Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti: "İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq"
İdman
10 Avqust 2017 16:26

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti: "İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq"


Bakı. 10 avqust. REPORT.AZ/ “Gecikmiş maaşların ödənilməsi prosesinə başlanılıb. Artıq 4-5 ayın pulları verilib. İlin sonuna qədər mərhələli şəkildə bütün borclar bağlanacaq”. Bunu “Report”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov güləşçilərə gecikmiş maaşların ödənilməsinə münasibət bildirərkən deyib.
Federasiya rəsmisi borcların müddəti və məbləği barədə ətraflı məlumatı olmadığını söyləyib: “Detalları mühasibatlıqdan öyrənmək olar. Çünki maaşların məbləği fərqlidir. Açığı, indiyə qədər maliyyə məsələləri ilə məşğul olmamışam. Sadəcə olaraq, indi mövcud vəziyyətlə əlaqədar danışmalı oluram. Kimin nə qədər və neçə ay alacağı olduğunu bilmirəm”.
E.Cəfərov bildirib ki, Azərbaycanın güləş yığmasının üzvlərinin iyulun 28-də əmək haqqlarının və mükafatlarının ödənilməməsini, eləcə də Azərbaycan Güləş Federasiyası tərəfindən təlim-məşq toplanışı keçmək üçün şərait yaradılmadığını əsas gətirərək, etiraz aksiyası keçirmələrinə görə heç kim milli komandadan kənarlaşdırılmayıb: “Heç kim yığmadan kənarlaşdırılmayıb. Hazırda hər şey yaxşıdır. Qarşıdan gələn dünya çempionatına hazırlığı yekunlaşdırmaq üzrəyik. Aksiyada iştirak edən güləşçilərdən kiminsə dünya çempionatına aparılmamasından söhbət belə gedə bilməz. Həmin hadisəyə görə heç kimə gözün üstündə qaşın var deyən yoxdur. Zədəlilər olmasa, yarışda tam heyətlə çıxış edəcəyik”.
Qeyd edək ki, yunan-Roma və sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandalar məşqlərini Olimpiya Güləş Mərkəzində, qadın güləşçilər isə Ukraynanın Kiyev şəhərində Konça Zaspa təlim-məşq bazasında davam etdirir.
Yunan-Roma güləşi yığmasının təlim-məşq toplanışı avqustun 3-dən başlayıb və çempionata yola düşənə qədər davam edəcək. Avqustun 7-dən Ukraynaya yollanan qadın güləşçiləri isə ayın 21-dək bu ölkənin milli komandası ilə birgə hazırlıqları davam etdirəcək. Sərbəst güləşçilərin təlim-məşq toplanışı avqustun 6-dan başlayıb və 20-də yekunlaşacaq.
Dünya çempionatı 21 - 26 avqust tarixlərində Fransanın paytaxtı Paris şəhərində başa tutacaq. Proqrama əsasən, 21 - 22 avqustda yunan-Roma, 23 -24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. Sərbəst güləşçilər isə avqustun 25 - 26-da xalça üzərinə çıxacaqlar.

loading...

OXŞAR XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR


TOP XƏBƏRLƏR