Azərbaycan işıq gələn yolu seçib: muzdlu "dostlar"ın sahibləri pərişan qalıb
İqtisadiyyat
29 İyul 2017 12:34

Azərbaycan işıq gələn yolu seçib: muzdlu "dostlar"ın sahibləri pərişan qalıb


Sosial siyasət, yəni "Social policy"  Azərbaycanda dövlətin cəmiyyətdəki sosial proseslərə inzibati, büdcə və qanunverici vasitələrlə təsiridir.

Ölkə iqtisadiyyatının dayanıqlı olmasını da məhz cəmiyyətin bütün üzvlərinin stabil sosial yaşamının təminatı, onların həyatlarının pərişanlıq və ümidsizlikdən tam olmasa da, əhəmiyyətli dərəcədə xali durumu şərtləndirir.

İnkişaf səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdə iqtisadi yüksəlişin və tərəqqinin sosial amilli inkişafın əsas şərti, habelə daxili stabilliyin rəhnidir.

Azərbaycanda belədir.

Fəqət, tənqidçilər də var və onlar deyirlər: "İşsizlik çoxdur, dünya bazarlarında enerjidaşıyıcılarının ucuzlaşması ölkəmizə çox pis təsir edib, sosial layihələr həyata keçirilmir" və s.

Gerçəkdən belədirmi?

Doğrudanmı Azərbaycanda sosial siyasət həmin tənqidçilərin, hakimiyyətin yürütdüyü siyasətə əbədi və daimi müxalifətdə olanların söylədikləri kimidir?

Xeyr və nə yazıqlar olsun ki, tənqidlər korporativ maraqlara, sərhədlərimizdən kənardan alınan sifarişlərə, ən yaxşı halda eqoya və ya məlumatsızlığa əsaslanır.

Azərbaycanda sosial siyasətin rəhnində cəmiyyətdəki sosial qruplar arasında, həmin qrupların daxilində münaqişəsiz münasibətlərin və hər vətəndaşın sosial rifahının minimum səviyyəsinin, müəssisələrdə, qurumlarda və şirkətlərdə çalışanların onların iqtisadi fəaliyyətlərinin effektivliyinin artırılmasında marağının təminatıdır.

Azad bazar iqtisadiyyatının fəsadlarından və qaçılmaz sonuclarından olan gəlir fərqləri, vətəndaşların sosial və iqtisadi durumları arasındakı uyğunsuzluqlar, maddi nemətlərin paylaşılmasında qeyri-bərabərlik istənilən dövlətin, o cümlədən Azərbaycanın sosial-iqtisadi inkişafındakı daimi amillərdir.

Nədən ki, iqtisadiyyatda həmişə bu sosial problemlər var:

1. Nemətlərin sosial ədalət əsasında paylaşdırılmasını necə təmin etməli?

2. İnsanların sosial tələblərini necə reallaşdırmalı?

3. Vətəndaşların rifah səviyyəsinin artmasının iqtisadiyyatın effektivliyinin artımı ilə necə uyğunlaşdırmalı?

Sadaladığımız problemlərin həlli cəmiyyətin inkişafının səciyyəsini və yolunu, onun sosial dayanıqlılıq və uğurlarını şərtləndlirir. Sosial səbatlılıq və rifah əslində sosial yönümlü iqtisadiyyatın əsas məcazlarıdır.

Azərbaycandakı sosial iqtisadiyyatın əsas prinsiplərinə gəldikdə isə, onlar belədir:

1. Cəmiyyətin bütün üzvlərin keyfiyyətli, effektiv sosial təminat və yardım sisteminin yaradılması

2. gənclər üçün təhsil, səhiyyə sahəsində bərabər ilkin imkanların, habelə insan potensialının formalaşması üçün digər şəraitin yaradılması

3.  yaşamın normal səviyyəsini təmin edən istehlak və xidmətin əsas nəsnələrinə əhalinin bərabər, tam əlçatanlığının təminatı

4. Vətəndaşların gəlirləri arasında ifrat differensialaşmanı qarşısının alınması.

Azərbaycanda həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub.

Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilib. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunub və icra edilib.

Son 14 ildə işsizlik və yoxsulluq 5 faizə düşüb.

Ölkədə minlərlə yeni müəssisə yaradılıb, 1.5 milyondan artıq yeni iş yeri açılıb.

Üç mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikilmiş və ya əsaslı şəkildə təmir edilib.

Bölgələrdə 40-dan çox Olimpiya İdman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilib.

Şəhər və rayonlarda Heydər Əliyev Mərkəzi, Gənclər Evi, Tarix Diyarşünaslıq Muzeyi, digər çoxsaylı sosial və mədəni obyektlər tikilərək əhalinin istifadəsinə verilib, yeni parklar, istirahət mərkəzləri yaradılıb və s. tədbirlər həyata keçirilib.

Sovet dövründən qalmış əmanətlər əhaliyə qaytarılıb.

Ölkə əhalisinin bütün kommunal problemləri həll olunub. 2400 meqavat istehsal gücü olan 26 elektrik stansiyası tikilib, ölkənin enerji təhlükəsizliyi tam təmin edilib. Qazlaşdırma 51 faiz səviyyəsindən 92 faizə qalxıb, ölkə ərazisi, hətta sovet dövründə qaz verilməyən yaşayış məntəqələri qazlaşdırılıb. 11 min kilometrdən çox avtomobil yolu tikilib, təkcə magistral və şəhərlərarası yollar deyil, həmçinin kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub;

Regionlardan Bakıya yeni su xətti çəkilib, paytaxtın fasiləsiz su təminatı 80 faizə çatıb. Həmçinin regionlarda modul tipli sutəmizləyici qurğular quraşdırılmış, əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb.

Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülüb, yüz minlərlə hektar torpaq dövriyyəyə buraxılıb. Dörd su anbarı - Taxtaköprü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək istifadəyə verilib. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində 400 mindən artıq vətəndaş işlə təmin olunub.

Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərlə kreditlər verilib, bunun hesabına yeni istehsal sahələri, çoxsaylı iş yerləri yaradılıb.

Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmiş, 200 mindən çox məcburi köçkün yeni müasir mənzillərlə təmin edilib, ölkədə bütün çadır şəhərcikləri ləğv olunub.

Azərbaycanda turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilib, çoxlu sayda 5 ulduzlu otellər də daxil olmaqla 300-dən çox mehmanxana tikilib.

Bölgələrdə 6 hava limanı tikilib, Heydər Əliyev beynəlxalq aeroportunun yeni terminalı istifadəyə verilib.

Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılıb, ölkədə sosial evlərin inşası ilə bağlı böyük layihənin icrasına başlanıb, bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılıb. Bakının köhnə, istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilib.

Müharibə iştirakçıları, şəhid ailələri, əlillər, hərbçilər, alimlər, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məişət problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilib.

Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsi, sosial problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir.

Bütün bunlar postsovet məkanı ölkələrindən fərqli olaraq Azərbaycanın sərt yox, yumşaq sosial siyasətin effektiv modelini seçdiyinə dəlalət edir.

Sərt sosial siyasət sahibkarlıq fəaliyyətinin stimullaşdırılması üçün gəlirlərin aşağı salınmasını, sosial sığorta müavinətlərinin alınması üçün tələblərin sərtləşdirilməsini, sosial müavinətlərin və maaşların qiymətlərin inflyasiya artımından qorunması üçün ödənişlərin indeksasiyasının dondurulmasını ehtiva edir.

Belə sosial siyasət əslində dövlət büdcəsindən sosial xərclərə ayırmaların əhəmiyyətli dərəcədə azaldılması ilə müşayiət olunur.

Çünki sərt sosial siyasətin fəsadları yoxsulluq həddindən aşağı yaşayanlarının sayının sürəkli və sürətli artımı, sosial gərginliyi yüksəlməsi, habelə əhalinin "aşağı durğunluq qatı"nın formalaşmasıdır.

Azərbaycan "dost"ların belə məsləhətlərinin nə qədər zərərli olduğunu çoxdan anladığından fərqli yolu, yəni yumşaq sosial siyasəti seçib.

Belə siyasət dövlətin sosial proqramlarının sayının və miqyasının artımını, bu proqramların maliyyələşdirilməsi və ən başlıcası, vətəndaşların gəlirlərinin artırılması, sosial ədalətin təmin edilməsi üçün dövlət büdcəsinə vergi daxilolmalarının artırılmasını ehtiva edir.

Belədə ümumi daxili məhsul və sənaye istehsalı da sabitləşir, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun güclənməsinə zəruri şərait yaradılır.

... Azərbaycan sosial rifahın "işıq gələn" tərəfini seçib, üzdəniraq "dost"ların məsləhətlərinin isə kökündə nələr durduğunu vətəndaşlarımız çoxdan anlayıb.

Elçin Alıoğlu
Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

süd nə üçün  daşır?

süd nə üçün daşır?

19 Avqust 2017 12:22
Astroloji proqnoz - 19 avqust

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13