“Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Maraqlı TƏKLİF
Ölkə
10 Avqust 2017 15:24

“Gündəliklər ləğv edilsin, elektron xidmətlərə keçilsin!” - Maraqlı TƏKLİF


Gələcəyimiz təhsildən, təhsilimiz isə bir çox vacib amillərlə yanaşı, həm də dərsliklərin və tədris vəsaitlərinin keyfiyyətindən asılıdır. Bu baxımdan məktəbli kitabçalarının da önəmini vurğulamaq lazımdır. Zaman-zaman kitabçalarla bağlı müxtəlif narazılıqların, iradların olduğunu görürük.

Maraqlıdır, məktəbli kitabçalarının standartları əslində necə olmalıdır? 

"Bu gün valideynlərin əksəriyyəti məktəbli kitabçalarından istifadə etmirlər"

Milli.Az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov modern.az-a açıqlamasında bildirib ki, Azərbaycan orta və ümumtəhsil məktəblərində məktəbli kitabçaları, ümumiyyətlə, istifadə olunmamalıdır:

"Bu, elektron xidmətlərlə həyata keçirilməlidir. Bu gün Azərbaycanda demək olar ki, bütün vətəndaşların mobil telefonları var. Artıq elektron jurnallardan istifadə olunur. Şagirdlərin istər dərsə davamiyyəti, istərsə də dərsə cavab verməsi elektron lövhədə qeyd olunmalı və avtomatik olaraq valideynin mobil telefonuna və yaxud elekton poçtuna digər qaynaqlarla birbaşa çatdırılmalıdır.

Təəssüflər olsun ki, bu gün valideynlərimizin böyük əksəriyyəti məktəbli kitabçaları, yəni bizim "gündəlik" dediyimiz vəsaiti istifadə etmirlər. Müəllimlərin bir çoxunun da kitabçalardakı qeydləri qənaətbəxş deyil. Çünki bilirsiniz ki, kurrikulumda qiymətləndirmə yoxdur. Biz artıq, şagirdin istər 5 ballıq, istərsə də 10 ballıq şkalada qiymət aldığına öyrəşmişik.. Lakin şagirdlərin dərsə hazırlığı, davamiyyəti, onların biliklərinin qiymətləndirilməsi elektron lövhələr vasitəsilə həyata keçirilməli və bununla bağlı valideynlər xəbərdar edilməlidir".

"Məktəbli kitabçası hələ də sovetlərdən qalmış standartlarla formalaşdırılır "

Ekspert hazırkı məktəbli kitabçalarının düzgün standartlarından  söz açıb:

"Hazırda məktəbli kitabçalarındakı informasiyalar şagirdlərin yaş kateqoriyasına uyğun deyil. Bəzi hallarda reklam materiallarından istifadə olunur. Yaxşı olardı ki, məktəbli kitabçalarında şagirdlərin ilkin tibbi yardımı, bu və ya digər etik davranış qaydaları, qanunvericilik, yol hərəkəti  qaydaları haqqında məlumatlar yerləşdirilsin. Hesab edirəm ki, ümumilikdə dünya təcrübəsindən istifadə etmək lazımdır. Məsələn, İngiltərə və ya Fransada bu məsələ tamam başqa formatda tətbiq olunur. Amma bizdə təəssüflər olsun ki, məktəbli kitabçası hələ də sovetlərdən qalmış standartlar və prinsiplər şəraitində formalaşdırılır və hazırlanır".

"Elektron lövhələr tətbiq etmək lazımdır"

K.Əsədov yeni tədris ilində elektron lövhələrin tətbiq edilmə ehtimalından da danışıb:

"Bilirsiniz, bəzi məktəblərdə elektron lövhələr istifadəyə verilib, amma həyata keçirilmir. 2011-ci ildən bu günə qədər dövlət büdcəsindən kifayət qədər böyük məbləğdə vəsait ayrılıb ki, elektron jurnallar yaradılsın. Bu çox sadə və qısa müddətdə həyata keçirilməsi mümkün olan proqramdır. Sadəcə olaraq valideynlər məktəblərdə yaradılmış elektron resurslardan qeydiyyatdan keçmirlər. Halbuki, bu cür sistemin tətbiqi vaxt itkisinin minimuma endirilməsinə, kağız daşıyıcılarına mümkün qədər qənaət edilməsinə səbəb olur. Sabah da hər hansı hesabat lazım olanda bütün jurnalı və ya kitabçaları götürüb vərəqləməyə ehtiyac yoxdur.  Nəticə olaraq növbəti tədris ilində elektron lövhələrdən Azərbaycanda fəaliyyət göstərən  4457  ümumtəhsil məktəblərinin hamısında tətbiq olunmalıdır".

Milli.Az

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR