarixə düşən çempionatda voleybolçular öncə qrupda, ardınca final mərhələsində mübarizə aparıblar. Qadınlar öz qrupunda yalnız Xarkovdan geri qalmaqla, ikinci olublar. Bürünc medal uğrunda matçda isə təmsilçilərimiz Tiflisə 2:1 hesabı ilə qalib gələrək, yerli azarkeşlər önündə ilk mükafatlarına yiyələniblər.

 

Kişi yığmamız da eyni nəticəyə imza atıb. Qrupda yalnız Leninqraddan geri qalan həmyerlilərimiz 3-cü yer uğrunda görüşdə Dnepropetrovsk komandasını 2:0 hesabı ilə məğlub ediblər.  

 

1936-cı ildə keçirilən SSRİ çempionatında komandalar artıq liqalara bölünüb. Qadınlar I qrupda 4-cü olmaqla, bürünc qazanmaq imkanını qaçırıblarsa, kişilər aşağı dəstədə mübarizə aparıblar. Onlar orda ikinci yerlə kifayətləniblər.

 

Liderliyin əldən getdiyi illər

 

1 illik fasilədən sonra – 1938-ci ildə keçirilən analoji yarış ilk klublararası çempionat kimi tarixə düşüb. Təəssüf ki, həmin vaxtdan Azərbaycan komandalarının çıxışlarında da fasilə yaranıb. İlk illərdən SSRİ-nin liderləri sırasında olan təmsilçilərimiz II Dünya Müharibəsinə kimi qeybə çəkiliblər. Voleybolçularımızın digər şəhərlərin yığmalarına üz tutduqları da bildirilir. Həmçinin Bakıda “Spartak” klubunun yaradılması da həmin illərə təsadüf edib. Amma bu komanda 1938-1941-ci illərdə ciddi yarışlara qatılmayıb.

 

İlk ulduzlar

 

İlk SSRİ çempionatlarında çıxış edən voleybol komandalarımızın tam heyətləri indiyə gəlib çatmasa da, aparıcı oyunçularımızın kimliyi bəllidi. Bunu 1934-cü ildə keçirilən Nümunəvi Oyunlara əsasən deməm mümkündü. Həmin ilk SSRİ voleybolunun aşkar lideri olan Moskva voleybolçuları ilə yerdə qalan komandaların yığması arasında matçlar baş tutub. Bakı təmsilçilərindən kişilərin komandasında M. Leqenki, qadınlardan ibarət yığmada isə T. Fomina yer alıblar. Bu səbəbdən də həmin oyunçuları ilk ulduzlarımız kimi qəbul etmək olar. Onlar öz çıxışları ilə növbəti illərdə də diqqət mərkəzinə düşüblər. Bu voleybolçulardan fərqli, yığmaya düşməyən Böyükkişi Muradov və İvan Dyaçkov da bu idman növünün yüksəlişində rolu olan oyunçular hesab edilir.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 16 avqust

Astroloji proqnoz - 16 avqust

16 Avqust 2017 00:13
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13