İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL
Ölkə
29 İyul 2017 14:44

İstehlakçılara şad xəbər: qiymətlər enəcək - AKTUAL


Azərbaycan 1997-ci ildən Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmaqla bağlı müraciət etsə də, gedən proseslər onu deməyə əsas verir ki, hələlik təşkilatın bərabərhüquqlu üzvü olmağa tələsmir. Bu fonda da hələlik, Bakı prosesdə müşahidəçi qismində çıxış edir. Bəs ÜTT-yə üzv olmaq Azərbaycana nə vəd edir? Görəsən xarici ölkə məhsullarının Azərbaycana axması ilə rəqabətə davamsız yerli istehsal məhsulları sıradan çıxmayacaq ki?

Milli.Az xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov yenicag.az-a açıqlamasında qeyd etdi ki, Ümumdünya Ticarət Təşkilatına üzv olmaq Azərbaycan üçün vacibdir:

"Hazırda Azərbaycan ÜTT-də müşahidəçi statusunda təmsil olunur. Bu mənada həmin statusun üzvlüklə əvəzlənməsi vacibdir. ÜTT qlobal dünya ticarətinin təxminən 97 faizini idarə edir. Yəni kifayət qədər böyük ticarət məhz ÜTT-yə üzv olan ölkələr tərəfindən yönləndirilir. Azərbaycanın sözügedən təşkilatdan kənarda qalması ölkəmizin xüsusən də qeyri-neft sektoru üzrə ixrac imkanlarına mənfi təsir göstərir. Çünki ÜTT-yə üzv olmaq artıq kifayət qədər böyük dövriyyəsi olan bazarlara çıxış imkanı deməkdir. Ona görə də ora üzvlük ölkəmizin böyük bazarlara qeyri-neft məhsulları çıxara bilməsinə imkan yaradar. Eyni zamanda quruma daxil olmaq Azərbaycan standartlarının beynəlxalq səviyyəyə uyğunlaşmasına səbəb ola bilər. Nəticə etibarı ilə bu Azərbaycanda fəaliyyət göstərən şirkətlərin artıq beynəlxalq standartlara uyğun olaraq məhsul istehsal etməklə onu dünya bazarlarına çıxara bilmələrinə səbəb olacaq. ÜTT üzvlüyünün digər müsbət tərəfi də ondan ibarətdir ki, orada olmaq həm də Azərbaycan iqtisadiyyatına, qeyri-neft sektoruna inamın yaranmasına gətirib çıxaracaq. Çünki ÜTT-yə üzvlük bir inam məsələsidir.

Ölkənin qeyri-neft sektoruna daha böyük şirkətlərin cəlb edilməsi baxımından da ÜTT-yə üzv olmaq olduqca vacibdir. Nəzərə alaq ki, MDB ölkələrinin əksəriyyəti artıq orada təmsil olunur. Rusiya, Ukrayna və Qazaxıstan kimi MDB-də nisbətən iri iqtisadiyyata malik ölkələr də artıq ÜTT-də təmsil olunurlar. ÜTT-yə üzvlüyün digər vacib tərəfi ondan ibarətdir ki, ora üzv olan ölkə ilk dövrlər müəyyən güzəşt müddəti əldə edir. Məsələn, Rusiyaya üzvlükdən sonra məhsullarını beynəlxalq standartlara uyğunlaşdırmaq üçün 7 il vaxt verdilər. Bu müddət ərzində şimal ölkəsi öz iqtisadiyyat və daxili bazarını ÜTT-ə şərtlərinə uyğunlaşdırdı. O baxımdan, Azərbaycan da ÜTT-yə üzv olduqdan sonra o da azı 5 və ya 7 illik güzəşt müddətinə malik olacaq. Müddətin müəyyənləşməsi də adətən, danışıqlardan asılıdır. Bu güzəşt müddəti də nəticə etibarı ilə imkan verəcək ki, Azərbaycan öz daxili bazarını qorusun və buradakı rəqabət nəticəsində yerli şirkətlərin müflisləşməsinin qarşısını alsın. Yəni ÜTT-yə üzv olduqdan sonra şərtlər dərhal deyil, müəyyən güzəşt müddətindən sonra tətbiq edildiyindən, ölkə daxili bazarını qorumaq imkanına malik olacaq".

V. Bayramov onu da qeyd etdi ki, ÜTT-yə üzv olmağımız daxili bazarda qiymətlərin ucuzlaşmasına da təsir göstərəcək:

"ÜTT üzvlüyündən udan tərəf istehlakçıdır. Ora üzv olan ölkələrin təcrübəsi göstərir ki, bu addımın atılmasından sonra həmin dövlətlərdə məhsulların qiymətlərində enmələr baş verir. Çünki rəqabət artır və bu proses də qiymətlərin düşməsinə həlledici təsir göstərən amildir. ÜTT-yə üzv olmaqla Azərbaycan bazarında qiymətlərin aşağı düşəcəyi gözlənilir".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

TOP XƏBƏRLƏR

Astroloji proqnoz - 18 avqust

Astroloji proqnoz - 18 avqust

18 Avqust 2017 00:08
Avqustun 21-ə HAZIR OLUN

Avqustun 21-ə HAZIR OLUN

14 Avqust 2017 10:13